RU

ŞƏT-in yekun bəyanatında Ukraynadan bir söz də danışılmadı...


Azər Həsrət: “ŞƏT bununla göstərmiş oldu ki, qlobal məsuliyyətin altına girəcək bir durumda deyil”

Çinin Tiencin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Dövlət Başçıları Şurasının 25-ci iclasında 20 sənəd imzalanıb.

Dövlət və hökumət başçıları Tiencin Bəyannaməsini imzalayıblar.

İmzalanan sənədlər arasında 2035-ci ilə qədər İnkişaf Strategiyası, təşkilata üzv dövlətlərin 2026-2030-cu illər üçün ŞƏT məkanında ekstremist ideologiyaya qarşı mübarizə üzrə Əməkdaşlıq Proqramı, 2030-cu ilə qədər Enerji Əməkdaşlığının İnkişafı Strategiyasının həyata keçirilməsinə dair Yol Xəritəsi və digər bəyanatlar öz əksini tapıb.

Ancaq ən təəccüblüsü o oldu ki, ŞƏT sammitinin yekun bəyannaməsində Ukraynanın adı belə çəkilməyib. Ukrayna ilə bağlı bir kəlmə belə öz əksini tapmayıb.Ukrayna Xarici İşlər nazirliyi ŞƏT ölkələrinin Çində keçirilən sammitdəki yekun bəyanatında Donbassdakı münaqişənin qeyd edilməməsinə təəccüblənib. Qurum “İkinci Dünya müharibəsindən sonra Avropada baş verən ən böyük təcavüzkar müharibə” dən bəhs edilməməsini “təəccüblü” adlandırıb.

Bir sözlə, İkinci Dünya müharibəsindən sonra dünyanın ən böyük müharibəsi hesab edilən Ukrayna müharibəsi ilə bağlı yekun bəyanatda bir kəlmənin də öz əksini tapmaması nə deməkdir? Bu, nə feməkdir?

“Belə məsuliyyətsizliyin altında Azərbaycanın da imzasınınolması ölkəmizin imicinə zərər verə bilərdi”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən siyasi şərhçi Azər Həsrətin fikrincə, ŞƏT dünya əhalisinin az qala yarısını əhatə edən bir coğrafiyada fəaliyyət göstərir: “Dünya əhalisinin 40 faizindən çoxu bu təşkilata üzv ölkələrdə yaşayır: “Çin öndə getməklə bu təşkilat böyük iqtisadiyyata malikdir. Hindistanın, nə qədər zəifləmiş olsa da Rusiyanın ŞƏT-də təmsil olunması təşkilatın gücünün göstəricisidir. Təbii ki, belə bir təşkilatın əslinə qalanda dünyanın taleyinə biganə olmadığını göstərmək üçün yaxşı fürsət əldə etmişdi. Ancaq göründüyü kimi, o fürsətdən istifadə edilmədi. ŞƏT yekun sənədlərində Ukrayna müharibəsi barədə bir kəlmə də yazmamaqla göstərmiş oldu ki, qlobal məsuliyyətin altına girəcək bir durumda deyil. Yəni əslinə qalanda bu qurum qlobal məsuliyyətin altına girə bilərdi, xoş məram nümayiş etdirə bilərdi, ŞƏT üzvü olan Rusiyaya çağırış edə bilərdi. Bütün bunlardan sonra hətta Rusiya da xoş məram nümayiş etdirərək belə bir bəndin olmasına qarşı çıxmaya bilərdi. Bu zaman ŞƏT dünyanın böyük gücləri tərəfindən təqdir görmüş olardı. Ancaq əfsuslar olsun ki, ŞƏT Ukrayna müharibəsinin üzərindən sükutla keçdi. Bu, təşkilatın imicinə böyük zərbə oldu. Bununla əslində müharibəni təşviq etmiş oldular. Təcavüzkar Rusiyanın yanında olmuş oldular. Əlbəttə ki, dünya ictimaiyyəti ŞƏT-in bu dişsizliyinin layiqli qiymətini verəcək. Bunun fonunda Azərbaycanın o quruma üzvlüyünün əngəllənməsi əslində bizim xeyrimizədir. Çünki belə məsuliyyətsizliyin altında Azərbaycanın da imzasınınolması ölkəmizin imicinə zərər verə bilərdi. Ona görə ki, Azərbaycan dövləti Ukraynanın ərazi bütövlüyündən yanadır. Həmçinin Rusiyanın təcavüzkar olduğunu qəbul edir. Belə bir şəraitdə təbii ki, orada imzalanan sənədlər altında Azərbaycan Prezidentinin də imzasının olması heç də bizim xeyrimizə olmayacaqdı. Yəni “hər şeydə bir xeyir var” deyirik. Bu baxımdan Hindistanın Azərbaycanın ŞƏT-ə üzv olmasını əngəlləməsi bizim xeyrimizə oldu”.

Vidadi ORDAHALLI

Избранный
106
baki-xeber.com

1Источники