RU

Qəyyumu tərəfindən zorakılığa məruz qalan uşağın taleyi – Hansı tədbirlər görülür?

Qəyyumu tərəfindən zorakılığa məruz qalan azyaşlı uşağın başına gələnlər cəmiyyətdə ciddi rezonans doğurub. Hamını düşündürən suallardan biri qəyyumluğa verilən Ümidin taleyinə müvafiq nəzarətin hansı formada həyata keçirilməsidir.

 

2019-cu ildə Ümidin anası Fəridə Məmmədovanı həyat yoldaşı övladlarının gözü önündə amansızcasına qətlə yetirib. Hadisədən sonra ananın yaxın qohumu Günay Novruzova Sabunçu Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək hər iki uşağa qəyyum təyin edilməsini xahiş edib.

 

Məsələ ilə bağlı İcra Hakimiyyətindən bildirilib ki, ötən illər ərzində Günay Novruzovanın qəyyumluq vəzifəsinin icrası ilə bağlı uşaq hüquqlarının müdafiəsi üzrə komissiyaya hər hansı şikayət daxil olmayıb. Sentyabrın 1-də yeniyetmənin məişət zorakılığına məruz qalması barədə daxil olmuş şifahi məlumata əsasən, hüquq-mühafizə orqanlarının məsul nümayəndələri ilə birlikdə ailənin yaşadığı ünvana baş çəkilib. Məlum olub ki, yeniyetmə qəyyumu ilə birgə Lənkərandadır, daha sonra polislər onları Bakıya gətiriblər.

 

Xatırladaq ki, Günay Novruzovanın qəyyumluğuna xitam verilib və o, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

 

Maraqlıdır, qəyyumla bağlı nöqsanlar aşkarlandıqda onu hansı cəza gözləyir?

 

Hüquqşünas Hikmət Əliyevin sözlərinə görə, əgər zorakılıq davamlı xarakter daşıyıbsa, mütəmadi olaraq döyülməklə və iztirab verilməklə müşayiət olunubsa, o halda Cinayət Məcəlləsinin 133-cü maddəsinin, yəni əzab vermə maddəsinin tərkib əlamətləri yaranmış olur: "Həmin maddəyə əsasən, cinayət məsuliyyətinə cəlb edilmiş həmin qəyyum ağırlaşdırıcı halda 2 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilə bilər".

 

Sosial Xidmətlər Agentliyindən isə qeyd edilib ki, qəyyumu tərəfindən zorakılığa məruz qaldığı iddia edilən uşaqla bağlı məlumat daxil olduğu ilk andan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb edilib:

 

"Uşaq aidiyyəti qurumlarla koordinasiyalı şəkildə əvvəlcə səhiyyə müəssisəsinə yerləşdirilib. Müayinə və qiymətləndirilmə prosedurları bitdikdən sonra isə o, Agentliyin müvafiq sosial xidmət müəssisəsinə yerləşdirilib. Burada ona Agentliyin mütəxəssisləri tərəfindən sosial-məişət, sosial-hüquqi, sosial-psixoloji, sosial-pedaqoji və digər sosial xidmətlər göstəriləcək".

 

Ətraflı Baku TV-nin süjetində:

 

Tarix: 6 Sentyabr 2025, 00:27   
Избранный
8
1
pravda.az

2Источники