Bakı, 8 sentyabr, AZƏRTAC
Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən Türkdilli Dövlətlərin Universiadasında güləş yarışlarına yekun vurulub.
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, “Ruh Ordo” mədəniyyət mərkəzinin idman zalında keçirilən yarışda daha 6 çəkidə mübarizə baş tutub. Son gündə Azərbaycanın daha 4 güləşçisifəxri kürsüyə qalxıb. Yunan-Roma güləşində Roman Kərimov (67 kiloqram), sərbəst güləşdə isə Əşrəf Aşırovla (86 kiloqram) Yusif Dursunov (125 kiloqram) qızıl medal qazanıb. Sərbəst güləşçilərimizdən Musa Ağayev (65 kiloqram) isə gümüş medala sahib çıxıb.
Beləliklə, güləşçilərimiz Universiadanı 8 (4 qızıl, 2 gümüş, 2 bürünc) medalla başa vurublar. Dünən Vədat Qasımlı (60 kiloqram) qızıl, Əli Quliyev (97 kiloqram) gümüş, Ramik Heybətovla (74 kiloqram) Cavad Məmmədov (77 kiloqram) isə bürünc medal qazanıblar.
Yekunda yunan-Roma güləşi üzrə komandamız 1-ci, sərbəst güləş üzrə millimiz isə 2-ci yeri tutub.