RU

Məktəblərdə yeni dərs TƏKLİFİ – “Şiddətin qarşısını alacaq”

1993-cü ildən bəri Danimarkada məktəblərdə sinif saatları adlı  həftəlik empatiya dərsləri tədris olunur. Dərslərin məqsədi isə şagirdlərə dinləməyi, bir-birlərinin problemini anlamağı öyrətməkdir.

Hətta bu dərsin tədris olunması ölkədə zorakılıq hadisələrinin azalmasına səbəb  olub və buna görə də ölkədəki zorakılıq göstəricisi 24.4-dən 6.3-ə düşüb.

Maraqlıdır, belə bir dərsin Azərbaycanda tədrisi necə nəticə göstərər? Şagirdlərin empatiya kimi hisslərinin inkişafında məktəbin rolu nə qədərdir?

Psixoloq Ofelya Məmmədova Bizim.Media-ya açıqlamasında bildirib ki, uşaqlar empatiya qurmağı öyrənsələr, məktəbdə dalaşma, zorakılıq və aqressiya azalır. Müsahibimiz belə dərslərin Azərbaycanda da tədris edilməsinin tərəfdarıdır:

“Azərbaycanda da belə dərslər keçilsə,  çox böyük faydası olar. Bizdə də uşaqlar bəzən bir-birinə kobud davranır. Empatiya dərsləri onlara dostluq etməyi, bir-birinə qulaq asmağı və problemləri sülhlə həll etməyi öyrədər”.

Bəs uşağa empatiya qurmağı neçə yaşdan öyrətmək lazımdır?

“Bu dərslər İbtidai məktəbdən, yəni 6–7 yaşdan başlasa daha yaxşıdır. Kiçik yaşda oyunlar, nağıllar vasitəsilə öyrədilə bilər. Böyüdükcə mövzular daha geniş ola bilər – məsələn, dostluq münasibətləri, internetdə davranış və s. Uşaq və yeniyetmələrdə zorakılığın qarşısını almaq üçün empatiya əsas açardır. Tədris yalnız bilik deyil, həm də həyat bacarıqları verməlidir. Məktəbdə belə dərslər sağlam psixoloji mühit yaradır”.

İnsanlarla münasibətləri öyrədən başqa hansı dərslər tədris edilsə, yaxşı olar?

“”Hissləri tanımaq və idarə etmək “, “münaqişələri zorakılıqsız həll etmək”, “rəqəmsal mədəniyyət (internetdə düzgün davranmaq),  “tənqidi düşüncə və həyat bacarıqları” dərsləri keçirilə bilər.

Bu dərsləri yalnız məktəb yox, evdə də  pozitiv və ümidverici ton saxlayın. Bununla uşaqlar daha xoşbəxt və güvənli böyüyə bilərlər”,-deyə müsahibimiz qeyd edib.

Nəzrin Mirzəyeva, Bizim.Media

Избранный
17
1
bizim.media

2Источники