RU

Məktəb də, tıxaclar da başlayır - 2030-a qədər...

Bakıda yeni tədris ili başlamadan sıxlıq və tıxaclar müşahidə olunur. Şəhərin bir çox əsas küçə və prospektlərində hərəkət dayanacaq həddinə çatır, sürücülər mənzil başına çatmaq üçün saatlarla yolda qalırlar. Sıxlıq həm şəxsi avtomobillərin, həm də ictimai nəqliyyatın hərəkətini xeyli çətinləşdirib.

Məhz bu səbəbdən bir çox ölkələrdə tətbiq edilən məktəb avtobusları sistemi gündəlik hərəkətin yüngülləşdirilməsi üçün əsas həll yollarından biri kimi qəbul olunur.

Azərbaycanda bu məsələ hələ planlaşdırma mərhələsində olsa da, Türkiyə və ABŞ-da məktəb avtobusları tıxacların azaldılmasında mühüm rol oynayır. Minlərlə şagirdin şəxsi avtomobillərlə məktəbə gətirilməsinin qarşısını alan bu təcrübə, həm sıxlığın azalmasına, həm də yol təhlükəsizliyinin güclənməsinə səbəb olur.

Məsələ ilə bağlı nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov Musavat.com-a açıqlama verib.

Eldəniz

O bildirib ki, hazırda məsələ layihələndirmə prosesindədir və bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.

Dövlət Proqramına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi və Nəqliyyatı Əlaqələndirmə Şurası 2025-2030-cu illərdə ümumi və məktəbəqədər təhsil müəssisələrində oxuyan uşaqların daşınması üçün məktəb avtobuslarının tətbiqini təmin etməlidir.

Ekspertin sözlərinə görə, məktəb avtobuslarının istifadəsi üçün qanunvericilikdə ayrıca müddəaların yer alması vacibdir:

“İnzibati Xətalar Məcəlləsinə və Yol hərəkəti haqqında qanuna məktəb avtobusları ilə bağlı yeniliklər əlavə olunmalıdır. Onlara ayrıca status verilməli, digər hərəkət iştirakçılarına nisbətdə daha üstün hüquqlara sahib olmalıdırlar. Təhlükəsizlik baxımından da ciddi addımlar atılmalıdır”, – deyə Eldəniz Cəfərov qeyd edib.
Ekspert bildirir ki, məktəb avtobusları xüsusilə ibtidai sinif şagirdləri üçün daha əlverişli olar. Bölgələrdə yaşayan əhali layihənin digər şəhər və kəndlərdə baş tutmasını arzulasada, ilkin mərhələdə Bakı və ətraf ərazilər üçün nəzərdə tutulub. Ekspertin sözlərinə görə, praktika gələcəkdə digər rayon və şəhərlərdə də tətbiq edilə bilər".

Mənzər Novruzlu
Musavat.com

Избранный
44
musavat.com

1Источники