RU

Qeyri-neft sütunları üzərində...

Büdcədə qeyri-neft yığımlarının həcmi 8 milyard manatı ötüb

Azərbaycanda davam edən iqtisadi inkişaf 2025-ci ilin yanvar-avqust aylarında fiskal yığımların da artmasında mühüm rol oynayıb. Bu dövrdə müsbət sosial-iqtisadi inkişaf göstəriciləri, ələlxüsus da qeyri neft-qaz sektorunda əhəmiyyətli artımın baş verməsi iqtisadi yığım sütunlarının qeyri-neftə əsaslanmasına səbəb olub. Biznes sektorunun fəallığımnın yüksələməsi, tikinti-inşaat, xidmət, turizm sahələrində yeni əlavə dəyərin formalaşması, neftdən kənar sahələrdə yığım mənbələrinin genişlənməsi, şəffaflaşma ilə bağlı görülən tədbirlər büdcə-fiskal yığımlarda əhəmiyyətli artımı təmin edib. Qeyd edilən dövr ərzində xəzinədarlıq orqanları tərəfindən 972 mindən çox ödəniş tapşırığı icra edilib və dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb. Belə ki, ötən 8 ay ərzində dövlət büdcəsinin gəlirləri 26 359,4 milyon manat təşkil edib ki, bu da səkkiz aylıq proqnozu 698,7 milyon manat və ya 2,7 faiz üstələyib.

Biznesin fəallığı, işgüzar aktivliyin artması

Büdcə gəlirlərində əsas fiskal sütun kimi vergi daxilolmalarında daha çox artım qeydə alınıb. Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 11 milyard 561,1 milyon manat təşkil edib ki, bu da proqnozdan 592,1 milyon manat və ya 5,4 faiz çoxdur. Vergi yığımlarının artmasında ölkədə biznesin fəallığı, işgüzar aktivliyin artması və digər qeyri-neft mənbələrinin genişlənməsi mühüm rol oynayıb. Qeyri-neft-qaz sektorunda daxilolmalar 8 milyard 434,6 milyon manat təşkil edib ki, proqnozdan 3 faiz çox icraolunma deməkdir. Qeyri-neft yığımları əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 690,4 milyon manat və ya 8,9 faiz çoxdur. Həmçinin, qeyri-neft-qaz sektoru üzrə vergilər cəmi vergi yığımı portfelində 73 faiz təşkil etməklə, ölkədə fiskal bazanın əsas bünövrəsini formalaşdırmaqdadır. Eyni zamanda, sahibkarlıq sektorunda canlanma da bu proseslərə öz töhfəsini verib. 2025-ci il sentyabrın 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 3 faiz artaraq 831 min, aktiv ƏDV ödəyicilərinin sayı isə 6,4 faiz artaraq 56,2 min olub.

Digər fiskal mənbə olan gömrük daxilolmaları isə 4 milyard 160,6 milyon manat təşkil edib. Dövlət Neft Fondundan transfert 9,6 milyard manata, Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 30,3 milyon manata bərabər olub.

Hesabat dövründə dövlət büdcəsinin xərcləri 23 milyard 725,9 milyon manat həcmində olub.

Sosial yığımlarda 12,2 faiz artım qeydə alınıb

Cari ilin yanvar-avqust aylarında iqtisadi inkişaf templəri və yeni iş yerlərinin yaradılması ilə yanaşı, əmək haqlarının “ağardılması” və qeyri-neft sektorunda məşğulluğun artırılmasına yönələn islahatlar muzdlu işçi sayının və əməkhaqqı fondunda müsbət dinamikanın qeydə alınması ilə nəticələnib. Qeyri-neft özəl sektoru üzrə əmək müqavilələrinin sayı 1 milyonu keçib. Nəticədə əməkhaqqı fondunun “ağardılması” ilə bağlı 2019-cu ilin əvvəlindən əsaslı islahatlara başlanandan indiyə qədər əmək müqavilələrinin sayı 470 minə yaxın və ya 87 faiz  artıb. Ümumi əmək müqavilələrinin 55 faizə yaxını bu sektorun payına düşür.

Əmək bazarında həyata keçiriən bu əhəmiyyətli tədbirlər dövlət və özəl sektorda çalışan işçilərin sosial sığorta ödənişlərinin də artımını sürətləndirib, məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 4 milyard 180,4 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,2 faiz və yaxud 455,8 milyon manat çoxdur. O cümlədən, son 1 ildə qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 13,2 faiz artaraq 2 milyard 788,5 milyon manatı ötüb.

Ötən 8 ayda işsizlikdən sığorta haqları üzrə daxilolmalar 11 faiz artaraq 148,2 milyon manata, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 12,3 fazi artaraq 113,2 milyon manata çatıb. İl ərzində icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 10,3 faiz artaraq 727,6 milyon manat, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 10 faiz artaraq 515 milyon manat təşkil edib.

Qeyri-neft sektorunun ÜDM-də payı 80 faizə yaxınlaşır

Cari ilin 8 aylıq makroiqtisadi göstəriciləri onu təsdiqləyir ki, ölkə iqtisadiyyatının inkişafında ağırlıq mərkəzi tamamilə qeyri-neft sektorunun üzərinə transformasiya olunmaqdadır və hökumətin neft ÜDM-dən qeyri-neft ÜDM-ə keçid strategiyası özünü doğrultmaqdadır. Hökumətin yaxınmüddətli iqtisadi inkişaf ssenarilərinə əsasən, neft-qaz  sektorunun tədricən daralacağı şəraitdə iqtisadi artımın əsas hərəkətverici qüvvəsi qeyri-neft gəlirləri olacaq. Ortamüddətli Xərclər Çərçivəsi sənədində və İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş proqnoz icmalında 2025-ci ilin sonuna ÜDM-in həcmi 129,2 milyard manat, o cümlədən qeyri-neft ÜDM-in həcmi 92,2 milyard manat təşkil edəcəyi öz əksini tapıb. Orta müddətdə ÜDM-in real artım tempinin orta illik 3,3 faiz, qeyri-neft ÜDM-in isə 5 faiz olacağı proqnozlaşdırılır. 2024-cü ildə neft-qaz sektoru üzrə ÜDM-in real ifadədə 0,3 faiz artacağı ehtimal edilir. Bu dinamika sonrakı illər üzrə davamlı şəkildə yüksələcək və 2028-ci ildə ÜDM-in tərkibində qeyri-neft sektorunun payı daha da artaraq 77,8 faizə çatacaq, neft-qaz sektorunun payı isə 22,2 faizə bərabər olacaq.

Beynəlxalq maliyyə institutlarının açıqladığı hesabatlarda və yenilənmiş proqnoz ssenarilərində Azərbaycanda iqtisadi artımın ümidverici olmasına dair göstəricilər yer alıb. Beynəlxalq Valyuta Fondunun (BVF) dərc etdiyi “Regional iqtisadiyyatın inkişaf perspektivləri” adlı yeni hesabatında 2025-ci ildə ölkəmizdə ÜDM-in 4,5-5 faiz artacağı əksini tapıb. Eləcə də Dünya Bankı, Asiya İnkişaf Bankının hesabatlarında 2025-ci ildə iqtisadi artımla bağlı müsbət proqnozlarında qeyri-neft resurslarının yüksək artımları müqabilində ümumi daxili məhsulun 5 faiz təşkil edəcəyi fərz olunur. Bu nikbin proqnozlar isə dövlətin 2025-ci ildə qarşıya qoyulan bütün hədəfləri icra etməsinə dərin zəmin yaradır. 

ELBRUS CƏFƏRLİ

Избранный
6
1
yeniazerbaycan.com

2Источники