RU

Nəsimi Rayon İcra Hakimiyyəti Ombudsmanı aldadır – biznes qurumunun təsiri altına düşüb!

28 ildir Azərbaycanın istehlakçı hüquqlarını və 1998-ci ildən beynəlxalq istehlakçı təşkilatı“Consumers International”ın üzvü olaraq ölkəmizi dünyada təmsil edən “Azad İstehlakçılar” İctimai Birliyi (AİİB) bu gün məhkəmədə “Yeni Ailə” MTK ilə üz-üzə qalıb.

Birliyin sədri Eyyub Hüseynov Musavat.com-a bildirib ki, bunun səbəbi uzun illərdir ki, təşkilatın ofisinin yerləşdiyi Süleyman Rəhimov küçəsi 201, mənzil 10 ünvanındakı mənzil sökülməsi, müqaviləyə görə əvəzində təhvil veriləcək sahə isə 7 ildir tamamlanmır. MTK öhdəsinə götürdüyü icarə haqqını da 2024-cü ilin yanvarından ödəməkdən imtina edib. Hazırda təşkilat MTK-dan 17 min manat tələb edir.

Müqavilə 2018-ci ilin oktyabrında AİİB sədrinin oğlu Fuad Hüseynovla MTK nümayəndəsi Ziya Hacıyev arasında bağlanıb. Sənədə əsasən, bina 2020-ci ildə təhvil verilməli idi, lakin hələ də tikinti yekunlaşmayıb.

Eyyub Hüseynov deyir ki, Nəsimi Rayon İcra Hakimiyyətində keçirilən görüşdə MTK-nın müxtəlif “sahibləri” ortaya çıxıb. Kimisi icarə haqqını ödəməyəcəklərini, kimisi sahəni təhvil verməyəcəklərini açıq elan edib. Vətəndaşa qarşı MTK təmsilçilərinin demarşı dövlət qurumunda baş verib! İcra Hakimiyyətinin rəsmiləri MTK təmsilçilərinin bu qanunsuz açıqlamalarına göz yumublar.

Ən son ümid kimi müraciət edilən Ombudsman Aparatına da Nəsimi Rayon İcra Hakimiyyətindən yanlış məlumatlar verilib. 03.09.2025-ci il tarixli cavab məktubunda guya MTK-nın qeyri-yaşayış sahələrini sahiblərinə təhvil verdiyi bildirilib. Bu isə açıq yalandır – bina nə dövlət tərəfindən qəbul olunub, nə də sakinlərə təhvil verilib.

Hazırda tikintidə qaz, su, elektrik problemi qalır. MTK isə eyni vaxtda şəhərin başqa ərazilərində yeni layihələrə start verib.

Eyyub Hüseynov deyir ki, dövlətini sevən, sadə vətəndaş və ictimai xadim olaraq dəfələrlə televiziya vasitəsilə bu problemin işıqlandırılmasına çalışıb. Amma nə İcra Hakimiyyəti, nə də MTK bundan təsirlənib. Sonda 05.09.2025-ci ildə məhkəməyə müraciət etməyə məcbur olub.

Eyyub Hüseynovun sözlərinə görə 200-dən çox ailəni ağır vəziyyətə salan bir MTK-nı qorumaqla, Nəsimi Rayon İcra Hakimiyyəti faktiki olaraq vətəndaşların deyil, biznes maraqlarının tərəfində dayanır. Dövlət qurumunun belə davranışı isə həm utancverici, həm də qeyri-qanunidir.

 

E.MƏMMƏDƏLIYEV,
Musavat.com

Избранный
13
3
musavat.com

4Источники