RU

Ölkəmiz daha bir beynəlxalq konvensiyaya qoşulur

Azərbaycan daha bir beynəlxalq konvensiyaya qoşulur.

Gundem.az xəbər verir ki, bu, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Beynəlxalq ticarətdə müəyyən təhlükəli kimyəvi maddələr və pestisidlər üzrə qabaqcadan əsaslandırılmış razılıq prosedura haqqında Rotterdam Konvensiyası”na qoşulmaq barədə” qanun layihəsində öz əksini tapıb. 

Layihədə qeyd olunub ki, Konvensiya dövlətlər arasında təhlükəli kimyəvi maddələrin və pestisidlərin idxalı və ixracı ilə bağlı məlumat mübadiləsini təmin etmək, onların istifadəsi nəticəsində yarana biləcək risklərin azaldılmasına nail olmaq və insan sağlamlığı ilə ətraf mühitin qorunmasını gücləndirmək məqsədini daşıyır. Konvensiya qabaqcadan əsaslandırılmış razılıq mexanizminin tətbiqi yolu ilə dövlətlər arasında qarşılıqlı etimadı möhkəmləndirir, beynəlxalq ticarətdə şəffaflıq yaradır və tərəflərə öz milli qanunvericiliklərinə uyğun olaraq təhlükəli maddələrin idarə edilməsində səmərəli nəzarət imkanları verir. 

Konvensiya tərəflərə bir sıra mühüm öhdəliklər qoyur. Hər bir dövlət səlahiyyətli milli qurumlar təyin etməli, təhlükəli maddələrin idxalı ilə bağlı qəbul etdiyi qərarları Katibliyə bildirməli və bu qərarlar ixrac edən dövlətlər üçün məcburi xarakter daşımalıdır. Bununla idxalçı dövlətlər həmin maddələrin ərazilərinə daxil olması barədə qabaqcadan məlumatlı və əsaslandırılmış mövqe bildirmək imkanı qazanır. Eyni zamanda, ixrac edən dövlətlər maddələrin göndərilməsi ilə bağlı əvvəlcədən bildiriş təqdim etməli, təhlükəsizlik məlumatları və etiketləri əlavə etməli, gömrük kodlarını düzgün göstərməlidirlər. 

Konvensiya tərəflər arasında hüquqi, texniki və toksikoloji məlumatların mübadiləsini, inkişaf etməkdə olan ölkələrə texniki yardım göstərilməsini və icra mexanizmlərinin təkmilləşdirilməsini də əhatə edir. Sənədin qoşmaları onun praktiki icra mexanizmlərini müəyyən edir. Burada maddələrin siyahıya əlavə olunması və ya siyahıdan çıxarılması qaydaları, təhlükəli kimyəvi maddələrin konkret siyahısı, mübahisələrin həlli prosedurları, arbitraj və barışıq mexanizmləri, ixrac bildirişləri üçün tələb olunan məlumatlar, habelə uyğunluğa əməl etmə qaydaları təsbit olunub. 

Annex III-də insan sağlamlığı və ekoloji mühit üçün yüksək risk daşıyan pestisidlər və sənaye kimyəvi maddələri yer alır və Azərbaycan Konvensiyaya qoşulmaqla həmin maddələrin beynəlxalq dövriyyəsinə dair qəbul olunmuş prosedurlarda iştirak edəcək. Azərbaycanın bu Konvensiyaya qoşulması milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılmasına, kimyəvi təhlükəsizliyin və ekoloji mühafizənin gücləndirilməsinə, həmçinin beynəlxalq əməkdaşlıq və texniki yardımdan faydalanmaq imkanlarının genişlənməsinə xidmət edəcək. /“Qafqazinfo”

Избранный
28
3
gundem.az

10Источники