BAKI,TurkicWorld, Fərid Mikayılov
BMT Təhlükəsizlik Şurasında İsrailin Qətərdə HƏMAS nümayəndə heyətinə endirdiyi hava zərbələri müzakirə olunarkən Pakistan və İsrail nümayəndələri arasında kəskin söz dueli yaşanıb.
TurkicWorld xəbər verir ki, İsrailin BMT-dəki daimi nümayəndəsi Danny Danon çıxışında Dohadakı hücumu ABŞ-ın Əl-Qaidə lideri Usamə bin Ladenə qarşı keçirdiyi əməliyyatla müqayisə edərək müdafiə edib.
O, həmçinin Pakistanı terrorçulara sığınacaq verməkdə günahlandırıb.
Pakistanın BMT-dəki daimi nümayəndəsi Asım İftixar Əhməd bu açıqlamalara sərt reaksiya verərək İsraili beynəlxalq hüququ pozmaqda və BMT platformasından sui-istifadə etməkdə ittiham edib.
“İşğalçı və təcavüzkar İsrailin əsassız iddialarla başqalarını ittiham etməsi qəbulolunmazdır, hətta gülüncdür”- deyə o vurğulayıb.
Əhməd bildirib ki, İsrail heç kimin fikrinə qulaq asmayan, beynəlxalq ictimaiyyəti, insan haqları təşkilatlarını və media nümayəndələrini hədələyən bir işğalçı dövlət kimi çıxış edir.
Pakistanlı diplomat ölkəsinin Əl-Qaidəyə qarşı mübarizədə ön cəbhədə olduğunu vurğulayaraq, İsrailin beynəlxalq hüquq pozuntularını ört-basdır etmək üçün yanlış iddialara əl atdığını deyib.
“Usamə bin Laden Pakistanda öldürüldü və heç kim ABŞ-ı qınamadı. Mən sadəcə faktlara əsaslanıram”- deyə Danon bildirib.