RU

Heydər Əliyev Fondu Vatikan Apostol Kitabxanası və Apostol Arxivi ilə memorandum imzalayıb

Heydər Əliyev Fondu, Azərbaycan Milli Elmlər Akademiyası ilə Vatikan Apostol Kitabxanası və Apostol Arxivi arasında anlaşma memorandumu imzalanıb.

Memorandumu Müqəddəs Taxt-Tacda Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri arxiyepiskop Covanni Çezare Paqatzi imzalayıblar.

Sənədin məqsədi elm və tədqiqat sahəsində birbaşa əməkdaşlıq və təcrübə mübadiləsini dəstəkləmək, həmçinin Vatikan arxivlərində Azərbaycan tarixi ilə bağlı sənədlərin araşdırılması, qorunması və rəqəmsallaşdırılmasını təmin etməkdir.

1475-ci ildə təsis edilən Vatikan Apostol Kitabxanası dünyanın ən qədim və nüfuzlu elmi mərkəzlərindən biri hesab olunur. Vatikan Apostol Arxivi isə 1612-ci ildə Papa V Pavelin fərmanı ilə kitabxanadan ayrılaraq müstəqil qurum kimi formalaşıb. Arxiv bu gün dünya üzrə ən mühüm və tədqiqatçılar üçün qiymətli olan tarixi mənbələrdən biri kimi tanınır.

***

Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Müqəddəs Taxt-Tacın Bambino Gesu pediatrik xəstəxanası arasında əməkdaşlığa dair anlaşma memorandumu da imzalanıb.

İmzalanma Prezidentin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovun Müqəddəs Taxt-Taca səfəri çərçivəsində baş tutub. Sənədi Anar Ələkbərov və Bambino Gesu xəstəxanasının rəhbəri Tiziano Onesti imzalayıblar.

Anlaşma memorandumu çərçivəsində Avropanın ən böyük pediatrik tibb müəssisəsi ilə təlim-tədris proqramlarının həyata keçirilməsi, molekulyar genetika və fərdi tibbi yanaşma sahəsində birgə tədqiqatların aparılması, eləcə də Azərbaycanda müalicəsi mümkün olmayan mürəkkəb klinik halların Bambino Gesu ilə birgə diaqnostikası və müalicəsi nəzərdə tutulur.

1869-cu ildə əsası qoyulan Bambino Gesu xəstəxanası hazırda uşaq xəstəlikləri üzrə Avropanın ən böyük xəstəxanası və tədqiqat mərkəzi, eyni zamanda, bütün növ uşaq orqan, hüceyrə və toxuma transplantasiyasını yerinə yetirmək üçün səlahiyyətli Avropa mərkəzlərindən biridir. Xəstəxana, həmçinin 40-dan çox ölkənin iştirak etdiyi nadir xəstəliklər üçün ən böyük qlobal məlumat bazası olan “Orphanet”in İtaliyadakı qərargahıdır.

XQ

Избранный
6
xalqqazeti.az

1Источники