RU

İranda bəzi qüvvələr Zəngəzur dəhlizinin (TRIPP) açılmasını istəmirlər

İranın Ermənistandakı səfirinin çıxışları bir daha göstərir ki, Tehranda bəzi qüvvələr Zəngəzur dəhlizinin (TRIPP) açılmasını istəmir və bunun qarşısını almaq üçün müxtəlif diplomatik gedişlər edirlər. Bu, anti-Azərbaycan mövqeyinə əsaslanan bəyanat kimi səslənir. 

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev "Azərbaycan" qəzetinə açıqlamasında bildirib ki, İran səfirinin Zəngəzur dəhlizi (TRIPP) ilə bağlı çıxışı, 99 illik icarə məsələsini təkzib etməsi Tehranın regiondakı siyasətinə tam uyğundur: "Hətta Qarabağ münaqişəsi başlamamışdan əvvəl də türk dövlətləri arasında quru sərhədlərin olmaması, bu sərhədlərin pozulması üçün bir ölkədən digərinə gedəndə üçüncü dövlətin ərazisindən istifadə olunması əsas niyyət idi. Onlar müəyyən qədər buna nail oldular. Müharibədən əvvəl adı Zəngəzur dəhlizi olmasa da, Naxçıvanla istər avtomobil, istərsə də dəmir yolu əlaqələri mövcud olub. Sadəcə olaraq, münaqişə başlayandan sonra təhlükəsizlik baxımından gediş-gəliş çətinləşdi. Daha sonra ermənilər Rusiyanın və İranın köməyi ilə bu əlaqəni tam kəsdilər".

Komitə sədri vurğulayıb ki, Zəngəzur dəhlizi (TRIPP) Azərbaycan üçün təkcə kommunikasiya layihəsi deyil, geosiyasi, iqtisadi, strateji məsələdir. Təkcə Azərbaycan və Ermənistan üçün deyil, bütün region, hətta Çindən Avropaya gedən yolun də bu istiqamətdən olması çox mühüm amillərdən biridir. İran ona görə dəhlizin açılmasını istəmir ki, tranzit maraqlarına ziddir, çünki bu layihəni bir təhlükə kimi görür. Düşünür ki, Türkiyə və Azərbaycanın birbaşa bağlantısı möhkəmlənəcək. Eyni zamanda Ermənistan üzərindən keçən yeganə tranzit imkanları, İranın öz ərazisindən keçən yollar da müəyyən qədər zəifləyə bilər.

Deputat düşünür ki, belə çıxışlar bir bəhanədir, anti-Azərbaycan ritorikasıdır: "İcarə məsələsinin İran səfiri tərəfindən təkzib olunması elə-belə məsələ deyil. Burada geosiyasi maraqlar kəsişir. Region ölkələrinin narahatlığını artırmağa çalışır. Əslində, burada əsas məqam Azərbaycana qarşı mövqedir. İran diplomatiyası uzun  müddətdir ki, Ermənistanla əməkdaşlığı strateji seçim kimi görür". 

Komitə sədri deyib ki, Ermənistan iqtisadi blokadadan çıxmaq üçün Zəngəzur dəhlizinə (TRIPP) qoşulmalıdır, buna möhtacdır. Ermənistan da başa düşür ki, Zəngəzur dəhlizi işləsə mütləq şəkildə ən çox qazananlardan biri özü olacaq. "İran rəsmilərinin çıxışlarında Azərbaycanın regional layihələrdə güclənməsinə qarşı açıq-aşkar qərəzli mövqelər özünü göstərir. Əsas məsələlərdən biri Prezident İlham Əliyevin apardığı müstəqil daxili və xarici siyasətdir. İstər Rusiya, istərsə də İran Azərbaycanın müstəqil siyasətini gözləri götürməsə də, əvvəl-axır bununla barışacaqlar. Zəngəzur dəhlizi (TRIPP) ilə bağlı məsələlərin yer aldığı Vaşinqtonda paraflanan sənəd bir daha göstərir ki, təkcə Ermənistan və İranın fikirləri deyil, burada ABŞ-nin zəmanəti var. Ona görə həm İran, həm də Ermənistan tərəfi bu məsələnin üzərində ciddi düşünməlidirlər", - deyə A.Nağıyev qeyd edib.

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Избранный
6
azerbaijan-news.az

1Источники