RU

Bakı-Paris barışığı: Makronu bağışlamaq olarmı?

Fransa Azərbaycanın yaratdığı reallıqları qəbul etmək məcburiyyətindədir 

Azərbaycan-Fransa münasibətləri ən qəliz dövrünü yaşayır. Bu da müstəsna olaraq, rəsmi Parisin apardığı ermənipərəst destruktiv siyasətlə birbaşa bağlıdır.

“Azərbaycan Fransa ilə münasibətlərin tezliklə normallaşacağını gözləyir”. Bunu Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Fransa mətbuatına müsahibəsində deyib. Onun sözlərinə görə, ikitərəfli münasibətlərin pisləşməsi Bakı və İrəvan arasında artıq başa çatmış münaqişə ilə bağlı “Parisin qərəzli mövqeyi” ilə əlaqədardır.

Diplomat vurğulayıb ki, Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalamağa yaxındır: “Biz həqiqətən də ölkələrimiz arasında düşmənçilik səhifəsini bağlamışıq. Və hazırda sülhün yekun imzalanmasının qarşısında duran yalnız bir şey var - Ermənistanın konstitusiyası”.

Diplomat bəzi məsələləri qabartmasa da, bəllidir ki, prezident Makronun Qarabağ münaqişəsi ilə bağlı tutduğu mövqe ölkələrarası problemlərdən yalnız biridir. İndi bu problem aradan qalxıb, daha nə “Dağlıq Qarabağ”, nə münaqişə var. Avropadakılar da artıq bunu anlayırlar. İndi münaqişə yoxdur, həll olunub, qalıb sülh sənədinin imzalanması. Ona görə də bu məsələ ilə bağlı çağırışlar etmək, bəyanatlar vermək mənasızdır və bunu Paris yaxşı başa düşür. Düzdür, Avropa Parlamenti zaman-zaman anti-Azərbaycan çağırışlar, qətnamələr qəbul edir. Amma Azərbaycan tərəfi bu qətnamələrə cavab belə vermir. 

Parislə soyuqluq yaradan ikinci məsələ insan hüquq və azadlıqları ilə bağlı idi ki, çalışırdılar Azərbaycana insan haqları, demokratiya ilə bağlı dərs keçsinlər. Lakin məlum oldu ki, Fransa siyasətində ən yüksək reytinqi olan Marin Le Pen haqqında cinayət işi açıldı, seçkidən beş il müddətinə kənarlaşdırıldı. 

Fransa da Azərbaycanın yaratdığı reallıqları qəbul etmək məcburiyyətindədir. Parisin anti-Azərbaycan təşəbbüsləri Avropa İttifaqında fayda vermədi. Çünki Azərbaycan Avropanın digər ölkələri ilə ikitərəfli münasibətlər qurub və inkişaf etdirib. Burada itirən Fransa oldu. Fransa rəhbərliyi anlamalıdır ki, Azərbaycana qarşı siyasət Parisə heç nə vermir. Azərbaycanın isə Fransa ilə süni şəkildə gərginlik yaratmaq marağı olmayıb, indi də yoxdur. Əgər Makron laxlamış hakimiyyətini saxlaya bilsə, Bakı ilə münasibətlərdə yeni səhifə açıla bilər.

Azərbaycançı

Elçin Mirzəbəyli

Milli Məclisin deputatı Elçin Mirzəbəyli “Yeni Müsavat”da diqqətə çatdırdı ki, Azərbaycan-Fransa münasibətlərində yaranmış böhran təsadüfi deyil, birbaşa Emmanuel Makronun yanlış və destruktiv siyasətinin nəticəsidir: “Qarabağ müharibəsi dövründə Fransa prezidenti bütün vasitəçilik missiyasını kənara qoyaraq, açıq şəkildə Ermənistanın tərəfini tutdu. Bu addım münasibətlərdəki balansı pozmaqla yanaşı, Fransanı etibarlı tərəfdaş imicindən də məhrum etdi. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra isə Makronun siyasəti tam mənada iflasa uğradı. Çünki artıq yalnız sülh sazişinin imzalanması prosesi qalıb. Bu həqiqəti Avropada hamı qəbul edib, sadəcə, Paris hələ də özünü aldatmaqla məşğuldur. Fransa həm də insan haqları mövzusunu Azərbaycana qarşı təzyiq alətinə çevirməyə çalışdı. Halbuki Fransanın özündə demokratiya nümunə olmaqdan çoxdan çıxıb. "Sarı jiletlilər" hərəkatı zamanı nümayişçilərə qarşı tətbiq edilən qəddarlıq, polis zorakılığı, söz azadlığının məhdudlaşdırılması, Marin Le Penin seçkilərdən kənarlaşdırılması - bütün bunlar Fransa siyasətinin ikiüzlülüyünü göstərir. Belə bir ölkənin Azərbaycana demokratiya dərsi keçməsi nəinki qeyri-ciddi, hətta riyakar yanaşmadır. Makron Azərbaycanın qırmızı xətlərini dəfələrlə keçib. Parisin ermənipərəst mövqeyi, anti-Azərbaycan çağırışları və əsassız ittihamları dialoqu qeyri-mümkün edib. Bakı heç vaxt süni gərginlik yaratmaq marağında olmayıb, amma Makronun mövqeyi ikitərəfli münasibətləri zədələyib. Bu gün reallıq ondan ibarətdir ki, nə qədər ki, Makron və onun komandası hakimiyyətdədir, Bakı ilə Paris arasında səmimi dialoq mümkün deyil.  Makronun siyasi ömrü, hər halda, məhduddur. O, hakimiyyətdən gedəndən sonra Fransada yeni rəhbərlik reallıqları qəbul etməyə, Azərbaycanla münasibətləri normallaşdırmağa məcbur qalacaq. Amma indiki şəraitdə sual açıq qalır: Makronun iflasla nəticələnmiş siyasəti tarixdə sadəcə bir səhifə kimi qalacaqmı, yoxsa Fransa bu səhvlərin qarşılığını daha uzun müddət ödəməli olacaq?"

İndi

Əli Orucov

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov Makronun Azərbaycanla bağlı siyasətinin bumeranq effekti verdiyini qeyd etdi: “Fransa Qərbin aparıcı dövlətlərindən biridir. Onun BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olmaqla dünya siyasətinin müəyyənləşməsində də aktiv rolu olub. Lakin Parisin zaman-zaman buraxdığı səhvlər və hadisələri düzgün qiymətləndirə bilməməsi səbəbindən əvvəlki mövqelərini də, nüfuzunu da xeyli dərəcədə itirib. Afrikadan çıxarıldı, müstəmləkəsi olan Dəniz Aşırı bölgələrdə ciddi müqavimətlə üzləşməkdədir. Hətta Makron iqtisadi daxili böhranla bacarmır, bir-birini əvəz edən kabinet ölkədəki problemlərin öhdəsindən gəlməkdə acizdir. Fransanın ən böyük səhvlərindən biri də Ermənistan üzərindən Cənubi Qafqazda maraqlarını təmin etmək niyyətinə düşməsi oldu. Halbuki Fransa ilə Azərbaycan arasında işgüzar və normal münasibətlər vardı. Makronun aşırı ermənipərəstliyi və Bakı ilə konstruktiv əməkdaşlığı deyil, təzyiq vasitəsini düşünməsi bumeranq effekti verdi. Nə Parisin Ermənistanı silahlandırması, nə siyasi bəyanatları, nə də təmsil olunduğu regional və beynəlxalq təşkilatların, həmçinin media vasitəsilə apardığı kampaniyanın məqsədlərinə nail olması üçün edilən cəhdlər nəticə vermədi. Bakının demarşı daha təsirli və sarsıdıcı oldu. Makron anladı ki, Cənubi Qafqaza gəlmək üçün Azərbaycanla dil tapmaqdan, əlaqələri bərpa etməkdən keçir. Digər tərəfdən, Ermənistan Azərbaycanın bütün şərtlərini demək olar ki, yerinə yetirib və iki ölkə arasında sülh sazişi paraflanıb. Bundan qaçmaq, yaxud imtina etmək Ermənistanı fəlakətə aparardı və Makron özünü də beynəlxalq ictimaiyyətin qınağına məruz qoyardı. Zəngəzur dəhlizinin açılması barədə razılaşma Parisi qane edir. Məncə, bu dəhlizə Rusiyanın nəzarət etməsindənsə, Birləşmiş Ştatların nəzarətinə etməsi üstün variantdır. Ağ Evdə 8 avqustda keçirilən görüşlər və imzalanan tarixi sənədlər Cənubi Qafqazda sülh, əməkdaşlıq, ticarət, tranzit və rifah üçün geniş imkanlar açır. Paris də çalışacaq ki, həmin imkanlardan bəhrələnsin. Ona görə də Fransanın Azərbaycana baxışlarında yumşalmaların olacağı gözləniləndir. Azərbaycanın xarici siyasətinin üstünlüyü ondadır ki, beynəlxalq hüquqa və prinsiplərə, həmçinin qarşılıqlı hörmətə və dialoqa üstünlük verir. Parisdən də bu cür davranış gözləyir. Bir müddət əvvəl Fransanın Azərbaycana yeni təyin olunmuş səfiri ilə Fransadakı səfirimiz, xanım Leyla Abdullayeva ilə birgə ötürülən rəsmləri müsbət impulslar idi. Bakının mövqeyini xanım səfirimiz Fransa mətbuatında açıq şəkildə çatdırdı. Bundan sonrası qalır prezident Makrona. Hesab edirəm ki, Bakı-Paris əlaqələrini yenidən üst səviyyəyə qaldırmaq üçün heç bir maneə və bəhanə yoxdur”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Избранный
65
musavat.com

1Источники