RU

“Putinin müharibə maşınına zərbə endirilməlidir” “Bu diktator yalnız gücə boyun əyir”

ain.az, Azpolitika.az saytına istinadən bildirir.

ABŞ Senatının üzvü Rocer Uiker çıxışı zamanı Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünü kəskin şəkildə pisləyib və Vladimir Putini “müharibə cinayətkarı” adlandırıb. Senator bildirib ki, son səkkiz ay ərzində Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Donald Tramp atəşkəs təşəbbüsləri ilə çıxış etsələr də, Kreml danışıqları sadəcə imitasiya edir və hər dəfə yeni hücumlara əl atır.

Uikerin sözlərinə görə, ötən həftəsonu Rusiya müharibə başlayandan bəri ən böyük hava hücumunu həyata keçirərək Ukrayna şəhərlərinə, o cümlədən paytaxt Kiyevə 800-dən çox İran istehsalı dron və raket göndərib. Hücum nəticəsində Nazirlər Kabinetinin yerləşdiyi əsas dövlət binası da zərər görüb.

“Putin bir daha sübut etdi ki, onun məqsədi Ukraynanın demokratik yolla seçilmiş hökumətini devirməkdir. Bu diktator sülhlə maraqlanmır, yalnız gücə boyun əyir”, – senator vurğulayıb.

Uiker həmçinin qeyd edib ki, Putinin hərbi əməliyyatları əsasən mülki əhaliyə qarşı yönəlib: “Onun hücumları nəticəsində uşaq bağçaları, yaşayış binaları, xəstəxanalar dağıdılıb. Bu, sadəcə müharibə cinayətidir”.

Senator çıxışı zamanı ABŞ Prezidenti Donald Trampın mövqeyinə də toxunub. Onun sözlərinə görə, Tramp artıq Rusiyaya qarşı iqtisadi təzyiqləri artırmağa hazır olduğunu bəyan edib. Uiker isə bu təşəbbüsü dəstəkləyərək bildirib: “Biz Putin rejiminin müharibə maşınını maliyyələşdirən imkanlarını kəsməliyik. Bunun yeganə yolu sərt iqtisadi sanksiyalardır”.

Uiker əlavə edib ki, Çin, Şimali Koreya və İran Rusiyaya dəstək göstərməklə müharibənin uzanmasına şərait yaradır. Onun fikrincə, ABŞ və müttəfiqləri Putinin iqtisadiyyatını iflic etmək üçün bütün vasitələrdən istifadə etməlidir.

Sonda senator Senatda geniş dəstəyə sahib sanksiya paketinin qəbulunu vacib hesab etdiyini vurğulayıb: “Əks halda Putin dayanmayacaq. Biz onun müharibə maşınına zərbə endirməliyik”.

Rasim Əliyev

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
17
azpolitika.info

1Источники