RU

"Əbədi həyat": Putin və Xi bir qədər haqlı ola bilərmi?

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Orqan köçürülməsi ilə ölməzlik əldə etmək mümkündürmü?

Bu sual sentyabrın əvvəlində Pekində keçirilən hərbi paradda Çin Xalq Respublikasının Sədri Xi Jinping və Rusiya Prezidenti Vladimir Putin arasında müzakirə mövzusuna çevrildi.

Tərcüməçi Vladimir Putinin sözlərini Xi Jinping-ə çincə çatdırarkən bildirib ki, yaşından asılı olmayaraq, insan orqanlarını dəfələrlə köçürmək olar ki, "insan getdikcə daha da cavanlaşsın". Və bəlkə də, bu yolla qocalığı «müəyyən olunmamış müddətə» təxirə salmaq mümkün olar, o deyib.

"Proqnozlara görə, bu əsrdə 150 yaşa qədər yaşamaq mümkün olacaq", - Putin əlavə edib.

Söhbət zamanı səslənən gülüş və təbəssümlər bunun tamamilə ciddi şəkildə deyilmədiyinə işarə etsə də, bəlkə də bu zarafatda bir qədər həqiqət var?

Orqan transplantasiyası, şübhəsiz ki, həyat xilas edir: Böyük Britaniyanın NHS Blood and Transplant məlumatına görə, son 30 ildə bu sayədə ölkədə 100 000-dən çox insanın həyatı xilas edilib.

Tibbdə və texnologiyada davamlı irəliləyişlər nəticəsində köçürülmüş orqanlar indi yeni sahiblərinə daha uzun müddət xidmət edir.

Məsələn, bəzi xəstələrdə köçürülmüş böyrək 50 ildən artıq fəaliyyət göstərə bilir.

Orqanın fəaliyyət müddəti donorun və retsipientin (orqan qəbul edən şəxsin) sağlamlığından, həmçinin onların əməliyyatdan əvvəl və sonra ümumi sağlamlıqlarına nə dərəcədə diqqət yetirməsindən asılıdır.

Məsələn, böyrək canlı donordan köçürülərsə, onun 20–25 il fəaliyyət göstərəcəyi gözlənilir.

Əgər böyrək vəfat etmiş donordan köçürülərsə, bu müddət 15–20 ilə qədər azalır.

Həmçinin hansı orqanın köçürüləcəyi də vacibdir.

Journal of Medical Economics jurnalında dərc olunmuş araşdırmaya görə, köçürülmüş qaraciyər təxminən 20 il, ürək 15 il, ağciyərlər isə təxminən 10 il fəaliyyət göstərə bilər.

Ölməzliyə bilet?

Putin və Xi görünür bir neçə orqanın köçürülməsi və bəlkə də bu orqanların dəfələrlə köçürülməsi vasitəsilə ömrün uzadılması imkanından danışırdılar.

Lakin əməliyyat ciddi risklərlə müşayiət olunan ağır tibbi müdaxilədir. Hər dəfə cərrah bıçağı altına girməklə insan öz həyatı ilə ciddi şəkildə risk edir.

Hazırda orqan transplantasiyası olunan xəstələr donor orqanının orqanizm tərəfindən rədd edilməsinin qarşısını alan dərmanları ömür boyu qəbul etməlidirlər. Bu dərmanların qəbul edilməsi, məsələn, yüksək qan təzyiqi kimi ciddi yan təsirlərə səbəb ola bilər. Bundan əlavə, infeksiyalara qarşı həssaslıq artır.

Rəddetmə prosesi insanın immun sistemi köçürülmüş orqanı yad kimi tanıyaraq ona hücum etməyə başladıqda baş verir. Belə reaksiya immuniteti basdıran preparatlar qəbul edilməsinə baxmayaraq yarana bilər.

Orqan sifarişi

Alimlər rədd edilməyə məruz qalmayan orqanların yaradılması üzərində işləyirlər. Bunun üçün donor kimi genetik cəhətdən dəyişdirilmiş donuzlardan istifadə edilir.

Alimlər CRISPR kimi tanınan genom redaktə texnologiyasından istifadə edərək bəzi "donuz" DNT fraqmentlərini çıxarır və müəyyən insan genlərini əlavə edirlər. Bu, orqanların insana köçürülməsi zamanı rədd edilmə riskini azaltmağa kömək edir.

Mütəxəssislərin sözlərinə görə, bu məqsədlə donuzların yetişdirilməsi düzgün qərar olardı, çünki bu heyvanların orqanları insan orqanlarına çox bənzəyir.

Hələlik bütün bunlar eksperiment səviyyəsindədir, lakin artıq donuz ürəyinin və böyrəyinin insana köçürülməsi üzrə ilk əməliyyatlar aparılıb.

Bu əməliyyatlara razılıq verən iki kişi CRISPR texnologiyasından istifadə edilərək donuzdan insana orqan köçürülən ilk insanlar oldular.

Hər iki xəstə artıq vəfat edib. Lakin bu iki əməliyyat ksenotransplantasiyanın, yəni canlı hüceyrələrin, toxumaların və ya orqanların bir bioloji növdən digərinə köçürülməsinin inkişafına böyük töhfədir.

Araşdırmaların başqa bir istiqaməti yeni orqanların insan kök hüceyrələrindən yetişdirilməsidir.

Kök hüceyrələr orqanizmdə mövcud olan istənilən tip hüceyrəyə çevrilə bilirlər.

Hələ heç bir tədqiqat qrupu tamamilə insan kök hüceyrələrindən böyüdülmüş və köçürülməyə tam yararlı orqan yarada bilməyib, lakin alimlər bu məqsədə yaxınlaşırlar.

2020-ci ilin dekabrında London Universitet Kolleci (UCL) və Frensis Krik İnstitutunun britaniyalı tədqiqatçıları insan timusunu - immun sisteminin ən mühüm orqanını insan kök hüceyrələri və toxuma mühəndisliyi texnologiyaları vasitəsilə yenidən yaratdılar.

Yeni orqanın köçürülməsi ilə bağlı eksperiment siçanlar üzərində aparıldı və uğurlu oldu.

Londonun Great Ormond Street xəstəxanasının alimləri bildirirlər ki, onlar xəstələrdən götürülmüş toxumalardakı kök hüceyrələrdən istifadə edərək insan bağırsağı transplantatlarını yetişdirə biliblər. Bu, gələcəkdə bağırsaq çatışmazlığı sindromu olan uşaqlar üçün fərdiləşdirilmiş transplantatların yaradılmasına səbəb ola bilər.

Lakin bütün bu nailiyyətlər xəstəliklərin müalicəsinə yönəlib, insanların ömrünü 150 ilə qədər uzatmaq üçün deyil.

Bu arada, amerikalı İT-milyonçu Bryan Johnson hər il bioloji yaşını azaltmağın yollarını axtarmaq üçün milyonlarla dollar xərcləyir.

Məlum olduğu qədəriylə, o, hələlik orqan transplantasiyasına əl atmayıb, lakin plazma köçürülməsi həyata keçirib. Donor isə o vaxt 17 yaşı olan oğlu olub.

Lakin sahibkar bu müdaxilədən heç bir müsbət nəticə görməyib və plazma köçürülməsi ideyasından imtina edib. Bundan əlavə, bu cür təcrübələr ona Qida və Dərman Administrasiyası (FDA) kimi qurumların diqqətini yönəldib.

London Kral Kollecindən Julian Mutz bildirib ki, doğrudan da, orqan transplantasiyasından başqa, plazma köçürülməsi kimi yanaşmalar da araşdırılır, lakin onlar hələ eksperimental səviyyədədir.

"Belə strategiyaların ömür uzunluğuna, xüsusən də insanın maksimal ömür müddətinə əhəmiyyətli təsir göstərib-göstərməyəcəyi hələ də aydın deyil, baxmayaraq ki, bu sahə ciddi elmi maraq doğurur", - deyə Julian Mutz bildirib.

Edinburq Universitetinin Roslin İnstitutundan immunopatologiya üzrə mütəxəssis professor Neil Mabbott isə güman edir ki, insanın maksimal ömür müddəti 125 il ola bilər.

"Məlum olan ən uzunömürlü insan 122 il yaşamış fransız qadını Janna Kalman idi. O, 1875-ci ildə anadan olub və 1997-ci ildə vəfat edib", - deyə o, BBC-yə bildirib.

Orqanların zədələnməsi və ya xəstəlikləri halında pasiyenti transplantasiya vasitəsilə xilas etmək olsa da, yaş artdıqca bizim orqanizmimiz əməliyyat kimi ciddi stresslərə qarşı xeyli dərəcədə az davamlı olur.

Biz infeksiyalara daha pis reaksiya verməyə başlayırıq, bədənimiz daha kövrək olur, zədələnmələrə daha çox məruz qalırıq və stressdən sonra bərpa prosesimiz çətinləşir.

"Stress, travmalar və transplantasiya əməliyyatının nəticələri, üstəlik, köçürülmüş orqanların rədd olunmasının qarşısını almaq üçün zəruri olan immunosupressiv dərmanların daimi qəbulu bu qədər yaşlı pasiyentlər üçün həddindən artıq ciddi mənfi amillərdir," – deyə Neil Mabbott bildirir.

Onun fikrincə ömrü uzatmağa fokuslanmaq əvəzinə, biz daha sağlam həyat tərzinə can atmalıyıq.

"Daha uzun yaşamaq, amma eyni zamanda yaşlanmanı müşayiət edə biləcək çoxsaylı xəstəliklərdən əziyyət çəkmək və növbəti transplantasiya səbəbindən daim xəstəxanada olmaq… Məncə, bu, pensiya dövrü üçün cəlbedici həyat variantı deyil!" – deyə Neil Mabbott əlavə edir.

Избранный
14
bbc.com

1Источники