RU

Avropa İttifaqı Ukraynaya 2 milyon artilleriya mərmisi verməyi planlaşdırır

BAKI, 9 sentyabr. TELEQRAF

"Avropa İttifaqı Ukraynaya 2 milyon artilleriya mərmisi verməklə bağlı builki vədi tam yerinə yetirməyi planlaşdırır. Sursatların təhvil verilməsi oktyabr ayına kimi həyata keçiriləcək".

Teleqraf xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kayya Kallas Avropa Parlamentində çıxışı zamanı deyib .

Onun sözlərinə görə, mərmilərlə bağlı vəd edilmiş yardımın 80%-i artıq təmin edilib, lakin bu missiyanın oktyabr ayına kimi başa çatdırılması planlaşdırılır.

Aİ nümayəndəsi həmçinin tammiqyaslı müharibə başlayandan Ukraynaya demək olar ki, 169 milyard avro maliyyə dəstəyinin göstərildiyini xatırladıb - bu məbləğin 63 milyard avrodan çoxu ordu üçün nəzərdə tutulub.

“Təkcə bu il üzv dövlətlər bu məqsədlə 25 milyard avro verəcəklər ki, bu da əvvəlkindən daha çoxdur”, - Kallas bildirib.

Rəsmi qeyd edib ki, Avropa dondurulmuş Rusiya aktivlərindən əldə etdiyi gəlirlər sayəsində Ukraynanın müdafiə sənayesinin ən böyük sponsorudur.

"Rusiya Ukraynaya qarşı təcavüzünü dayandırana və Ukraynaya vurduğu və vurmaqda davam etdiyi milyardlarla avro ziyanı kompensasiya etməyənə qədər Rusiyanın aktivləri dondurulmuş vəziyyətdə qalmalıdır. Bunu Avropa Şurası bəyan edib. Bizim bu öhdəliyi yerinə yetirməyimiz çox vacibdir", - Aİ nümayəndəsi əlavə edib.

Kallas ayrıca vurğulayıb ki, Ukraynanın Avropa İttifaqına daxil olması Ukrayna xalqına yenidən azad yaşamaq və çiçəklənmək imkanına ümid verən şeydir.

"Rusiyanın qaçılmaz hesab etdiyi şey baş vermədi. Rusiya Ukraynanın qətiyyətini qırmadı və o, bizimkini də qırmamalıdır. Ukraynanın təhlükəsizliyi Avropanın təhlükəsizliyidir və nə qədər ki, Rusiya qanunsuz müharibə aparır, biz mübarizəni davam etdirməliyik", - Kallas yekunlaşdırıb.

Избранный
75
50
teleqraf.com

10Источники