RU

Şimali Kiprin başının üstündən dünyaya qaz ixracına başlayırlar - Türkiyə buna dözməz...


Telman Nüsrətoğlu: “Güman etmirəm ki, ŞKTC-nin və Türkiyənin razılığı olmadan, Kipr məsələsi bütövlükdə həll edilmədən Kiprin boru xəttini çəkib qazı Avropa bazarlarına daşıması mümkün olsun”

Kipr Respublikasının Kronos yatağından hasil edilən qaz 2027-ci ildə Avropaya ixrac ediləcək. Hasilata İtaliya-Fransa konsorsiumu (Eni + Total) cavabdehdir. Qaz Misirin Damietta limanında mayeləşdiriləcək. Nəticədə Kipr Misir vasitəsilə Avropanın enerji bazarına daxil olacaq. Kiprin hələ də öz mayeləşdirilmiş təbii qaz terminalı yoxdur.

Kipr Xəbər Agentliyinin məlumatına görə, Kronos yatağının (sahə № 6) işlənməsi planlarını Misirin neft və mineral ehtiyatlar naziri Kərim Bədəvi Lefkoşadakı prezident sarayında keçirdiyi görüşdən sonra açıqlayıb. O, layihənin ölkəsi üçün, eləcə də Avropanın enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Kronosun Eni-nin də inkişaf etdirdiyi Misirin Zohr qaz yatağına yaxınlığı ona mövcud infrastrukturdan istifadə etməyə imkan verəcək. Kipr Respublikasının energetika naziri Giorgos Papanastasiou iki ölkə arasında sazişin yaxın vaxtlarda imzalanacağını bildirib. O, bütün zənciri əhatə edəcək - Kipr şelfində qaz hasilatı və Damiettada mayeləşdirmədən tutmuş Avropaya ixraca qədər. Kronos üçün investisiya layihəsinin imzalanması 2025-ci ilin sonunda gözlənilir.

Kipr Türkiyə ilə mübahisəni həll edib ki, adanın təbii sərvətini artıq ixrac etməyə başlayır? Bəs Şimali Kiprin haqları necə olacaq?

“Bu çox böyük və çətin geosiyasi mübarizədir”

Politoloq Telman Nüsrətoğlu “Bakı-Xəbər”ə bildirdi ki, bu sadəcə Kipr məsələsi deyil, Şərqi Aralıq dənizinin zəngin korbohidrogen yataqlarının işlədilməsi və Avropa bazarlarına çıxarılması geosiyasi, geoiqtisadi məsələdir. “Ona görə də, burda Kipr məsələsi tam həll edilmədən bu işləri görmək istəyirlər. Yəni Şərqi Aralıq dənizinin resursları eyni zamanda Şimali Kipr Türk Cumhuriyyətinə aiddir. Orda mübahisəli məsələ boru xəttinin hardan keçəcəyidir. İsrail, yunan Kipri və Yunanıstanın əməkdaşlığının bir istiqaməti də əslində Türkiyəyə qarşı yönəlib. Türkiyəni Aralıq dənizinin zəngin korbohidrogen yataqlarından məhrum etmək niyyəti güdürlər. Amma Türkiyə də Liviya ilə anlaşma imzalayıb, yəqin ki, gələcəkdə Misirlə də belə bir anlaşma olacaq. Bu çox böyük və çətin geosiyasi mübarizədir. Güman etmirəm ki, Şimali Kipr Türk Cumhuriyyətinin (ŞKTC) və Türkiyənin razılığı olmadan, Kipr məsələsi bütövlükdə həll edilmədən Kiprin boru xəttini çəkib qazı Avropa bazarlarına daşıması mümkün olsun. Mümkün olmayacaq. Bu çətin məsələdir”-deyə T.Nüsrətoğlu bildirdi.

İradə SARIYEVA

Избранный
110
baki-xeber.com

1Источники