RU

Məktəbli avtobusları fəaliyyətə başlayır? - Nazirdən AÇIQLAMA

"Məktəbli avtobusu layihəsi hazırda layihə pilot xarakteri daşıyır və cari tədris ili ərzində tədricən yəni hər ay artırılmaqla növbəti tədris ilində həcminin dəfələrlə artırılması nəzərdə tutulur".

Bu barədə elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən yeni tədris ilinə dair media birifinqində Redaktor.az-ın əməkdaşının sualını cavablandırarkən bildirdi.

Onun sözlərinə görə, məktəbli avtobusu layihəsi dövlət-özəl partnyorluğu əsasında icra olunur:

"Yəni bu layihədə Nazirliyin öz avtobusları və ya digər dövlət qurumlarının avtobusları iştirak etmir. Burada söhbət özəl şirkətlərə məxsus avtobuslardan gedir. Valideyn özü qərar verir ki, övladını həmin avtobusla məktəbə göndərmək istəyir, yoxsa yox. Məsələnin mahiyyəti ondan ibarətdir ki, valideyn deyir: “Mən övladımı öz şəxsi avtomobilimlə aparmıram, ictimai nəqliyyatdan istifadə etməkdənsə, məktəbli avtobusları var, ödənişli şəkildə onlardan istifadə edirəm”. Bu ödənişli xidmətdir. Necə ki, valideyn övladını taksi ilə də göndərə bilər, eyni qaydada məktəbli avtobusundan istifadə edir. Sadəcə, avtobusla aparmaq həm daha sərfəli, həm də şəhər üçün daha faydalıdır. Çünki 10 maşın əvəzinə bir avtobusun hərəkəti daha səmərəlidir.

Dövlət isə deyir: əgər belə bir təşəbbüs mövcuddursa, biz A) müəyyən güzəştlər təqdim edə bilərik (maddi və digər dəstək), B) avtobus xətlərindən elə istifadə edə bilərik ki, uşaqlar məktəbə daha sürətli çatsın. Yəni həmin avtobuslar bu xətlərdən yararlana biləcək".

Nazir qeyd etdi ki, hazırda bununla bağlı hüquqi tənzimləmələr üzərində iş aparılır. Cari tədris ili ərzində, əvvəlcədən elan edildiyi kimi, həmin avtobusların sayı və istiqamətləri tədricən artırılacaq.

Aytəkin TOFİQQIZI

2
Избранный
10
redaktor.az

1Источники