ain.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 12 sentyabr, AZƏRTAC
“Əli və Nino” kitab mağazası məkanında çex müəllifi Liliya Gerberlə ədəbi görüş keçirilib. Tədbir zamanı Çexiyada yaşayan və fəaliyyət göstərən rəssam Olqa Ağamalıyevanın neyroqrafik rəsmləri ilə illüstrasiya edilmiş “Sevgi labirintləri” adlı yeni şeirlər toplusu təqdim olunub.
AZƏRTAC xəbər verir ki, ədəbi tədbir poeziyasevərləri və şəhərin yaradıcı ictimaiyyətinin nümayəndələrini bir araya gətirib. Müəllif və illüstrator qonaqlara salamlama nitqi ilə müraciət ediblər, toplunun yaradılmasından bəhs ediblər, bir neçə əsəri oxuyublar.
Liliya Gerber AZƏRTAC -ın müxbiri ilə söhbətdə deyib ki, bu, Bakıya ikinci səfəridir. “Mən bütün həyatımı Azərbaycana bağlamışam. Universitet illərindən tanıdığım azərbaycanlı dostlarım var. Bu il dostlarımın sayəsində bu gözəl məkanda kitab təqdimatını keçirmək imkanı əldə etdik. Mən buna görə çox xoşbəxtəm!”, - deyə müəllif qeyd edib.
Öz növbəsində Olqa Ağamalıyeva gələcək yaradıcılıq planlarını bölüşüb.
“Dəqiq bilirik ki, biz Bakıya yenə gələcəyik, yeni şeirlər və rəsmlər olacaq. Biz bu toplunu “Sevgi labirintləri” adlandırdıq - o, sevgi, dostluq, dünyanın dərk edilməsindən və xoşbəxtlikdən bəhs edir. Düşünürəm ki, biz eyni mövzuya və üsluba sadiq qalacağıq və bəlkə də yeni bir nəsə ortaya qoyacağıq. Bakı inanılmaz dərəcədə ruhlandırıcı şəhərdir. Burada çoxlu gözəl məkanlar var. Artıq bizim digər məkanlarla bağlı çox gözəl planlarımız var”, - deyə rəssam qeyd edib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.