RU

Türkiyə və Ermənistan arasında normallaşma prosesi ilə bağlı bir sıra razılıqlar əldə olunub

İstanbul, 12 sentyabr, Günel Karatepe, AZƏRTAC

Sentyabrın 12-də İrəvanda Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi üzrə xüsusi nümayəndələr Serdar Kılıç və Ermənistan Milli Məclisinin sədr müavini Ruben Rubinyan arasında altıncı görüş baş tutub.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Məlumatda qeyd edilib ki, görüş zamanı xüsusi nümayəndələr Türkiyə ilə Ermənistan arasında tam normallaşma prosesini irəlilətmək məqsədilə əvvəlki görüşlərdə müzakirə olunmuş və razılaşdırılmış məsələləri təsdiqləyiblər. Bu çərçivədə, 2022-ci il iyulun 1-də keçirilmiş görüşdə əldə edilən razılığa uyğun olaraq, sərhəd keçidlərinə dair razılaşmanın reallaşması məsələsində fikir mübadiləsi aparılıb. Xüsusi nümayəndələr bu prosesin sürətləndirilməsi barədə razılığa gəliblər.

Bundan əlavə, görüşdə Qars-Gümrü dəmir yolunun və elektrik interkonnektorunun bərpası, eləcə də işlək vəziyyətə gətirilməsi ilə bağlı hər iki ölkənin müvafiq qurumlarının zəruri texniki işləri həyata keçirməsi barədə qərar qəbul edilib.

Mədəniyyət və akademiya sahələrində əməkdaşlığı gücləndirmək məqsədilə, xüsusilə ali təhsil tələbələri üçün təqaüd imkanlarının yaradılması və tarixi İpək Yolu (Ani) körpüsünün birgə bərpası istiqamətində səylərin göstərilməsi barədə də razılıq əldə olunub.

Xüsusi nümayəndələr, həmçinin maraqlı şirkətlərin 2026-cı ilin yayından etibarən müxtəlif istiqamətlərə uçuşlar həyata keçirməsi üçün lazımı tədbirlərin görülməsi və bununla da iki ölkə arasında hava yollarının, eləcə də uçuş sayının artırılması məsələsində də razılığa gəliblər.

Görüşün yekununda bu prosesi heç bir ön şərt olmadan davam etdirmək öhdəliyi bir daha təsdiq edilib.

Избранный
14
5
azertag.az

6Источники