RU

Can Holdinqə əməliyyat: Habertürk və Show TV də müsadirə olunan qurumlar arasında

BAKI, TurkicWorld, Fərid Mikayılov

İstanbul Küçükçəkməcə Rayon Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində Can Holdinqə bağlı 121 şirkətin əmlakına həbs qoyulub və onlar Əmanətlərin Sığortalanması Fondunun (TMSF) idarəsinə verilib.

TurkicWorld xəbər verir ki, prokurorluğun açıqlamasına görə, holdinq rəhbərliyi tərəfindən “cinayətkar təşkilat yaratmaq, dələduzluq, qaçaqmalçılıq və çirkli pulların yuyulması” kimi ittihamlarla araşdırma aparılır.

Maliyyə Cinayətlərini Araşdırma Şurası (MASAK) və digər nəzarət qurumlarının hesabatları əsasında müəyyən olunub ki, holdinq strukturu vasitəsilə mənşəyi bəlli olmayan pullar şirkət hesablarına köçürülüb, bu vəsaitlər müxtəlif şirkətlər arasında dövr etdirilərək gizlədilməyə çalışılıb və vergi öhdəliklərindən yayınmaq üçün saxta sənədlər tərtib edilib.

Prokurorluq bildirib ki, qurulan şəbəkə Kemal Can və Mehmet Şakir Can rəhbərliyində fəaliyyət göstərib, şirkətlər arasında tez-tez idarə heyəti dəyişdirilərək məsuliyyətin yayındırılması məqsəd qoyulub.

Əl qoyulan qurumlar arasında Habertürk TV, Show TV, Bloomberg HT telekanalları ilə yanaşı, Doğa Kolleci və Bilgi Universiteti də var. Bu qurumlar 2024-cü ilin dekabrında Turqay Ciner tərəfindən Can Holdinqə satılmışdı.

İstanbul Jandarma İdarəsinin keçirdiyi əməliyyat çərçivəsində 10 nəfər barəsində həbs qərarı çıxarılıb və onlar saxlanılıb. Əməliyyat zamanı çoxsaylı sənədlər və rəqəmsal materiallar müsadirə olunub.

“Can Holdinq strukturu vasitəsilə qeyri-qanuni gəlirlər müxtəlif sahələrə yönləndirilib, bu yolla həm çirkli pulların yuyulması, həm də ictimai nüfuz qazanmaq hədəflənib”- deyə Prokurorluq əməliyyatın məqsədini belə açıqlayıb.

Избранный
37
turkic.world

1Источники