RU

Problemli kreditlər sürətlə artır: nə baş verir?

Burada əsas diqqət təkcə problemli kreditlərin məbləğinin artmasına deyil, həm də onların ümumi kredit portfelindəki payının yüksəlməsinə yönəlməlidir. Çünki kreditlərin çoxaldığı dövrlərdə problemli kreditlərin də artması təbii haldır. Hazırda isə xüsusilə istehlak kreditlərində artım müşahidə olunur və bu, narahatlıq üçün əsas yaradır.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli ölkədə vaxtı keçmiş kreditlərin artım tendensiyası barədə danışarkən deyib.

Ekspertin sözlərinə görə, 2025-ci il iyulun 31-nə problemli kreditlərin ümumi portfeldə payı 2,8% təşkil edib:

“Halbuki ötən ilin eyni dövründə bu göstərici 2,1% idi. İstehlak kreditlərində də ciddi artım var – 2024-cü ilin sonunda 2,9% olan göstərici bu il 3,5%-ə yüksəlib.

Problemli kreditlərin artmasının əsas səbəbi ilk olaraq yüksək faiz dərəcələri ilə bağlıdır. Son iki ildə faizlər artırılıb və bu, borc alanlar üçün ödəniş çətinliyi yaradır. İkinci səbəb inflyasiyadır – qiymətlərin artması, xüsusilə sabit gəlirlə yaşayan insanların kredit ödəmələrini çətinləşdirir. Üçüncü amil isə bankların riskli müştərilərə kredit verməsidir. Rəqabət şəraitində banklar daha riskli müştərilərə kredit ayırır və bu da problemli kreditlərin sayını çoxaldır”.

Onun sözlərinə görə, hazırkı vəziyyət bank sektorunda ciddi problem yaratmır, amma dinamika diqqətlə izlənilməlidir. Gələcək proseslər isə Mərkəzi Bankın və Maliyyə Nazirliyinin siyasətindən asılı olacaq:

“Mərkəzi Bank 2023-cü ilin dekabrından məcburi ehtiyat normalarını kəskin artırıb, Maliyyə Nazirliyi isə dövlət vəsaitlərini banklarda yerləşdirməyə başlayıb. Bu, qısa müddətdə ciddi təsir göstərməsə də, likvidliyi müəyyən qədər tənzimləyir. Ancaq məcburi ehtiyatların artması bankların sərbəst vəsaitini azaldır, nəticədə depozit faizləri yüksəlir. Bu gün iri banklarda depozit faizləri 11–12% civarındadır, əvvəl isə 6–8% idi. Banklar pulu baha aldıqları üçün krediti də baha satırlar”.

İqtisadçı hesab edir ki, faizlərin azalması təkcə bankların istəyindən deyil, həm də hökumətin və Mərkəzi Bankın həyata keçirdiyi siyasətdən asılıdır:

“Əgər mövcud siyasət eyni şəkildə davam edərsə və faizlər yüksək qalarsa, problemli kreditlərin payı artmaqda davam edəcək. Siyasət yumşaldılarsa, artımın qarşısını almaq mümkündür. Proqnozlar birbaşa olaraq gələcək siyasətdən asılı olacaq”.

Избранный
11
2
hurriyyet.az

3Источники