RU

Ərinin qohumlarını qonaq çağırdı, zəhərləyib öldürdü: “Hamısı mənə yaxşılıq etmişdi” – DƏHŞƏTLİ QƏTLİAM

Musavat.com xəbər verir ki, Avstraliyada son illərin ən səs-küylü məhkəmə proseslərindən biri başa çatıb. 50 yaşlı Erin Patterson əri Saymon Pattersonun qohumlarını evinə qonaq çağıraraq onlara zəhərli “death cap” (ölüm papağı) göbələkləri qatılmış “Beef Wellington” (mal ətindən hazırlanmış vellington piroqu) yeməyi yedirdiyi üçün ömürlük həbs cəzasına məhkum olunub.

Məhkəmə qərarına əsasən, o, ən azı 33 il müddətində azadlığa buraxılmayacaq.

Viktoriya ştatının Ali Məhkəməsində hakim Kristofer Bil bildirib ki, Pattersonun əməlləri ailəsinə qarşı inamın misli görünməmiş şəkildə tapdanmasıdır. O, qadının bu qətliamla təkcə ərinin ailəsini deyil, həm də öz uşaqlarını nənə-babalarından məhrum etdiyini vurğulayıb.

Məhkəmə araşdırmalarına görə, Patterson 2023-cü ilin iyulunda ərinin valideynləri Don və Qeyl Pattersonu, həmçinin Qeylin bacısı Hizer Uilkınsonu öldürüb. Hizerin həyat yoldaşı İan Uilkınson isə ağır zəhərlənərək həftələrlə xəstəxanada qaldıqdan sonra möcüzəvi şəkildə sağ qalıb. Beləliklə, o, bu faciənin yeganə şahidi olub.

Hakim məhkəmədə bildirib ki, Patterson həmin gün əslində ərini də qonaqlığa dəvət edib. Əgər Saymon Patterson yeməyə qatılmış olsaydı, o da həyatını itirəcəkdi. Qadın ailəni evinə toplamaq üçün yalandan xərçəng xəstəliyinə tutulduğunu deyib və guya bu xəbəri uşaqlarına necə çatdırmaq barədə məsləhət istədiyini bildirib.

İstintaq zamanı məlum olub ki, Patterson özünə fərqli rəngdə boşqab götürüb – qonaqlar boz rəngli boşqablardan yemək yeyiblər, qatil qadın isə xüsusi olaraq narıncı-boz çalarda boşqab seçib. Bu da onun zəhərli yeməyi qəsdən başqalarına verdiyini sübut edən əsas dəlillərdən biri olub.

Prokuror və müdafiə tərəfi ömürlük cəzanın qaçılmaz olduğunu qəbul etsələr də, müdafiə vəkilləri onun 30 ildən sonra şərti azadlığa buraxılmaq hüququnun saxlanılmasını istəyib. Prokurorlar isə qadının heç vaxt azadlığa buraxılmamasını tələb ediblər. Nəticədə, məhkəmə Erin Pattersomu ömürlük həbsə, 33 il şərtsiz cəzaçəkməyə məhkum edib. O, yalnız 2056-cı ildə – 82 yaşında – azadlığa buraxılmaq şansı əldə edə biləcək.

Məhkəmə prosesində qeyd olunub ki, Patterson artıq ölkədə “məşhur məhbus” statusu qazanıb və təhlükəsizliyi üçün digər məhbuslardan təcrid olunub. O, gününün ən azı 22 saatını təkadamlıq kamerada keçirir. Yeganə ünsiyyət qurduğu şəxs isə terrorçuluğa görə mühakimə olunmuş və həbsxanada dəfələrlə zorakı hərəkətlər etmiş bir məhbusdur.

Hakim vurğulayıb ki, Pattersonun cinayəti ilə bağlı artıq kitablar, sənədli filmlər və televiziya layihələri hazırlanır. Bu səbəbdən onun həbsxanada təhlükəsizliyi həmişə xüsusi diqqət tələb edəcək.

Məhkəmə zalında Erin Patterson demək olar ki, heç bir emosiyası ilə seçilməyib. O, çox vaxt gözlərini yumaraq və ya boşluğa baxaraq hökmü dinləyib. Təqsirləndirilən qadın hələ də özünü günahsız göstərməyə çalışır və zəhərli göbələkləri təsadüfən yeməyə qatdığını iddia edir. Lakin istintaqın nəticələri və məhkəmənin hökmü onun qəsdən qətl törətdiyini təsdiqləyib.

Qadın ifadəsində deyib ki, ərinin ailəsi onunla daim xoş davranıblar və çoxlu yaxşılıqlar ediblər.

Avstraliya ictimaiyyəti bu dəhşətli hadisəni ailədaxili ən böyük xəyanətlərdən biri kimi qiymətləndirir.

Mənbə: https://www.pbs.org/newshour/world/australian-woman-sentenced-to-life-in-prison-for-poisoning-husbands-family-with-mushrooms

 

Musavat.com

Избранный
15
2
musavat.com

3Источники