RU

Mingəçevirdə alman qəbiristanlığının yaxınlığında bərbad vəziyyət: "Biz də adamıq" - REPORTAJ/FOTO

MİNGƏÇEVİR, 8 sentyabr. TELEQRAF

"Bizə demişdilər, bu ilin sonunadək yaşasığınız ərazinin yolları tamam asfaltlanacaq. Amma qonşuluğumuzdakı küçəyədək asfaltlayıb dayandılar".

Bu sözləri Teleqraf-ın Mərkəzi Aran bürosuna Mingəçevir şəhərinin "Yasəmən" bağçılıq ərazisindəki fərdi yaşayış evlərinin sakinləri söyləyiblər.

Onların dediklərinə görə, Bozdağ silsiləsi boyu uzanan küçələr illərdir normal yol üzünə həsrət qalıb. Ərazidə yaşayan qazi İsa Vəliyev bildirir ki, bu küçələr yamac aşağı yerləşdiyi üçün xüsusilə yağıntılı havalarda su axını küçələri keçilməz edir: "Uşaqlı-qocalı hamı əziyyətə qatlaşmalı olur".

Digər sakin Habil Tanrlverdiyev sel sularının küçələri palçıqlı gölməcəyə çevirdiyini deyir: "Çökək ərazilərdəki həyətləri su basır, qapı-bacanı bərbad vəziyyətə salır. Yağışlı havalarda bu yerlər maşınlar üçün keçilməz olur".

Sakinlərin sözlərinə görə, ərazinin bir özəlliyi də odur ki, buradan keçən yollar yaxınlıqdakı alman əsirlərinin qəbristanlığına qədər uzanır. Qəbristanlıq və kompleksə isə əcnəbi turistlər baş çəkir. Bərbad yollar turistlərin də diqqıtindən yayınmır.

Sakinlər yuxarı massivlərdən başlanılan abadlıq işlərinin ilin sonunadək bu əraziləri də əhatə edəcəyinə ümid ediblər. Amma asfalt işləri aparan qurumun işçiləri qonşuluqdakı küçədə işi bitirdikdən sonra çıxıb gediblər. Qarşıdan yağışlı mövsüm gəlir, küçə sakinləri aidiyyəti qurumlardan, şəhər icra hakimiyyətindən problemə əncam çəkilməsini xahiş edirlər.

Məsələ ilə bağlı Teleqraf-a açıqlama verən Mingəçevir Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Şəhriyar Mustafayev bildirib ki, şəhərin Günəşli yaşayış massivindən Samux küçəsinin dairəvi yola bitişik hissəsinədək böyük bir ərazidə yollara asfalt örtüyü döşənib:

"Əvvəldən bütün sakinlərə bu işlərin mərhələli şəkildə icra ediləcəyini bildirmişik. Haqqında bəhs olunan ərazinin sakinlərinin müraciətinə uyğun qeyd etmək istərdim ki, həmin küçələrin də asfaltlanması nəzərdə tutulub. Düşünürəm ki, ilin sonunadək layihə-smeta sənədləri tam hazır olacaq. Bundan sonra tender təşkil olunacaq, konkret işlərin icrası üçün müəyyən vəsaitin ayrılması prosesi həyata keçiriləcək və qeyd olunan ərazidə asfaltlanma işlərinə start veriləcək".

Избранный
56
teleqraf.com

1Источники