Bu gün Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzinin tərəfdaşlığı ilə paytaxtda balıq yarmarkası fəaliyyətə başlayıb. Yarmarka paytaxtın Nəsimi rayonunda Keşlə Balıq Bazarı (3-cü mikrorayon dairəsinin yaxınlığı) ərazisində təşkil olunub.
Jurnalistlərə müsahibə verən “Aqromall Bazar” kompleksinin rəhbəri Emin Mustafayev bildirib ki, bu gündən başlayan və iki gün davam edəcək balıq yarmarkası ölkəmizin ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə və yerli sahibkarlığın inkişafına dəyərli töhfədir.
Onun sözlərinə görə, bu yarmarka təkcə dadlı və sağlam balıq məhsullarının satışını deyil, eyni zamanda dövlətimizin sahibkarlara göstərdiyi güclü dəstəyin real nəticəsini nümayiş etdirir. Ölkəmizin kənd təsərrüfatı və balıqçılıq sahəsində fəaliyyət göstərən sahibkarlara güzəştlər, subsidiya və investisiya təşviqli xüsusi lahiyələr həyata keçirir. Vergi güzəştləri, aşağı faizli kreditlər, infrastruktur layihələrinə dövlət dəstəyi və ixrac imkanlarının genişləndirilməsi – bütün bunlar balıqçılıq və qida sənayesində sahibkarların sərbəst və səmərəli fəaliyyətinə yol açır. Sadaladığım bu kimi güzəştlər yerli istehsalçının məhsulunu bazara çıxarmaq üçün şərait yaradır, yeni iş yerlərinin açılmasını stimullaşdırır və vətəndaşlarımızın sağlam qida məhsullarına əlçatanlığını təmin edir.
Emin Mustafayev qeyd edib ki, yarmarkanın bir çox üstünlükləri var ki, onlardan biri də yeni tərəfdaşlıqlar qurmaq, bazar imkanlarını genişləndirmək və təcrübə mübadiləsi aparmaq imkanını yaradılmasıdır. Bununla yanaşı rahat və əlçatanlıq baxımından yarmarkaya həm ictimai nəqliyyat (metro, avtobus marşrutları), həm də şəxsi avtomobillə gediş-gəliş olduqca rahatdır. Bu, həm alıcıların, həm də təchizatçıların bazara tez və asan çatmasını təmin edəcək. Gəlin birlikdə yerli istehsalın inkişafına töhfə verək.







