BAKI, TurkicWorld, Fərid Mikayılov
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş, “Terrorsusuz Türkiyə” hədəfi ilə yaradılan Milli Dayanışma, Qardaşlıq və Demokratiya Komissiyasının iclasında çıxış edərək həm İsrailin hücumlarına münasibət bildirib, həm də komissiyanın məqsədlərini açıqlayıb.
TurkicWorld xəbər verir ki, Kurtulmuş, İsrailin bölgədəki son hərbi əməliyyatlarını “hamını dərin oyanışa sövq etməli olan addım” kimi qiymətləndirərək, regional birlik və həmrəyliyin vacibliyini vurğulayıb.
“İsrailin bu hücumlarına qarşı biz də bölgə xalqları olaraq bir və birlikdə olduğumuzu göstərməyə məcburuq. Komissiyanın yaradılmasının əsas səbəblərindən biri də məhz budur” – deyə o qeyd edib.
TBMM sədri, komissiyanın fəaliyyətinin əsas hədəflərini belə izah etdi:
- Milli həmrəyliyi möhkəmləndirmək,
- Etnik və məzhəb fərqlərindən asılı olmayaraq qardaşlığı ön plana çıxarmaq,
- Demokratiya standartlarını yüksəltmək və hər kəsin azad, təhlükəsiz şəraitdə yaşadığı bir Türkiyə qurmaq.
Komissiyanın fəaliyyəti terrorla mübarizə, milli birlik və demokratiyanın gücləndirilməsi istiqamətində strateji addım kimi dəyərləndirilir. Kurtulmuşun çıxışı isə həm daxili həmrəyliyi, həm də regional təhdidlərə qarşı birgə mövqenin vacibliyini ön plana çıxarır.