2025-ci ilin yanvar-avqust aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 10,3 faiz artaraq 2,4 milyard dollar təşkil edib.
Musavat.com İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın sentyabr sayına dair ilkin rəqəmlərinə istinadən xəbər verir ki, hesabat dövründə yeyinti məhsulları üzrə ixrac 22,9 faiz artaraq 774,2 milyon dollara bərabər olub.
Cari ilin səkkiz ayında ötən ilin müvafiq dövrünə nəzərən şəkər ixracı 58,2 faiz, meyvə-tərəvəz ixracı 32,2 faiz, kimya sənayesi məhsulları 24,3 faiz, pambıq iplik 16,3 faiz, çay 2,1 faiz, qara metallar və onlardan hazırlanan məmulatlar 0,2 faiz artıb.
2025-ci ilin yanvar-avqust aylarında aqrar məhsullar üzrə ixrac 28,2 faiz artaraq 614,4 milyon dollar, aqrar-sənaye məhsulları üzrə ixrac isə 4,7 faiz artaraq 209,5 milyon dollara bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 21,3 faiz artaraq 823,9 milyon dollar təşkil edib.
Musavat.com