RU

Aeroportda yalnız "London taksi" və "Bolt aeroport" -antiinhisar bitdimi?


Kamran Məmmədli: “Taksi sahəsi də inhisara alınır”

Bakı aeroportundan şəhər istiqamətində taksi sifarişlərinə məhdudiyyətin qoyulması ilə bağlı iddialar yayılıb. Məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanından xüsusi tətbiq vasitəsilə taksi sifariş etmək olmur.

Belə ki, “Bolt” və “Yango” tətbiqinə daxil olan sərnişinlərə əvvəlki kimi seçim imkanı tanınmır. Aeroport ərazisində “Bolt” və “Yango” xidmətləri deaktiv olunduğundan, sərnişinlərə yalnız “London taksi”ləri və “Bolt Aeroport” seçimi tanıdılır. Bu taksilərin isə hava limanından şəhər mərkəzinə xidmət haqqı 22-25 manat təşkil edir.

Bununla bağlı bir neçə gün əvvəl Heydər Əliyev Beynəlxalq Hava Limanı açıqlama yaydı. Qeyd edilirdi ki, əsas məqsədlərdən biri sərnişinlərə yüksəksəviyyəli xidmət göstərmək və onların rahatlığını təmin etməkdir. Bu tələblər şəxsi nəqliyyat vasitələri ilə Hava Limanına edilən səfərlərə şamil edilmir.

Onu da qeyd edək ki, taksi sürücüləri artıq qeyd edilən istiqamət üzrə sifariş götürmür, çünki geri qayıdanda onlar boş qayıtmalı olacaq. Bu da onlara sərf etmir.

“Hava Limanından şəhərə gələcək taksilər daim saz vəziyyətdə olmalıdır, POS-terminalı olan sürücülər xidmət göstərə biləcək”

Iqtisadçı Kamran Məmmədli “Bakı-Xəbər”ə şərhində qeyd etdi ki, Azərbaycan taksi qiymətlərinə görə ən ucuz ölkələrdən biri sayılırdı: “Ancaq son zamanlar bu sahədə müəyyən işlər görüldü, islahatlar həyata keçirildi. Bu islahalatlar taksi sayının azalmasına və qiymətə təsir etdi. Lakin keyfiyyət olduğu kimi qalır. Yeni yayılmış məlumata görə, Hava Limanına hər taksi gedə bilməyəcək. Bu isə o deməkdir ki, taksi sahəsi də inhisara alınır. Şəhərdən Hava Limanına istənilən taksi ilə getmək olar, ancaq şəhərə gəlmək üçün ancaq xüsusi taksilərdən istifadə olunmalıdır. Həmin taksilərin qiyməti isə 22-25 manatdan başlayır. Bununla turizm inkişaf etməz, əksinə olar. Məlumdur ki, taksilərlə bağlı əsas narazılıq ödənişin nağdsız həyata keçirilməsi idi. Bu problemin həlli üçün müəyyən çıxış yolları axtarılır. “London taksi”ləri və “Bolt Aeroport”da avtomobili daim saz vəziyyətdə olan, POS-terminalı olan (istər yerli, istərsə də xarici vətəndaşın nağd pulu olmaya bilər) sürücülər xidmət göstərə biləcək. Bu sadə tələblərə cavab verən taksilər Hava Limanından sərnişin daşıya biləcəklər”.

Günel CƏLİLOVA

Избранный
57
baki-xeber.com

1Источники