RU

Uşaqlara qarşı şiddət niyə artır? -Hər bir iz gələcəyimizə təsir edir

Psixoloq: Əgər ailədə zorakılıq normal münasibət tərzi kimi qəbul edilirsə, uşaq da bunu həyatın adi qaydası kimi dəyərləndirir

Müasir dövrdə uşaqlara qarşı zorakılıq hallarının artması cəmiyyət üçün ciddi narahatlıq doğuran mövzulardan biridir. Ailədaxili problemlər, sosial-iqtisadi çətinliklər, texnologiyanın təsiri və digər amillər uşaqların psixoloji inkişafına mənfi təsir göstərərək onların sağlam böyüməsinə mane olur. Zorakılığın yaratdığı fəsadlar təkcə bugünkü həyatlarında deyil, gələcəkdəki şəxsiyyət formalaşmasında da dərin izlər buraxır.

Mövzunun həssaslığını nəzərə alaraq psixoloq Aytac Hətəmli ilə həmsöhbət olduq. O, uşaqlara qarşı şiddətin kökündə dayanan səbəblər, yaratdığı psixoloji nəticələr, valideyn davranışlarının təsiri, texnologiyanın rolu və cəmiyyətin üzərinə düşən vəzifələr barədə ətraflı fikir və müşahidələrini bölüşdü.

- Aytac xanım, sizcə son zamanlar uşaqlara şiddət hallarının artmasının kökündə dayanan amilləri nədə görürsünüz?

- Son zamanlar uşaqlara qarşı zorakılıq hallarının artmasının bir sıra səbəbləri var. Əvvəla, uşaqlar ailənin və bütövlükdə cəmiyyətin güzgüsüdür. Onlara qarşı tətbiq edilən hər bir zorakılıq sağlam və normal inkişaflarına ciddi maneələr yaradır. Əsas amillərdən biri ailədaxili problemlərlə bağlıdır. Xüsusilə boşanma prosesi zamanı uşaqlar psixoloji baxımdan böyük gərginlik yaşayır, çox vaxt da dolayı yolla psixi zorakılığa məruz qalırlar. Bununla yanaşı, həyat tərzi və iqtisadi çətinliklər, sosial bərabərsizliklər valideynlərin emosional gərginliyini artırır. Belə hallarda stresin və aqressiyanın güclənməsi uşaqlara qarşı şiddətin artmasına gətirib çıxarır.

- Uşaqlara şiddət onlarda hansı psixoloji fəsadlar törədir?

- Uşaqlıq dövrü insan həyatında psixoloji inkişaf üçün ən kritik mərhələlərdən biridir. Məhz bu mərhələdə şəxsiyyətin əsas cizgiləri formalaşmağa başlayır. Buna görə də uşaqlara qarşı zorakılıq onların daxili aləminə dərin təsir göstərərək bir çox psixoloji fəsadlara səbəb olur. Belə hallarda uşaqlarda davamlı diqqət dağınıqlığı və narahatlıq müşahidə edilir. Aqressiv davranışlar ön plana çıxır, yuxu pozuntuları meydana gəlir. Onlar tez-tez özlərinə qapanır, baş verən hadisələrə reaksiya göstərməkdən çəkinirlər. Eyni zamanda, depressiv davranışlar, özünə inamsızlıq və sosial münasibətlərdə çətinliklər də özünü göstərir.

- Valideynlərin davranış tərzi uşağın zorakılığa meyilli olmasına necə təsir edir?

- Valideynlərin davranış tərzi uşağın gələcəkdə zorakılığa meyilli olub-olmamasında mühüm rol oynayır. Çünki valideynlər övladları üçün ilk və ən güclü davranış modeli sayılır. Əgər ailədə zorakılıq, aqressiya və şiddət normal münasibət tərzi kimi qəbul edilirsə, uşaq da bunu həyatın adi qaydası kimi dəyərləndirir. Belə bir mühitdə böyüyən uşaqlarda emosional çatışmazlıqlar yaranır, şiddətə meyillilik artır, eyni zamanda, davranış pozuntuları özünü göstərir. Nəticə etibarilə valideynlərin münasibət və davranış forması uşağın gələcək psixoloji və sosial davranışlarının əsasını formalaşdırır.

- Uşaqlar şiddətdən danışmaqdan çəkinəndə valideyn və müəllimlər onların vəziyyətini necə anlaya bilərlər?

- Çox vaxt uşaqlar başlarına gələn zorakılıqdan açıq şəkildə danışmaqdan çəkinirlər. Bu halda onların yaşadıqları narahatlığı valideyn və müəllimlər daha çox davranışlarından və bədən dilindən anlaya bilərlər. Məktəb uşaqlar üçün ikinci ev sayılır və onlar burada özlərini rahat hiss etməyə çalışırlar. Lakin ailə daxilində və ya başqa mühitlərdə narahatlıq yaşayan uşaq bunu sözlə deyil, davranışları ilə ifadə edir. Məsələn, ünsiyyətdən qaçınma, qorxaqlıq, yaşıdlarına qarşı aqressiv davranışlar, göz təmasından yayınma kimi hallar uşağın içində yaşadığı sıxıntının göstəricisi ola bilər. Bu səbəbdən valideynlər və müəllimlər belə incə əlamətləri diqqətlə izləməli, vaxtında müdaxilə etməlidirlər.

- Texnologiya və sosial şəbəkələrin uşaqlara qarşı zorakılıq hallarının artmasında hansı rolu var?

- Texnologiya və sosial şəbəkələr müasir dövrdə uşaqların həyatında böyük yer tutur. Lakin bu təsir həmişə müsbət olmur, əksinə bir çox hallarda qalıcı psixoloji nəticələrə gətirib çıxarır. Uşaqlara qarşı zorakılığın artmasında texnologiyanın rolu danılmazdır. Zorakılığın normallaşdırıldığı filmlər, aqressiv kompüter oyunları uşaqlarda empatiya hissinin zəifləməsinə səbəb olur. Bu cür təsirlər uşaqların real həyatda zorakılığa daha həssas yanaşmasına, hətta bəzən onu davranış modeli kimi qəbul etməsinə gətirib çıxarır. Bundan əlavə, son illərdə geniş yayılan kiberzorakılıq da ciddi təhlükədir. Şantaj, təhqir, alçaldıcı mesajlar və xüsusən də sosial müqayisələr uşaqların psixoloji durumunu ağırlaşdırır. Başqalarının həyatını ideal görmək onların özünü dəyərsiz hiss etməsinə, daha çox təzyiq altında qalmasına və zorakılığa meyilli davranışlar göstərməsinə şərait yaradır.

- Şiddətə məruz qalan uşaqlar üçün hansı psixoloji yardım üsulları daha effektivdir?

- Şiddətə məruz qalan uşaqlar üçün düzgün psixoloji yardım yanaşması zəruridir. Onların emosional sağlamlığının bərpası və gələcək inkişafında sağlam münasibətlər qura bilməsi üçün bir sıra vacib amillər nəzərə alınmalıdır. Ən başlıca məsələ uşağın özünü tam təhlükəsiz və qorunmuş hiss edə biləcəyi güvən mühitinin yaradılmasıdır. Bu mühitdə uşaq narahatlıqdan uzaqlaşaraq özünü ifadə etməyə başlayır. Ardınca ailənin dəstəyi xüsusi əhəmiyyət daşıyır. Valideynlər uşaqlarını qınamadan dinləməli, anlamağa çalışmalı və onlara hər zaman yanında olduqlarını hiss etdirməlidirlər. Məhz anlayış, sevgi və dəstək uşaqların yaşadıqları psixoloji travmanı yüngülləşdirərək, sağalma prosesini sürətləndirir və eyni zamanda, onların həyatla bağlı pozitiv münasibət formalaşdırmasına kömək edir.

- Cəmiyyət səviyyəsində uşaqlara qarşı şiddətin qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

- Cəmiyyət səviyyəsində uşaqlara qarşı şiddətin qarşısını almaq üçün ardıcıl və kompleks addımlar atılmalıdır. Ən əvvəl qanunvericilik bazası mükəmməl şəkildə işlənməli və zorakılığa qarşı hüquqi tədbirlər tam tətbiq olunmalıdır. Bununla yanaşı, maarifləndirmə işləri geniş şəkildə aparılmalı, həm valideynlər, həm də uşaqlar zorakılığın nəticələri və ondan qorunma yolları barədə məlumatlandırılmalıdır. Təhsil sistemində məktəblər bu prosesdə xüsusi rol oynamalı, zorakılığa qarşı mübarizədə psixoloji dəstək mexanizmləri yaradılmalıdır. Sosial platformalarda da mövzu ilə bağlı ətraflı və maarifləndirici məlumatların işıqlandırılması uşaqların qorunması baxımından vacibdir. Beləliklə, həm hüquqi, həm maarifləndirici, həm də sosial tədbirlərin birlikdə həyata keçirilməsi uşaqlara qarşı zorakılığın qarşısını almaqda mühüm rol oynaya bilər.

Nigar Orucova, "İki sahil"

Избранный
5
ikisahil.az

1Источники