RU

Qəbələdə 16 yaşlı oğlan anasını söydüyü üçün qonşusunu BIÇAQLADI

Şəki Ağır Cinayətlər Məhkəməsi Qəbələ rayonunda 16 yaşlı bir gənc oğlanın qonşusunu bıçaqla vurmaq hadisəsinə baxaraq, onu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi (sağlamlığa qəsdən ağır zərər vurma) ilə təqsirli bilib.

BAKU.WS-in məlumatına görə, hadisə 28 avqust 2024-cü il gecə saat 03:00 radələrində Qəbələ şəhərinin Həzi Aslanov küçəsində yerləşən inzibati binanın arxa hissəsində baş verib.

Təqsirləndirilən şəxs – Qəbələ rayonunun Həmzəli kəndi sakinlərindən 2008-ci il təvəllüdlü Sakit Cəfərov (ad və soyad şərtidir) – həmkəndsi və qonşusu olan 1983-cü il təvəllüdlü Zamiq adlı şəxsi bir dəfə bıçaqla qarın nahiyyəsindən vurub, ona ağır bədən xəsarətləri yetirib.

Tibbi mütəxəssislərin qiymətinə görə, zərbə nəticəsində zərərçəkmişdə nazik bağırsaq, sidik kisəsi və sağ qalça venası deşilmiş-kəsilmiş yaralar yaranıb, daxili qanaxma və şok əməliyyat tələb edib. Sağ saidin ön aşağı hissəsində də kəsilmiş yara olub.

Məhkəmə materiallarına görə, mübahisənin kökü 3-4 il əvvəldən başlayıb. Zərərçəkmiş Zamiq Sakitin anası Leyla xanımı "əxlaqsız" və "pozğun" adlandıraraq təhqir edib, hətta ailələrinin torpaq satışına mane olduqlarını bildirib.

Bir dəfə potensial alıcı olan hərbi əməkdaşa "onlardan torpaq alma, ailələri əxlaqsızdır" deməklə müdaxilə edib. Sakit isə anasının və bacısının şərəfinə toxunan bu sözlərə dözə bilməyərək, hadisə günündən əvvəl "Oba" marketindən mətbəx bıçağı alıb. Gecə saatlarından başlayaraq zənglər edərək Zamiqi görüşə dəvət edib, Nizami Gəncəvi küçəsindəki "Park Market"in qarşısında görüşüb, sonra Zamiqin təklifi ilə "Mercedes Benz E 270" avtomobilinə minərək inzibati binanın arxasına getməklə mübahisəni davam etdiriblər.

Sakitin ifadəsinə görə, Zamiq yenə anasını təhqir edib, üzərinə gəlib yumruq atmağa cəhd edib, hətta öz bıçağını çıxarıb təhdid edib. Bu vəziyyətdə Sakit cəbindəki bıçağı çıxarıb bir zərbə vurub.

Hadisədən sonra Zamiq avtomobil sürərək qaçmağa çalışıb, lakin qanaxma nəticəsində maşını qəzaya salıb və Qəbələ Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. Sakit isə peşmanlıq bildirməklə polisə özü müraciət edib, bıçağı Heydər Əliyev parkındakı su quyusuna atıb, lakin polis əməkdaşları tərəfindən aşkar edilib. Tibbi müayinə göstərib ki, Sakit hadisə anı yüngül dərəcədə alkoqollu (0,614%) olub.

Məhkəmədə Sakit özünü təqsirli bilib, lakin "Zamiq mənim anama qarşı 3-4 ildir təhqir edir, o gün üzərimə gəlib bıçaqla təhdid etdi, mən də özümü müdafiə etdim" deyib. Zərərçəkmiş Zamiq isə ifadəsində "Sakitlə barışmışıq, ondan şikayətçi deyiləm, münasibətlərimiz normal idi" deyərək qeyri-şikayətçi mövqe tutub. Sakitin qanuni nümayəndəsi (atasının qardaşı) və anası isə Zamiqin ailələrinə qarşı uzunmüddətli təhqirlərini təsdiqləyiblər, hətta 2023-cü ildə DİN-ə şikayət edildiyini qeyd ediblər.

Məhkəmə sübutları – ifadələri, ekspertizaları, protokolları və fotoşəkilləri – qiymətləndirərək hökm verib. Təqsirləndirilən şəxs 3 il azadlıqdan məhrum edilib, lakin bu cəza şərti hesab olunub və 2 illik sınaq müddəti təyin olunub.

Избранный
15
1
far.az

2Источники