RU

ABŞ Missiyası Zəngəzur dəhlizi ilə bağlı Bakıda ilk müzakirəni apardı...


Arzuxan Əlizadə: “ABŞ dəhlizlə bağlı səylərini artırmalıdır”

Xəbər verildiyi kimi, Xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan ABŞ-nin Orta Dəhliz üzrə Sertifikatlaşdırılmış Ticarət Missiyasının nümayəndələrini qəbul edib.

Görüş zamanı cari ilin 8 avqust tarixində Vaşinqtonda Azərbaycan və ABŞ Prezidentlərinin və Ermənistanın Baş nazirinin iştirakı ilə aparılmış müzakirələr və imzalanmış sənədlərin tarixi əhəmiyyəti qeyd olunub, bu razılaşmaların regional sülh və tərəqqiyə töhfəsi qeyd edilməklə yanaşı, Azərbaycan-ABŞ əlaqələri üçün böyük perspektivlər açdığı vurğulanıb.

Bu xüsusda Azərbaycanın qərb bölgələri ilə ölkəmizin Naxçıvan Muxtar Respublikası arasında maneəsiz gediş-gəlişi təmin edəcək layihənin əhəmiyyəti diqqətə çatdırılıb. Azərbaycanın son onilliklər ərzində Orta Dəhlizin canlandırılması və işlək vəziyyətə gətirilməsi üçün göstərdiyi səylərdən bəhs olunub, bu səylərin Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası kimi konkret layihələrlə reallaşdırıldığı diqqətə çatdırılıb. Görüş zamanı, həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Çox güman ki, sadalanan məsələlərin fonunda Zəngəzur dəhlizi və Naxçıvana maneəsiz gediş-gəliş əsas müzakirə mövzusu olub. Söhbət detallı müzakirələrdən gedir.

“Bu o deməkdir ki, Rusiya prosesi pozmağa çalışır”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP sədri, millət vəkili Arzuxan Əlizadə bunu istisna etmədi: “Zəngəzur dəhlizinin (Tramp yolu) əsas müzakirə predmeti olması şübhəsizdir. Ona görə ki, burada həm də Birləşmiş Ştatların imicindən söhbət gedir. Məsələ ondadır ki, avqustun 8-də Vaşinqtonda Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan dövlət başçıları sülh sazişinin bəndlərini parafladılar. O cümlədən, dəhlizin 99 il müddətinə ABŞ şirkətinə icarəyə verilməsinə razılaşdılar. İndi əsas məsələ odur ki, əldə olunan razılaşmalar həyata keçsin. Sabah hansısa səbəbdən Ermənistan bunu pozsa, bu, həm də ABŞ prezidenti Donald Trampın imicinə zərər vuracaq. Trampın timsalında ABŞ-ın nüfuzu aşağı düşəcək. Azərbaycan öz üzərinə düşəni yüksək səviyyədə yerinə yetirir. Horadiz qəsəbəsindən Ermənistan sərhədinə qədər həm dəmir yolu, həm də avtomobil yolu çəkilir. Gələn il həmin yollar tam hazır olacaq. Dəmir yolunun Naxçıvandan keçən hissəsi yenilənir. İndi əsas məsələ odur ki, Ermənistan tərəfi 42 kilometrlik Zəngəzur dəhlizi ilə bağlı işləri sürətləndirsin. Hələ ki, biz bunu görmürük. O üzdən, ABŞ bu yöndə səylərini artırmalıdır. Çünki dünyada proseslər sürətlə dəyişir. İlk dövrlərdə Rusiya Vaşinqton razılaşmasını təmkinlə izləsə də, artıq xarici işlər naziri razılaşmanı şübhə altına alacaq açıqlamalarla çıxış edir. Bu o deməkdir ki, Rusiya prosesi pozmağa çalışır. Ona görə də Vaşinqton səylərini artırmalıdır. Azərbaycan üzərinə düşəni edir. Top Ermənistandadır”.

Vidadi ORDAHALLI

Избранный
83
baki-xeber.com

1Источники