RU

Yenilənmiş “mygov” platforması 1 yaşını qeyd edir

Bakı, 12 sentyabr, AZƏRTAC

Yenilənmiş “mygov” platformasının istifadəyə verilməsindən bir il keçir. Rəqəmsal hökumət quruculuğu istiqamətində mühüm addımlardan biri olan bu platforma vətəndaşlara daha rahat, əlçatan və çevik xidmət imkanları təqdim etməklə qısa müddətdə özünü təsdiqləyib.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən AZƏRTAC-a bildirilib ki, ötən müddət ərzində platformada vətəndaşlara göstərilən rəqəmsal xidmətlərin əhatə dairəsi genişlənib. 33 dövlət xidməti yenidən tərtib edilərək rəqəmsallaşdırılıb. Hazırda platformada ümumilikdə 386 rəqəmsal xidmət mövcuddur. Platformada rəqəmsal formada təqdim olunan məlumatların sayı isə 69-dur. Bu müddətdə “mygov” istifadəçilərin sayı da artaraq 1,68 milyona çatıb.

Vətəndaşlar “mygov” vasitəsilə məhkumluq, ailə tərkibi və ailə vəziyyəti haqqında arayışlar, təhsil və hərbi xidmətlə bağlı məlumatlar, etibarnamələrin verilməsi, kommunal xidmətlər üzrə abonent məlumatlarının dəyişdirilməsi, borc məlumatları, peyvənd, elektron resept, tibbi göndərişlər, laborator analiz nəticələri və sağlamlıq haqqında arayış da daxil olmaqla bir sıra vacib xidmətlərdən yararlana bilirlər.

Xüsusi qeyd olunmalıdır ki, həyat hadisələrinin rəqəmsallaşdırılması istiqamətində də mühüm addımlar atılıb. Artıq nikah, doğum və ölüm haqqında şəhadətnamələrin əldə edilməsi rəqəmsal şəkildə mümkündür ki, bu da vətəndaşların gündəlik ehtiyaclarının daha sürətli və rahat qarşılanmasına şərait yaradır. Eyni zamanda, “Yolumuz Qarabağa” xidməti vasitəsilə işğaldan azad olunmuş ərazilərə səfər üçün icazələrin rəqəmsal formada alınması təmin olunub. Bundan əlavə, İMEİ qeydiyyatı, cərimələrin, kommunal və digər xidmətlərin ödənilməsi də “mygov” üzərindən icra olunur.

Son bir ildə “mygov” platformasında vətəndaşlara yeni imkanlar təqdim edilib. Fərdi məlumatların özəl müəssisələr tərəfindən sorğulanmasına verilən razılıqlar artıq vətəndaşlar tərəfindən birbaşa platforma üzərindən idarə oluna bilir. Bu isə şəffaflığı artırmaqla yanaşı, məlumat mübadiləsinin daha təhlükəsiz həyata keçirilməsinə şərait yaradır.

Rəqəmsal sənədlərin tətbiqi də platformanın ən mühüm yeniliklərindəndir. Artıq şəxsiyyət vəsiqəsi, ümumdünya pasportu, sürücülük vəsiqəsi, nikah şəhadətnaməsi, tələbə bileti və digər sənədlər “mygov” üzərindən elektron şəkildə təqdim olunur. Qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən, 27 növ rəqəmsal sənəd fiziki sənədlərlə eyni hüquqi qüvvəyə malik olub. Bu addım kağız daşıyıcılardan istifadənin azaldılmasına, “Kağızsız hökumət” modelinə keçidin sürətləndirilməsinə və rəqəmsal hökumətin inkişafına mühüm töhfə verib.

Yenilənmiş “mygov”un bir illik fəaliyyəti rəqəmsal hökumətin inkişafında mühüm mərhələ kimi qiymətləndirilir. Gələcəkdə də vətəndaşların həyatını rahatlaşdıran, vaxt və resurslara qənaət edən innovativ xidmətlərin təqdim olunması davam etdiriləcək.

Избранный
16
6
azertag.az

7Источники