“Yandex”in həmtəsisçisi Arkadi Volojun sərvəti “Nebius”un “Microsoft” ilə razılaşmasından sonra “Nebius Group” səhmlərinin 49% bahalaşması nəticəsində bir gün ərzində 1 milyard dollar artıb.
Volojun ailə tresti vasitəsilə sahib olduğu pay artıq 2.9 milyard dollar, ümumi sərvəti isə 3.3 milyard dollar dəyərində qiymətləndirilir. O, Forbes siyahısında 1217-ci yeri tutur.
İlin əvvəlindən onun payının dəyəri təxminən üç dəfə artıb: 2024-cü ilin oktyabrında “Nebius” səhmlərinin dəyəri cəmi 630 milyon dollar idi.
Qeyd edək ki, müqavilə “Nebius“un süni intellekt sahəsində bulud biznesinin 2026-cı ildə sürətli inkişafına imkan verəcək. Şirkət bu layihə ilə bağlı xərcləri həm müqavilədən əldə olunan vəsait, həm də müqavilə ilə təmin edilən borc öhdəlikləri hesabına maliyyələşdirməyi planlaşdırır.
ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) verilən açıqlamaya görə, xidmətlərin tətbiqi bir neçə mərhələdə həyata keçiriləcək, müqavilələrin ümumi dəyəri isə 2031-ci ilə qədər 17.4 mlrd dollar olacaq. Bundan əlavə, “Microsoft” əlavə olaraq 2 milyard dollar həcmində xidmət almaq hüququnu saxlayır.