İran və Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) rəsmilərinin Vyanada yeni əməkdaşlıq modelini müəyyən etmək üçün ekspertlər səviyyəsində bir araya gələcəyi bildirilib.
İran dövlət televiziyasına açıqlama verən İranın Birləşmiş Millətlər Təşkilatı (BMT) Vyana Ofisi yanında Daimi Nümayəndəsi Rza Nəcəfi bildirib ki, Tehran heyəti ilə MAQATE rəsmiləri arasında yeni görüş turu başlayıb.
Nəcəfi qeyd edib ki, görüş məclis tərəfindən təsdiqlənmiş və MAQATE ilə əməkdaşlığı müvəqqəti dayandırmağı nəzərdə tutan qanun çərçivəsində yeni şərtlər altında əməkdaşlığın müəyyənləşdirilməsi məqsədilə keçiriləcək: “Bu görüşlər İran ilə Beynəlxalq Atom Enerjisi Agentliyi arasındakı yeni əməkdaşlıq modelini müəyyən edəcək və ekspertlər səviyyəsində keçiriləcək”.
İran Məclisinin 26 iyun tarixində qəbul etdiyi və Konstitusiyanı Müdafiə Şurası tərəfindən təsdiqlənən qanun hökuməti MAQATE ilə əməkdaşlığı dayandırmağa, müfəttişlərin girişini qadağan etməyə məcbur etmiş və yalnız İranın nüvə hüquqları tanınıb təhlükəsizlik zəmanətləri təmin edildikdə Milli Təhlükəsizlik Ali Şurasının razılığı ilə qüvvəyə minəcək şəkildə tənzimlənmişdi.
Bu çərçivədə İran MAQATE ilə yeni əməkdaşlıq modeli barədə danışıqlar aparır.