RU

Sosioloq: Ailə modelindəki böhran bir iki statistik dəyişikliklə aradan qalxacaq qədər sadə deyil

ain.az, Sherg.az saytına istinadən bildirir.

Ailələrin dağılmasının azalması bəzən xoşbəxtlikdən çox, məcburiyyətin nəticəsi ola bilər

Nikahların sayındakı artım isə rəsmi nikahı təşviq edən siyasətləri və sosial dəstək mexanizmləri ilə bağlıdır

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-iyul aylarında 27509 nikah və 12146 boşanma halları qeydə alınıb.

Bu, Dövlət Statistika Komitəsinin yanvar-iyul ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini əks etdirən nəşrdə öz əksini tapıb.

"Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,5-dən 4,6-ya qədər artmış, boşanmaların sayı isə 2,1-dən 2,0-a düşüb", - məlumatda qeyd olunub.

Sosioloq Yusif Nəbiyev Sherg.az-a deyib ki, nikah və boşanma statistikaları cəmiyyətdə yalnız şəxsi münasibətlərin göstəricisi deyil, daha geniş sosial-iqtisadi şərtlərin məhsuludur:

"Bu ilin ilk yarısında nikahların çoxalması və boşanmaların azalması ilk baxışda ümidverici görünür. Amma bu rəqəmlərin arxasında daha mürəkkəb struktural səbəblərin dayandığını nəzərə almaq vacibdir. Məsələn, iqtisadi qeyri-sabitlik, yüksək kirayə qiymətləri, aliment öhdəlikləri və müstəqil yaşamın çətinliyi bir çox insanı boşanma qərarından çəkindirə bilər. Başqa sözlə, ailə institutunun davamlılığı da digər sosial sistemlər kimi iqtisadi şəraitdən ciddi şəkildə təsirlənir. Bu səbəbdən də ailələrin dağılmasının azalması bəzən xoşbəxtlikdən çox, məcburiyyətin nəticəsi ola bilər. Nikahların sayındakı artım isə qismən dövlətin rəsmi nikahı təşviq edən siyasətləri və sosial dəstək mexanizmləri ilə bağlıdır. Gənclərə göstərilən maddi yardımlar, sosial mənzil imkanları və ailə qurduqdan sonra verilən subsidiyalar evliliyi daha cazibədar göstərə bilir. Hətta işsizlik və tənhalıq səbəbindən nikah bəziləri üçün sosial status qazanmaq və təhlükəsizlik axtarışının bir forması kimi çıxış edə bilər, xüsusən də qadınlar üçün".

Müsahibin fikrincə, qısamüddətli göstəricilərə əsaslanaraq nikahların artması və boşanmaların azalması barədə optimist proqnoz vermək tələskənlik olar:

"Ailə institutundakı real tendensiyaları izləmək üçün illərlə davamlı müşahidələrə ehtiyac var. Ən əsası isə rəqəmlərdən daha çox evliliklərin keyfiyyətinə diqqət edilməlidir. Qlobal miqyasda ailə modelinin yaşadığı böhran bir-iki statistik dəyişikliklə aradan qalxacaq qədər sadə məsələ deyil".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
12
1
sherg.az

2Источники