RU

“Zelenskinin komandası”- Ukrayna millisinin diqqətinə

Bakıda milli komandalarının heç-heçəsinə görə üzr istəyənlər reabilitasiya üçün Azərbaycana gətirilən ukraynalı cocuqları, Prezident İlham Əliyevin dediyini və ölkələrinin ərazi bütövlüyü uğrunda canından keçən azərbaycanlıları unutmasınlar...

Ukraynalı futbol azarkeşləri ölkə millisinin baş məşqçisi Sergey Rebrovun istefasını tələb etməkdə haqlıdırlar. Çünki 2026-cı il mundialına ilk 2 oyundan 1 xal toplamaqla vəsiqə qazanmaq çətin ola bilər. FİFA reytinqində bu oyunadək 25-ci olan ukraynalılar indi 26-cı sıraya düşüblər, Azərbaycan isə az qala onlardan 100 pillə geridədir(122-ci yer). Ona görə autsayder hesab edilən bir rəqibə qarşı xal itirilməsi azarkeşlər arasında narazılıq dalğası yaradıb. Bir çox fanatlar sosial şəbəkələrdə komandanı “topa tuturlar”. Onlar hesab edirlər ki, Azərbaycanla matçda maksimum nəticə əldə olunmalı idi. Rebrov oyundan sonra keçirilən mətbuat konfransında azarkeşlərdən üzr istəsə də, fanatlar “məğlubiyyətə bərabər heç-heçə”ni bağışlaya bilmirlər. Rebrov bir neçə il də bizim yaxşı tanıdığımız “Ferensvaroş” da baş məşqçisi olub, milli komandaya isə 2023-ci ilin mayından rəhbərlik edir, yəni bu postda yeni sayılmaz.

команда-азерб-2-min.jpg

Ukraynanın idman saytlarında milli komandanın əcnəbi klublarının oyunçularına daha çox sitəm var. Məsələn, belə bir sitat: “İndi uşaqlar Bakıdan çantalarını yığıb bəziləri İngiltərəyə, bəziləri Portuqaliyaya, bəziləri İtaliyaya, Vanat İspaniyaya uçacaq. Amma Vladislav Vanat Azərbaycana qarşı heç nə göstərmədisə, La Liqada "Real" və "Barselona"ya qarşı nə edəcək? Bizim yaşadığımız vəziyyəti görmürlər. Bunun üçün futbolçular milli komandaya çıxıb, onları Ukraynada izləyən azarkeşləri sevindirməyə çalışmalıdırlar". “Yaşadığımız vəziyyət” dedikdə, hər gün irəliləyən Rusiya işğalını, başlarına yağan bombaları deyirlər...Haqlıdırlar.

Ukraynanın futbol ənənəsi zəngidir, SSRİ yığmasında ən çox bu ölkənin, əsasən də “Dnepr” və Kiyev “Dinamo” su klublarının oyunçuları təmsil edirdilər. Bloxini, Demyanenkonu, Pratasovu, Buryakı, Balı, Baltaçanı, Zavarovu yada salmaq kifayətdir. SSRİ dağılandan sonra da əcnəbi klublara ilk cığır açanlar sırasında ukraynalılar vardı. İndi dünyanın bir çox çempionatlarında da çox ukraynalılara rast gəlmək olar, hətta Argentinada, Braziliyada da. (“Qarabağ”dan Kaşuk daxil, Azərbaycan çempionatında da bir neçə nəfər var). Avropa da isə əvvəl də, indi də top klublarında oynayanfutbolçuları var, azarkeşlərin milli komandalarının Azərbaycana “uduzmasını” həzm edilə bilməməsinin bir vacib səbəbi də budur.
“Benfika”nın şərəfini qoruyan Ukrayna millisinin qapıçısı Anatoli Trubin bu nəticəni “biabırçılıq” adlandırıb. Qapılarına penaltiyə səbəb olan Zinçenko “Arsenal”da oynayır. İngiltərə, İspaniya, Almaniya liqalarında ukraynalılar yeni ad deyillər. Hətta müvafiq yaş səviyyələrində olan komandalarda bir neçə gənc ukraynalı var. Onlardan biri də Andrey Şevçenkonun oğlu bir il əvvələdək “Uotford”da idi, bəlkə də yenə oradadı...

fot.jpg

İlk dəfə təşkilatçı ölkə kimi seçmə mərhələdə iştirak etmədən Avropa çempionatına qatılan Ukrayna 2012-ci ildən bu turnirdə oynayır. Yadımdadır ki, Türkiyənin qatıla bilmədiyi belə qitə miqyaslı çempionatlarda Azərbaycandan çoxları Ukrayna millisinə azarkeşlik edirdilər.

Ukrayna nə qədər zəifləsə də, heyətində Azərbaycan millisindən güclü oyunçular yetərincədir. Müharibə başlayandan onların oyununa baxmaq imkanı olmayıb, ona görə Azərbaycanla qarşılaşma fürsət oldu. (Hətta oyundan əvvəl ukraynalıların bizə 0-2 qalib gələ biləcəyini demişdim).

Ukrayna çox zəif oynadı və oyun 1-1 başa çatdı. Amma və lakin...İslandiyaya ağır məğlubiyyətdən sonra baş məşqçisi qovulmuş, improvizə etsək, “portuqaliyası ölmüş Azərbaycan”la heç-heçə etməsinə bəzi reaksiyalar adamı bir az üzdü, bir az da nə gizlədim, qəzəbləndirdi.

behlul.jpg

Rebrov daxil, bəzi oyunçuları azarkeşlərdən üzr istədi, qapıçı nəticəni biabırçılıq adlandırdı, bir başqası meydanı pislədi və sairə. Bundan əvvəl Ukrayna Fransaya (0:2) uduzmuşdu, həm də nominal ev sahibi olaraq. (Ölkədə müharibə getdiyi üçün Ukrayna ev oyunlarını Varşavada keçirir). Ukraynanın Bakıya məhz 3 xal qazanmaq üçün gəlmələri anlaşılandır, bir az da düşünüblər ki, motivasiyası dağılmış, belə turnirlərdə heç bir iddiası olmayan milli komandadır, Bakıda qapılarına 3-4 top da biz vurarıq. Amma olmadı, vura bilmədilər, gücləri yetmədi, bəlkə bəxtləri gətirmədi. Sözümün canı: bunu Azərbaycan adı üzərindən vaysınmaları qəbuledilməzdir. Bəlkə də xüsusi diqqət etməmək də olardı, amma komandanın bir-birinin ağzına baxıb Azərbaycan millisinə qalib gəlməməyə görə üzr istəmələri pis mənzərədir. Əvvələ ona görə ki, bu oyundan bir gün əvvəl Ukraynanın sabiq baş məşqçsi Andrey Şevçenko Bakıya hörmət əlaməti olaraq stadionun açılışına dəvət edilmişdi. Açıqlamalarında bu jesti nəzərə almaq lazım idi. İkincisi, Azərbaycan Ukraynaya hər zaman dəstək verən ölkə olub, indi Rusiya hər cür böhtan da(guya ağır silahlar, MİQ-29 vermişik və s.)atır. Maddi dəstəyi dövlət verib, miqdarı vacib deyil, bəlkə bu Kiyev üçün Avropanın verdiyi milyardlar qarşlığında “tum pulu”dur, amma Azərbaycan müharibədən yeni çıxıb, o vəsaiti məsələn, ermənin dağıtdığı bir kəndin tikintisinə yönəldə bilərdi. Bakıya demək olar ki, hər ay reabilitasiya üçün gətirilən ukraynalı cocuqları da unutmasınlar. Ən əsası, Ukraynanın ərazi bötövlüyü uğrunda canından keçən, Azərbaycan bayrağına bükülüb dəfn edilən azərbaycanlıları da!

Azərbaycan

Azərbaycan qalib xalqdır! Torpağını düşməndən tam təmizləyib, Prezident İlham Əliyevin Azərbaycanı Ukraynaya nümunə göstərməsini yada salsınlar. Bu gözəlim ölkənin adını çəkib bu qədər üzr istəmək gərəksiz işdir. Ukrayna millisi də çalışsın ki, onlara heç kim belə nəticələrə görə “Zelenskinin komandası” deməsin...

Nazim SABİROĞLU
Musavat.com

Избранный
14
musavat.com

1Источники