RU

“Əl-Ərəbiyyə”yə müsahibə: Azərbaycanın prinsipial mövqeyinin ifadəsi - RƏY

Prezident İlham Əliyev "Əl-Ərəbiyyə" telekanalına verdiyi müsahibə zamanı Azərbaycan və Ermənistan arasındakı sülh müqaviləsi məsələsinə də toxundu.

Bu barədə Trend-ə politoloq Samir Hümbətov deyib.

"Prezident İlham Əliyev Ermənistan cəmiyyətinə mesaj verdi ki, Paşinyan adminstrasiyasının aldığı qərarın axıra kimi həyata keçirilməsi Ermənistanın faydasına olacaq haldır. Xüsusilə də Vaşinqtonda əldə olunan razılaşmalarla bağlı ölkə başçısının daha nikbin şəkildə danışması ondan xəbər verir ki, ölkələrimiz arasındakı strateji əməkdaşlıq anlaşmasına və Azərbaycanla Ermənistan arasındakı sülh müqaviləsinə verə biləcəyi töhfələri bilir", - o əlavə edib.

"Burada əldə edilən imkanlar təkcə Azərbaycan üçün deyil, həm də Ermənistan üçündür. Düşünürəm ki, Ermənistanla sülh müqaviləsinin imzalanması məsələsində Prezident İlham Əliyevin son müsahibəsi Ermənistan tərəfinə bir mesaj oldu ki, bu məsələdə addım atan zaman diqqətli olsunlar. Xüsusilə bir ay sonra Ermənistanda parlament seçkiləri keçiriləcək və həm də gündəmdə konstitusiya məsələsi var.

Ölkə başçısı ona da toxundu ki, Ermənistan cəmiyyəti bu istiqamətdə addım atarkən düşünməlidir. Əgər Paşinyan adminstrasiyasının hakimiyyəti davam edəcəksə, bu, yaxın zamanda Ermənistanın Azərbaycanla sülh müqaviləsinə imza atmasına şərait yarada biləcək. Bu da gələcəkdə regiona sülh gətirə bilər və münasibətlərin qurulmasına təkan verə bilər.

Mən düşünürəm ki, Prezident İlham Əliyevin söylədiyi fikirlərin arxa planında əsas məğzi bunlar təşkil edir. O baxımdan, düşünürəm ki, ölkə başçısının son verdiyi müsahibə ilə bir sıra istiqamətdə verdiyi mesajlar Azərbaycanın gələcək strateji vizyonunun istiqamətini müəyyənləşdirir".

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri Xəyal Bəşirov Trend-ə bildirib ki, Prezident İlham Əliyev müsahibəsində sülh prosesində Azərbaycanın əsas və prinsipial mövqeyini bir daha diqqətə çatdırıb:

"Ermənistanla bağlı məsələlərdə Azərbaycan Prezidenti sülh prosesi ilə yanaşı, paralel şəkildə aparılan nəqliyyat və iqtisadi kommunikasiyaların bərpası, xüsusilə də Zəngəzur Dəhlizinin açılması məsələsinə toxundu.

Ölkə başçısı həmin məsələyə münasibətində bildirdi ki, bu dəhliz təkcə Azərbaycan dövlətinin və xalqının mənafelərinə xidmət etməyəcək. Bu dəhliz Azərbaycanın əsas hissəsi ilə Naxçıvanın birləşdirilməsini, gediş-gəlişin təmin edilməsini nəzərdə tutur.

Prezident İlham Əliyev Ermənistanın bu yoldan dividend alması ilə yanaşı, həm də onu vurğulayır ki, dəhliz bütün regiona əbədi və dayanıqlı sülh gətirəcək. Regionun təhlükəsizliyi bu dəhlizdən istifadə edən bütün ölkələrin də marağında olacaq. Bu gün Cənubi Qafqaz regionu Zəngəzur Dəhlizinin açılmasına heç olmadığı qədər yaxındır. Azərbaycan tərəfi Ermənistana və prosesdə iştirak etmək istəyən tərəflərə bir daha mesaj verdi ki, Azərbaycanın mövqeyində heç bir dəyişiklik yoxdur".

Избранный
6
1
day.az

2Источники