RU

Azərbaycanın qlobal mövqeyinin ideoloji əsasları azərbaycançılıq üzərində qurulur...


Azərbaycan xalqının tarixi, mədəniyyəti və dövlətçilik ənənələri əsrlər boyu müxtəlif çağırışlarla qarşı-qarşıya qalıb. Bu hal günümüzdə də özünü qabarıq şəkildə büruzə verir. Toplanantarixi təcrübə içində xalqın varlığını, birliyini və inkişafını təmin edən əsas ideoloji dayaqlardan biri məhz azərbaycançılıq ideyasıdır.

Azərbaycançılıq təkcə milli kimliyi ifadə edən bir anlayış deyil, həm də dövlətçilik fəlsəfəsini, ictimai həmrəyliyi və müasir inkişaf strategiyasını müəyyənləşdirən konsepsiyadır. Bu ideya Azərbaycan xalqının mədəni, siyasi və mənəvi dəyərlərini qorumaqla yanaşı, qloballaşan dünyada ölkənin tərəqqisini təmin edən başlıca faktorlardan biri kimi çıxış edir.

Gələcəyə yönəlmiş strateji inkişaf konsepsiyası

Hazırda qloballaşma prosesi olduqca dinamik inkişaf edir. Bu şəraitdə Azərbaycanın öz yerini və mövqeyini qoruması üçün azərbaycançılıq əsas ideoloji sütundur. Azərbaycan prezidenti İlham Əliyevin AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının iştirakçılarına müraciətində yer alan fikirlər fonunda da bunu görmək mümkündür. Burada qeyd olunan fikirlər ölkəmizin postmünaqişə dövründə regional və qlobal xarici siyasət kursunun əsas prioritetlərini bir daha aydın şəkildə ortaya qoyur. Suverenliyin və ərazi bütövlüyünün tam bərpasından sonra Azərbaycanın təşviq etdiyi sülh gündəliyi artıq təkcə region üçün deyil, beynəlxalq münasibətlər sistemi üçün də yeni imkanlar yaradır. Bu yanaşma həm siyasi, həm iqtisadi, həm də təhlükəsizlik müstəvisində ölkəmizin rolunu gücləndirir.

Dövlət başçısının müraciətdə nəzər saldığı məqamlardan biri də sülh gündəliyi ilə bağlıdır. Məsələ burasındadır ki, ölkəmizintəşviq etdiyi sülh gündəliyi təkcə münaqişədən sonrakı sabitliyi təmin etmir, eyni zamanda, regional əməkdaşlıq və iqtisadi inteqrasiya üçün qlobal perspektivlər açır. Bundan əlavə, prezident İlham Əliyevin forum iştirakçılarına müraciətində Azərbaycanın xarici siyasətinin yeni mərhələsinin konturları bir daha vurğulanır. Azərbaycanın regional təşəbbüsləri həm Avropa, həm Asiya, həm də Yaxın Şərq ölkələrinin maraqları ilə uzlaşdığı üçün beynəlxalq dəstəyin artacağı gözlənilir. Beləliklə, ölkəmiz təkcə Cənubi Qafqazın deyil, daha geniş Avrasiya məkanının təhlükəsizlik və inkişaf xəritəsində mühüm aktora çevrilir. Qeyd edildiyi kimi isə bunun ideoloji əsasları azərbaycançılıq ideyası üzərində qurulur.Bundan əlavə,bəllidir ki, azərbaycançılıq anlayışı, ilk növbədə, azərbaycanlıların milli kimliyini, mədəni irsini, tarixi ənənələrini və dilini qorumaqla bağlıdır. Bu ideya eyni zamanda tolerantlıq, çoxmədəniyyətlilik, dini və etnik müxtəlifliyə hörmət prinsiplərini özündə birləşdirir. Azərbaycanda müxtəlif xalqların və konfessiyaların sülh və qarşılıqlı hörmət şəraitində yaşaması, milli birliyin möhkəmlənməsi azərbaycançılıq fəlsəfəsinin ən mühüm nəticələrindən biridir. Azərbaycançılıq həm də Vətən sevgisini, dövlətçilik ənənələrinə sədaqəti və xalqın milli maraqlarını üstün tutmağı ifadə edir. Bu baxımdan, o, yalnız tarixi yaddaşın qorunması deyil, həm də gələcəyə yönəlmiş strateji inkişaf konsepsiyasıdır. Qeyd edək ki, müstəqillikdən sonra Azərbaycanda tolerantlıq və multikulturalizm dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirilib.2016-cı ilin “Multikulturalizm ili” elan olunması, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması, mədəniyyətlərarası dialoq forumlarının keçirilməsi Azərbaycanın bu sahədə beynəlxalq nüfuzunu artırıb.Dövlət siyasəti bütün etnik və dini icmaların hüquqlarını qorumağa, onların azad fəaliyyətinə şərait yaratmağa yönəlib. Azərbaycan xalqının tarixən formalaşmış tolerantlıq ənənələri bu gün də cəmiyyətin gündəlik həyatında özünü göstərir. Müxtəlif etnik qruplar və dini icmalar ölkənin siyasi, iqtisadi və mədəni həyatında bərabər şəkildə iştirak edirlər. İnsanlar arasında milli və dini fərqlərdən daha çox, ortaq vətən sevgisi və azərbaycançılıq ideyası ön plana çıxır.

Beynəlxalq münasibətlərdə azərbaycançılıq ideyasının rolu

Azərbaycançılıq ideyası ölkənin xarici siyasətində də mühüm əhəmiyyət kəsb edir. Azərbaycan dünyada özünü sülhsevər, əməkdaşlığa açıq, tolerant və çoxmədəniyyətli bir ölkə kimi təqdim edir. Bu imic Azərbaycançılıq fəlsəfəsinə əsaslanır. Azərbaycan beynəlxalq arenada həm türk dünyası, həm də islam ölkələri ilə əməkdaşlıq edir, eyni zamanda Avropa və digər qlobal güclərlə balanslı siyasət yürüdür. Bu isə milli maraqların qorunması və ölkənin tərəqqisi baxımından mühüm strateji üstünlükdür.

Azərbaycançılıq ideyası xalqlar arasında qarşılıqlı hörmət, dinc yanaşı yaşamaq və əməkdaşlıq prinsiplərinə əsaslanır. Bu, Azərbaycanın beynəlxalq arenada dialoq və əməkdaşlıq tərəfdarı kimi çıxış etməsinə şərait yaradır. Azərbaycançılıq həm də vahid milli kimliyi ön plana çəkərək dövlətin maraqlarının beynəlxalq müstəvidə müdafiəsinə imkan yaradır. Bu ideya Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və müstəqil siyasət aparmaq hüququnun qorunmasında ideoloji əsas rolunu oynayır. Azərbaycan özünü yalnız regional deyil, həm də qlobal miqyasda mədəniyyətlərarası körpü kimi təqdim edir. Bu, ölkənin həm İslam aləmi, həm də Qərb dövlətləri ilə əməkdaşlığında mühüm rol oynayır. Azərbaycançılıq ideyasının verdiyi tolerantlıq və həmrəylik mesajı Azərbaycanın dünyada etibarlı tərəfdaş, multikultural dəyərlərə sadiq dövlət kimi tanınmasına səbəb olur. Azərbaycanın dünyaya təqdim etdiyi multikulturalizm modeli onun etibarlılığını həm də mədəni-humanitar müstəvidə artırır. Bu, müxtəlif sivilizasiyalar arasında dialoq və əməkdaşlığa töhfə verir. Beləliklə, azərbaycançılıq ideyası ölkənin milli kimliyinin qorunması, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, iqtisadi inkişafın təmin olunması və beynəlxalq nüfuzun artırılması üçün əsas ideoloji dayaqdır. Bu ideya Azərbaycan xalqının birliyini, həmrəyliyini və gələcəyə inamını gücləndirir. Azərbaycançılıq, əslində, həm milli dəyərlərin qorunması, həm də qlobal çağırışlara uyğun modern inkişaf modelidir. Bu ideya Azərbaycanın tərəqqisini təmin edən, xalqın milli kimliyini və dövlətçilik ənənələrini gələcək nəsillərə ötürən ən güclü ideoloji baza olaraq qalmaqdadır.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.

Избранный
74
baki-xeber.com

1Источники