RU

Nakam rejissorun unudulmaz xatirələri

1927-ci ilin yayı idi. Yeddi yaşlı Lətif gözəl Şuşaya ailəsi ilə birgə istirahətə gəlmişdi. Əslində, bu şəhər ona dünyanın hər yerindən daha doğma idi. Lətif Səfərov 1920-ci il sentyabrın 30-da Şuşa şəhərində dünyaya göz açmışdı. Təhsilli, hökumət qulluğunda olan atası Bəşir ailəsindən ayrılandan sonra anası Maya çarəsiz qalmışdı. Savadsız qadın dörd yaşlı oğlunu və körpə qızını götürüb 1925-ci ildə Ağdama, qayınatasının evinə getməli olmuşdu.

Kino sənəti ilə tanışlıq

O il Şuşanın gözəl yayı yeddi yaşlı Lətifə bu qısa ömründə gördüyü qüssəni, qayğıları unutdurdu. Gözlənilmədən həyatında sanki möcüzə baş verdi. Sonralar Lətif Səfərov o günləri belə xatırlayırdı: "Yeddi yaşım var idi. "Gilan qızı" filminin bir sıra natura obyektlərini çəkmək üçün Şuşaya gəlmiş kinematoqrafiya işçilərini şəhərin nağılvari mənzərəsi heyran etmişdi..."

"Azərkino"nun çəkiliş qrupu rus yazıçısı Yuri Slyozkinin "Tunc Ay" romanının mövzusu əsasında "Gilan qızı" tammetrajlı bədii filmini ekranlaşdıracaqdı. Çəkiliş üçün hazırlıqları görsələr də, filmdə balaca qəhrəmanı canlandıracaq aktyoru hələ tapmamışdılar. Qaynar təbiətli, cəlimsiz, ağıllı baxışlarından iti zəkası oxunan balaca Lətif diqqətlərini çəkdi. Onlarla uşağın arasından "Gilan qızı" filmində Gülgül rolunu oynamağa onu seçdilər. Kinooperator Seyfulla Bədəlov sonralar həmin vaxtları yada salaraq deyib: "Ssenari üzrə əsas rollardan biri 7-8 yaşlı uşaq idi. Bu rola namizədi uzun müddət axtarmaq lazım gəlmişdi. Yığılmış bir dəstə uşağın içində diqqəti ən çox cəlb edəni, ağıllısı və kino işiylə maraqlananı Lətif idi. Leo Murun başçılıq etdiyi çəkiliş qrupu bu məsul və çətin rola balaca Lətifi götürdü. O, bacarığı sayəsində yaşından əvvəl özünü doğrultdu, həmyaşıdının rolunu çox gözəl ifa etdi..."

İki il qabaq, atasının tərk etməsi ilə küskün ayrıldığı bu şəhərdə yenidən həyatı dəyişdi. Taleyi təsəvvürünə belə gətirmədiyi bir yol çıxardı qarşısına. Sonralar bunları düşünüb deyirdi Lətif Səfərov: "Hər şey elə bundan başlandı...  Əgər onlar bu şəhərə gəlməsəydilər, bəlkə də həyatım başqa cür qurulardı. Əgər mən həkim olsaydım, insanları müalicə edərdim, müəllim olsaydım, insanlara bilik öyrədərdim... Mənim qismətimə kinematoqraf düşdü. Burada mən özümü bütün ixtisaslara yiyələnmiş insan kimi hiss edirəm. Mən bütün peşələrdən olan adamlara xidmət edirəm. Bunu nə qədər çox dərk etdikcə, özümdə daha artıq məsuliyyət hiss edirəm..."

Lətif Səfərovun kino sənəti ilə tanışlığı belə başladı. Yaradıcı heyət elə çəkilişlərin ilk günlərindən bildilər ki, yeni bir istedad kəşf edib.

Onun kinoaktyor kimi məşhurlaşdığı ilk yer də Şuşa şəhəri oldu. Lətif Səfərov başqaları kimi ekranlara çıxdıqdan sonra şöhrətlənmədi. Hələ filmin çəkilişləri başa çatmamış onu artıq bütün Şuşada balaca aktyor kimi tanıyırdılar. "Gilan qızı" filmi ekranlarda nümayiş olunduqdan sonra isə Lətif Səfərovu Azərbaycanın hər yerində tanımağa başladılar.

"Həyat necə də gözəldir"

Lətif sənətkarları heyran etdi. Onları inandırdı ki, bu balaca uşağın ilk uğuru təsadüf yox, parlaq istedadının təzahürüdür. Odur ki, "Gilan qızı" filminin rejissoru Leo Mur, operatoru İvan Frolov, əsas rolların ifaçılarından biri, görkəmli aktyor Sidqi Ruhulla Lətif Səfərovu özləri ilə Bakıya aparmaq, kino sənəti üçün yetişdirmək qərarına gəldilər.

Amma anası tərəddüd içərisində idi. Əzabkeş anaya iki uşağını atasız, kasıblıqla böyütmək ağır olsa da, Lətifi gözündən uzağa buraxmaq istəmirdi. Filmin yaradıcı heyəti onu dilə tutdu. Ancaq Maya onların dediklərindən daha çox, oğlunun gələcəyinin uğurlu olacağına, rahat yaşaya biləcəyinə ümid edərək onun paytaxta getməsinə razılıq verdi.

Bakıda ilk günlər özünü başqa bir aləmə düşmüş kimi hiss etdi. Lətif Səfərovu bu şəhərdə taleyin ümidinə buraxmadılar. Ona diqqət, qayğı göstərdilər. Lətif internat məktəbində oxumaqla bərabər, kinostudiyada da aktyor kimi çalışdı. Böyük dramaturq Cəfər Cabbarlının məsləhəti ilə 1928-ci ildə "Sevil" filmi ekranlaşdırılarkən Gündüz roluna çəkildi. O, Ağasadıq Gəraybəyli, Mustafa Mərdanov kimi görkəmli aktyorlarla eyni filmdə iştirak edir və oz işinin öhdəsindən layiqincə gəlirdi.

Lətif Səfərov 1928-1931-ci illərdə "Sevil", "Lətif", "Şərqə yol", "Qızıl kol" filmlərində uşaq rolları ifa etdi.

Filmdən-filmə püxtələşən, şöhrətlənən balaca aktyor bir müddət diqqətdən kənarda qaldı. Bərdəyə getdi. İkinci dəfə ailə quran anası orada yaşayırdı. Atalığı Lətifə və bacısına doğma övladı kimi baxırdı. Ancaq o, Bərdədə çox qala bilmədi. Bir müddət müalicə olundu. Sonra Gəncə Pedaqoji Texnikumuna daxil olaraq qiyabi təhsil aldı. Bakıya döndü. Studiyanın dublyaj şöbəsində, sonra isə filmlərdə rejissor assistenti işlədi.

Kino sənətinin sirlərini daha dərindən öyrənmək üçün 1940-cı ildə  Moskvadakı Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna daxil oldu. Məşhur rus kinorejissoru Qriqori Kozintsevdən dərs almağa başladı. 1941-ci ildə alman faşist ordusu sovet ittifaqına hücum etdi. Müharibə başlayanda Lətif Səfərov təhsilini yarımçıq qoyaraq geri döndü. 1941-1946-cı illərdə Bərdədə müəllim işlədi.

1946-cı ildə Moskvaya qayıdaraq təhsilini davam etdirdi. 1950-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirdi. Bakıya gəlib, kinostudiyada işləməyə başladı. 

O, 1950-ci illərin əvvəllərində bir neçə sənədli filmə quruluş verdi. İstedadlı rejissor kimi tanındı. 1955-ci ildə çəkdiyi "Bəxtiyar" ("Sevimli mahnı") Lətif Səfərovun böyük kinoda ilk və uğurlu filmi oldu. Film Azərbaycan kinosunda musiqili bədii filmin ən gözəl nümunəsi hesab edilir.

Lətif Səfərovun ekranlaşdırdığı "Leyli və Məcnun", "Qızmar günəş altında" bədii filmləri də tamaşaçılar tərəfindən maraqla qarşılandı.

1958-ci ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi. 1963-cü ilədək həmin vəzifədə qaldı.

O, sanki özü-özünə hesabat verirdi: "Əgər məndən soruşsanız ki, "Siz nə etmisiniz", cavab yalnız bir olacaq: "Demək olar ki, heç nə". Əgər soruşsanız ki, "Nə etmək istəyirəm", cavab yenə qısa olacaq: "Çox şey". Görəcəyim işlər barədə çox düşünmüşəm. Müəllimim Qriqori Mixayloviç Kozintsevin vəsiyyətini minnətdarlıqla xatırlayıram: "Əgər özünüzü incəsənətə həsr etməyi qərara almışsınızsa, yatmamağı öyrənin. Bəli, indi o dövr deyil. Yatmaqla çox şey uduzmaq olar, hətta həyatı da. Həyat isə necə də gözəldir, əgər hamı qədrini bilsəydi...", - deyirdi.

Ömür yolu enişli-yoxuşlu olsa da: "Həyat necə də gözəldir...", deyirdi kino sənətinin bənzərsiz rejissoru, ssenarist, Əməkdar incəsənət xadimi Lətif Səfərov. Ancaq 1963-cü il dekabrın 9-da həyatını faciəli şəkildə tamamladı. Ekran həyatı verdiyi filmlər, ifa etdiyi rollar onun qırx üç illik ömrünün ən gözəl və unudulmaz xatirələri oldu.

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan" 

Избранный
83
azerbaijan-news.az

1Источники