RU

İftixar Piriyev - 65...


Teatr, kino, mədəniyyət adamı olmaq sözün həqiqi mənasında çətindir, bunun üçün, təbii ki, insandafitri istedad olmalıdır. Fitri istedadı cilalamağa görə isə sevgi, təmənnasız istək, əzmkarlıq və fədakarlıq, dayanmadan işləmək, zəhmətlərə qatlaşmaq lazımdır. Haqqında danışacağımız tanınmış sənətkar, teatr, kino, söz adamı fitri istedadının, Tanrının ona bəxş etdiyi bu keyfiyyətin işığında hədəflərinə çatıb, məqsədinə nail olub, sadə dildə desək, arzularına qovuşub.

Bəlkə də heç ağlına gəlməzdi ki, bir gün xəyallarında canlandırdığı teatrın içində olacaq, obrazlar yaradacaq, tamaşa qoyacaq, filmlərdə oynayacaq, özü ssenari yazacaq, qələmindən çıxan əsərlər səhnənin, kinonun, ədəbiyyatın malı olacaq, seviləcək, qəbul olunacaq. Amma bir gün bunlar gerçək oldu. İnsan zəhmət çəkirsə mütləq bir gün onun bəhrəsini görür. İftixar Piriyev Azərbaycan teatr sənətində özünəməxsus yeri, çəkisi olansənətkardır. İ.Piriyev 25 ildir ki, İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktorudur. Fədakarlıqla böyük ənənələri olan bu teatra rəhbərlik edir. İrəvan Teatrının xalqımız üçün dəyəri çox yüksəkdir və bu teatrın yaşamasında, inkişafında teatrın fədakar kollektivinin də, onlara rəhbərlik edən İ.Piriyevin də böyük əməyi var.

Teart səhnəsində öz sözünü deyən İ.Piriyevin saysız rolları içində bir obraz da var ki, o, ona aktyor kimi böyük şöhrət gətirdi. Bu da İrəvan Teatrının hazırladığı “Xilaskar” tamaşasında İftixar Piriyevin Heydər Əliyevin obrazını yaratmasıdır.

Tamaşa və İftixar Piriyevin yaratdığı obraz barədə tanınmış dramaturq-yazıçı Əli Əmirli belə yazır: “... İrəvan teatrının monumental üslubda hazırlanmış tamaşasında isə Heydər Əliyevin möhtəşəm obrazını teatrın direktoru, istedadlı aktyor və dramaturq İftixar Piriyev mükəmməl yaradır. Təsadüfi deyil ki, uzun illərdir "Xilaskar" İrəvan teatrının vizit kartına çevrilib. Tamaşa, demək olar ki, Azərbaycanın bütün bölgələrində böyük uğurla nümayiş etdirilib. İrəvan teatrının kollektivi məhz "Xilaskar"la bir neçə xarici ölkədə qastrol səfərlərində olmuşdur...”

Fikrimizcə, bu, İftixar Piriyevin öz rolunun öhdəsindən yüksək səviyyədə gəlməsinə, Heydər Əliyevin obrazını parlaq şəkildə təcəssüm etdirməsinə verilən qiymətdir. Hesab edirik ki, onun bu ifası tarixdə özünə yer alacaq bir örnək kimi yaşayacaq.

İftixar müəllim haqda həmişə yazmaq maraqlıdır, çünki o, hər zaman yeniliklərlə sənət aləmində öz sözünü deyə bilir. Ola bilsin, özünü, gördüyü işləri, tamaşalarını, rollarını, əsərlərini o qədər reklam etmir, amma bununla belə, gördüyü işlər göz özündən çəkilmir, hər şey tamaşaçının, oxucunun diqqətindədir.

Çağdaş Azərbaycan mədəniyyətinin tanınmış simalarından biri, İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi, teatr və kino aktyoru, teatr rejissoru və ssenarist İftixar Piriyevin 65 yaşı tamam olur.

İftixar Fərhad oğlu Piriyev 7 sentyabr 1960-cı ildəildə Gürcüstan Respublikasının Qaraçöp mahalının (Saqareco rayonu) Düzəyrəm kəndində anadan olub. 1977-ci ildə Qaraçöpdə orta məktəbi bitirib. Həmin ildən keçmiş M.A.Əliyev, indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin dram və kino aktyorluğu fakültəsinə qəbul olunub.

İ. Piriyev 1981-ci ildə Dövlət İncəsənət Universitetinin "Dram və Kino aktyorluğu" fakültəsini bitirib. Elə həmin ildən Akademik Milli Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb. Burada o, müxtəlif səpkili və xarakterli 30-dan çox obraz yaradıb.

İ. Piriyevin Akademik Teatrın səhnəsində yaratdığı Edqar (V. Şekspir, "Kral Lir"), Əlibəy (S. Vurğun, "Vaqif"), Niftalı (V. Səmədoğlu, "Yayda qartopu oyunu"), Vəliqulu (Anar, "Sizi deyib gəlmişəm"), Əkbər, Xəzər (N. Xəzri, "Mirzə Şəfi Vazeh", "Gecə döyülən qapılar"), Bayandur (İ. Əfəndiyev, "Büllur sarayda"), bədii film və televiziya tamaşalarında Sərvər (Ə. Əylisli, "Ürək yaman şeydir"), Əsgər (S. Budaqlı, "Közərən evin işıqları"), Əbdül (Ə. Hacızadə, "İtkin gəlin"), Vədad (R. N. Güntəkin, "Dodaqdan qəlbə"), Aslan (B. Vahabzadə, "Yağışdan sonra"), Nofəl (A. Rəhimov, "Canavar balası"), Şef (A. Rəhimov, "Qırmızı qar") kimi obrazlar aktyorun yaradıcılıq bioqrafiyasını təşkil edir.

O, müxtəlif ədəbi-bədii verilişlərdə çıxış edib, "Ozan" folklor toplusunun aparıcısı olub.

İ. Piriyev 1990-cı ildə özəl Azərbaycan Milli "Dastan" Teatrını yaradıb, onun direktoru və bədii rəhbəri kimi fəaliyyət göstərib. O, çoxşaxəli fəaliyyət növü ilə məşğul olan həmin teatrın nəzdində yaratdığı "Dastan" turizm şirkətinə də rəhbərlik edib. O, AMEA-nın dissertantıdır. "Yaşadığım bu ömür", "Nə qəribə yuxuymuş" adlı şerlər kitabının, H. Əliyevə həsr olunmuş "Böyük Turanın Himni" himn-poemasının, "Ucal", "Könüllərə dolan nur" şeirlərinin, "Dan yeri söküləndə", "Körpü", "Məngənə və ya Kor Aşığın işığı" pyeslərinin müəllifidir. "Dan yeri söküləndə" pyesi İrəvan Dövlət Azərbaycan Dram Teatrı və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının müştərək layihəsi əsasında tamaşaya hazırlanıb.

1998-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən iki il müddətinə Tiflis Azərbaycan Dövlət Dram Teatrının bərpası ilə bağlı Gürcüstan Respublikasına ezam olunub, Gürcüstan Mədəniyyət Nazirliyinin müvafiq əmri il bərpa rəhbəri təyin edilib.

İ. Piriyev 2000-ci il tarixindən İrəvan Dövlət Azərbaycan Dram Teatrına direktor vəzifəsinə təyin olunub.

16 oktyabr 2007-ci ildə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adı ilə təltif olunub.

9 may 2018-ci ildə, 10 may 2019-cu ildə və 7 may 2020-ci ildə Prezident Mükafatına layiq görülüb.

İ.Piriyevin yaradıcılığı, rolları, tamaşaları, xidmətləri barədə daha çox danışmaq olar. Çünki onun yaradıcılığı çoxşaxəlidir, şairliyi, yazıçılığı, aktyorluğu, rejissorluğu və sair hamıya məlumdur. Vətənpərvər ziyalı olduğunu hər kəs bilir. Daşıdığı missiya çox böyükdür, məsuliyyətlidir, müqəddəsdir. Ona da şübhə etmirik ki, günlərin birində, heç də uzaq olmayan bir zamanda İ.Piriyevin rəhbərliyi ilə İrəvan Teatrının doğma İrəvanda - ana ocağında söndürülən çırağı bir daha yanacaq, bir daha bu müqəddəs məbədin səhnəsində tamaşalar qoyulacaq, zalı alqış səsi bürüyəcək…

65 illik yubileyini qeyd edən hörmətli sənətkarımız İftixar Piriyevi təbrik edirik və ona yeni yaradıcılıq uğurları, cansağlığı arzulayırıq.

İradə SARIYEVA

Избранный
51
baki-xeber.com

1Источники