RU

Dəxi getmək məqamıdır...

Xalq qazeti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Fransada prezident koalisiyasının zəifləməsi siyasi böhranı dərinləşdirir

Sentyabrın 8-də baş nazir Fransua Bayrunun hökumətinin Milli Assambleyada keçirilən etimadsızlıq səsverməsində məğlubiyyəti Fransada siyasi atmosferi daha da gərginləşdirib. Səsvermənin nəticələrindən sonra Bayru istefaya getməyə məcbur qalıb. Beləliklə, Bayru hökuməti 1958-ci ildə Beşinci Respublikanın elanından sonra öz təşəbbüsü ilə keçirilən etimad səsverməsində məğlub olan ilk hökumət kimi tarixə düşdü. 

Fransua Bayrunun istefası ölkənin siyasi sisteminin dərin böhranla üz-üzə olduğunu bir daha təsdiqlədi. Yelisey sarayı səsvermənin nəticələrindən dərhal sonra qısa bəyanat yayaraq Prezident Emmanuel Makronun hökumətin süqutunu qəbul etdiyini və yeni baş nazirin tezliklə təyin ediləcəyini açıqladı. Baş nazirin məğlubiyyəti Fransa siyasətində bəzi suallar doğurdu. Maraqlıdır, Makron yeni hökuməti hansı siyasi qüvvə ilə formalaşdıracaq? Solçu və sağçı qüvvələr arasında kəskin qarşıdurmanın hökm sürdüyü, ifrat sağın sürətlə yüksəldiyi bir şəraitdə prezidentin manevr imkanları elə də geniş deyil. Yeni baş nazirin kimliyi hökumətin gələcəyi ilə yanaşı, Fransa siyasətinin növbəti istiqamətini müəyyən edəcək. 

Bayru hökumətinin süqutu Makronun siyasi nüfuzuna ciddi zərbə vurur. Onsuz da parlamentdə nüfuzunu itirən prezident indi daha mürəkkəb siyasi dialoq qurmağa, güzəşt mexanizmlərini işə salmağa məcbur qalacaq. Əks halda, böhran dərinləşərək Fransa siyasi sistemində uzunmüddətli qeyri-sabitliyə gətirib çıxara bilər. Səsvermənin nəticələri açıqlandıqdan sonra solçu lider Jan-Lük Melanşon parlamentin qərarını “xalqın qələbəsi” adlandıraraq bunun Prezident Emmanuel Makronun legitimliyinə ciddi zərbə vurduğunu təsdiqləyib. O, sosial şəbəkə hesabında Makrona açıq müraciət edərək onu istefa verməyə çağırıb. Melanşonun çağırışı həm siyasi, həm də ictimai müstəvidə rezonans doğurub. Çünki artıq Fransa cəmiyyətində Makronun parlamentin dəstəyi olmadan ölkəni idarə etməsinin çətinləşdiyi fikri hakimdir. Siyasi dairələrdə isə yeni baş nazir məsələsi ətrafında müzakirələr intensivləşib. 

Yaşıllar Partiyasının lideri Marin Tondelye bildirib ki, baş nazir Yeni Xalq Cəbhəsi (NFP) sıralarından seçilməlidir. Bu yanaşma Makronun siyasi manevr imkanlarını məhdudlaşdırır. Çünki NFP-nin tələbi qəbul olunmasa, parlamentdə yeni hökumətin sabit şəkildə fəaliyyət göstərməsi sual altına düşəcək. Digər tərəfdən, prezident partiyasının rəhbəri Qabriel Attal kompromis variant kimi danışıqlar aparacaq adamın təyin edilməsini təklif edib. Onun “özüm namizəd deyiləm” deməsi isə həm siyasi məsuliyyətdən yayınma cəhdi, həm də Makronun manevr dairəsini qorumaq üçün atılmış taktiki addım kimi dəyərləndirilir. Etimadsızlıq səsverməsindən sonra Baş nazir Fransua Bayru da öz mövqeyini açıqlayaraq bu addımı bilərəkdən atdığını deyib. Bayrunun sözlərinə görə, bu risk demokratik sistemin sınağa çəkilməsi üçün zərurət idi. Onun mövqeyi parlament çoxluğunun dəstəyini ala bilməyən hökumətin siyasi zəifliyini ört-basdır etmək cəhdi kimi görünür. Fransa indi mühüm siyasi yolayrıcındadır. İqtidar və müxalifət arasında gedəcək danışıqlar ölkənin gələcəyini müəyyən edəcək. Əgər Makron kompromisə meyilli addımlar atmasa, qarşıdakı mərhələdə siyasi qarşıdurmanın dərinləşməsi qaçılmaz olacaq. Yeni hökumətin formalaşdırılması prosesi artıq Avropa İttifaqının və beynəlxalq tərəfdaşların da diqqətlə izlədiyi siyasi imtahana çevrilib. Bu baxımdan, Fransadakı proseslərin Avropa siyasətinə təsirsiz ötüşməyəcəyini söyləmək mümkündür. 

Fransada siyasi prosesin gedişatı barədə əvvəlcədən məlumatlı olan və Bayrunun məğlubiyyətini gözləyən vətəndaşlar bəzi şəhərlərdə meriya binaları qarşısında kütləvi tədbirlər, pikniklər və “şənliklər” təşkil etmişdilər. Ölkə mediası səsverməyə bir neçə gün qalmış Bayrunun istefasının qaçılmaz ola biləcəyi barədə yazırdı. Sosial şəbəkələrdə “vida mərasimləri”nə dair çağırışlar sürətlə yayıldı. Lionda “Əlvida, Bayru!” şüarları altında keçirilən aksiyalar həm də siyasi istehzaya çevrilmişdi. Brestdə meriya qarşısında böyük toplantı baş tutdu, Qrenoblda isə 500-dən çox insan hökumətin süqutunu əvvəlcədən qeyd etdi. Bu mənzərə cəmiyyətin hökumətə inamsızlığının artıq siyasi debatlarla məhdudlaşmadığını, gündəlik həyatın bir parçasına çevrildiyini göstərdi. 

Onu da qeyd edək ki, Fransa vətəndaşlarının əksəriyyəti Milli Assambleyanın buraxılmasını və növbədənkənar seçkilərin keçirilməsini tələb edir. İctimai Rəy İnstitutu (IFOP) tərəfindən LCI telekanalının sifarişi ilə aparılan sorğuya görə, respondentlərin 61 faizi parlamentin buraxılmasının tərəfdarıdır. Bu göstərici 4 iyulda keçirilən analoji sorğunun göstəricisindən 11 faiz yüksəkdir. IFOP-un ictimai rəy şöbəsinin rəhbəri Frederik Dabi telekanalın efirində nəticəni şərh edərək bildirib ki, prezident seçkilərində Emmanuel Makrona səs verənlər istisna olmaqla, demək olar ki, bütün sosial və siyasi kateqoriyalarda parlamentin buraxılması ideyası üstünlük təşkil edir. Sorğu, həmçinin Fransanın gələcək siyasi mənzərəsini təsəvvür etməyə imkan verir. Əgər ölkədə növbədənkənar seçkilər baş tutsa, sağçı “Milli Birlik” Partiyası açıq şəkildə lider mövqeyini ələ alaraq səslərin 34 faizini qazana bilər. Sol qüvvələrin perspektivi  daha mürəkkəbdir və birbaşa seçki strategiyasından asılıdır. Əgər solçular vahid alyans şəklində seçkilərə qatılarsa, səslərin təxminən 24 faizini əldə edə bilərlər. Lakin “Tabe olmayan Fransa” hərəkatı bu alyansa daxil edilməsə, sol blokun reytinqinin 19 faizə qədər enməsi gözlənilir. Prezident Emmanuel Makronun rəhbərlik etdiyi koalisiya isə əhəmiyyətli dərəcədə zəifləyib. Sorğunun nəticələri göstərir ki, koalisiya parlamentdə cəmi 14 faiz dəstək qazana bilər. Bu isə Makronun komandasının əvvəlki mövqeyini itirməsinə səbəb olmaqla yanaşı, parlamentin üçüncü gücünə çevirir. Eyni zamanda mərkəz sağçı “Respublikaçılar” bütün ssenarilərdə təxminən 12 faiz səslə sabit, amma təsir imkanları məhdud siyasi oyunçu olaraq qalır.

Yusif BAĞIRZADƏ, politoloq

Fransanın baş naziri Fransua Bayrunun rəhbərlik etdiyi hökumət parlamentdə etimad səsverməsindən keçə bilmədiyi üçün dağıldı. Sələfi Mişel Barniyer kimi Bayru da büdcə gərginliyinə görə vəzifəsində qala bilmədi. Bayru cəmi 9 ay idi ki, bu vəzifədə idi. Ümumiyyətlə, siyasi cəhətdən iflic olmuş Fransada son 20 ayda artıq dörd baş nazir dəyişib. Ölkədə baş verən qeyri-sabitlik səviyyəsi 1958-ci ildə Beşinci Respublikanın qurulmasından bəri görünməmiş institusional böhrandan xəbər verir. Məsələ təkcə Fransua Bayru hökumətinin süqutunda deyil, ümumiyyətlə, Makron hakimiyyətinin bütövlüklə qəbul olunmayan siyasəti ilə bağlıdır. Sosiloji sorğular göstərir ki, Fransa əhalisinin cəmi 15 faizi Prezident Emmanuel Makrona etibar edir. Makron isə 2027-ci ildə səlahiyyət müddəti başa çatana qədər istefa verməyəcəyini qəti şəkildə bildirib. Odur ki, indi Fransa prezidentinin hansı addımları atacağı maraq doğurur. Makron yeni baş nazir təyin edəcək, parlamenti buraxaraq erkən seçkilərə gedəcək, yoxsa status-kvonu hansısa formada saxlamaq üçün parlamentlə kompromis axtarmağa çalışacaq. Yeni baş nazirin təyin edilməsi böhranın həllinə deyil, eyni halın təkrarlanmasına səbəb ola bilər. Makronun parlamenti buraxıb yeni seçkilər keçirmək qərarını verəcəyi də əslində inandırıcı deyil. Çünki reytinqi hər keçən gün aşağı düşən Makron tərəfindən belə qərarın qəbulu parlamentdə mövqelərinin daha da zəifləməsinə gətirib çıxara bilər. Təbii ki, Fransa üçün ən uyğun olan Makronun istefası ola bilərdi, amma onun istefa vermək niyyətində olmaması böhranın dərinləşəcəyindən xəbər verir. 

Böhran və siyasi gərginliyin Fransada kütləvi etirazlara rəvac verəcəyi şübhəsizdir. Bu həftə “Hər şeyi dayandırın” şüarı altında nümayişlər, ardınca isə sentyabrın ikinci yarısında həmkarlar ittifaqının rəhbərlik etdiyi səhiyyə və dəmir yolu işçilərinin tətilləri gözlənilir. Böhranın aradan qaldırılması üçün Makronun imkanları isə məhduddur. Tək yol kompromisin əldə edilməsi üçün müvafiq addımların atılmasıdır. Parlamentdə çoxluqla razılaşaraq 2027-ci ilə qədər keçid hökumətinin qurulması çıxış yolu ola bilər. Amma Makronun rəqiblərinin bu təklifə necə cavab verəcəyi hələlik məlum deyil.

Nəzrin ELDARQIZI XQ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
11
1
xalqqazeti.az

2Источники