Azər Həsrət: "Heç bir qeyri-adi, təəccüblü hadisə baş vermir"
Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik Komitəsi “Ermənistan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında Saziş”in ratifikasiyası haqqında saziş layihəsinə müsbət rəy verib. Layihəni komitənin iclasında Ermənistan daxili işlər nazirinin müavini Armen Qazaryan təqdim edib.
Nazir müavininin sözlərinə görə, sazişin əsas məqsədi miqrasiya sahəsində əməkdaşlıq üçün sürətli və effektiv prosedurların yaradılmasıdır.
Qazaryan qeyd edib ki, Ermənistan və Qazaxıstan vizasız rejim də nəzərə alınmaqla, iki ölkə arasında işçi qüvvəsi və vətəndaşların sərbəst hərəkətini təmin etmək baxımından əməkdaşlıq edir:
“Saziş Ermənistan və Qazaxıstan arasında miqrasiya sahəsində əməkdaşlığın aktivləşdirilməsi üçün əlavə ikitərəfli vasitədir”.
Ermənistanın türk dövlətləri ilə münasibətlərini düzəltmək istiqamətində son illər diplomatik jestlər müşahidə olunur. Qazaxıstanla miqrasiya sahəsində razılaşma da bu prosesin bir parçası kimi görünür. Bəzi ekspertlərin fikrincə, Ermənistanın Qazaxıstanla bu sazişi imzalaması yalnız texniki miqrasiya razılaşması deyil, həm də Orta Asiya və türk dövlətləri ilə münasibətlərin tədricən istiləşməsinin bir siqnalıdır.

Siyasi şərhçi Azər Həsrət isə Sherg.az-a açıqlamasında bildirib ki, Ermənistanın Orta Asiya türk dövlətləri ilə münasibətləri tarixi və strateji baxımdan problemli deyil. O qeyd edib ki, yalnız qardaş Özbəkistan Ermənistanla hələ də diplomatik əlaqələr qurmayıb və səfirlik açmayıb, amma digər Mərkəzi Asiya türk dövlətləri ilə Ermənistan arasında ikitərəfli əlaqələr mövcuddur və səfirliklər fəaliyyət göstərir. Bu əlaqələr çərçivəsində get-gəllər kifayət qədər intensivdir və tərəflər arasında qarşılıqlı əlaqələr normal səviyyədə davam edir:
“Məsələn, qardaş Qırğızıstanın xarici işlər naziri Azərbaycana deyil, Ermənistana səfər etməyə üstünlük verib. Söhbət Ermənistanın Mərkəzi Asiya ölkələri ilə ikitərəfli əlaqələrindən gedir və bu, regional balans və strateji maraqlar baxımından təbii bir prosesdir”.
A. Həsrətin sözlərinə görə, Ermənistanla Qazaxıstan arasında miqrasiya sahəsində əməkdaşlıq sazişinin ratifikasiyasını Nikol Paşinyanın Mərkəzi Asiyadakı türk dövlətlərinə açılımı kimi dəyərləndirə bilmərik:
“Çünki həmin dövlətlər artıq əvvəlcədən Ermənistanla yaxın strateji əlaqələrə malikdir və keçmiş Sovet dövründəki beynəlxalq dövlətlərarası qurumlarda birlikdə təmsil olunublar. Bu baxımdan, saziş regional dinamikanın normal bir hissəsidir və qeyri-adi bir proses kimi qiymətləndirilə bilməz”.
Siyasi şərhçi həmçinin əlavə edib ki, miqrasiya sahəsində əməkdaşlıq sazişinin ratifikasiyasından sonra Ermənistan vətəndaşlarının kütləvi şəkildə Orta Asiyaya köçməsi gözlənilmir. Əksinə, ermənilər əsasən Avropa və Amerikaya üz tuturlar: “Eyni zamanda, türk qardaşlarımızın Ermənistana köçmə ehtimalı yoxdur və sazişin məqsədi əsasən formal, hüquqi çərçivədə əməkdaşlığı təmin etməkdir”.
A. Həsrət bu cür sazişlərin bütün dövlətlər arasında adi bir təcrübə olduğunu vurğulayıb:
“Bunlar beynəlxalq hüquq və diplomatiya çərçivəsində normal addımlardır. Heç bir qeyri-adi, təəccüblü hadisə baş vermir. Sadəcə olaraq dövlətlərarası əməkdaşlıq mexanizmləri möhkəmlənir və hüquqi bazası formalaşdırılır”.
O qeyd edib ki, Ermənistanın Mərkəzi Asiya türk dövlətləri ilə ikitərəfli əlaqələri ekonomik, humanitar və miqrasiya sahəsində müzakirələri də əhatə edir, lakin bunlar hər zaman regiondakı balans və qarşılıqlı maraqlar nəzərə alınmaqla həyata keçirilir.