RU

German Onuqxa “Qarabağ”ın rəqibini “Kayserispor”a dəyişdi

“Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqiblərindən olan “Kopenhagen”in futbolçusu German Onuqxa “Kayserispor”a keçib.

Arena.az xəbər verir ki, bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.

Əslən Nigeriyadan olan rusiyalı futbolçu yeni klubu ilə 2 illik (2027-ci ilin 30 iyununadək) müqaviləyə imza atıb.

German Onuqxa 2024-cü ilin yayında 1,5 milyon avro müqabilində “Vayle”dən “Kopenhagen”ə keçmişdi. Lakin o, paytaxt klubunun heyətində cəmi 8 oyuna çıxıb. Hücumçu ötən mövsümün ikinci yarısında icarə əsasında yenidən Danimarkanın “Vayle” klubuna qayıtmışdı.

Onuqxa karyerasının böyük hissəsini Rusiya klublarında keçirib. O, “Torpedo” (Tamala), “Narovçat”, “Atmis”, “Zenit-M Penza”, “Volqar” (Astraxan), “Krasnodar”, “Tambov”, “Krılya Sovetov”, “Rubin” (Kazan) kimi klubların şərəfini qoruyub. Mərkəz hücumçusu İsraildə “Bney Saxnin”in də formasını geyinib.

Qeyd edək ki, “Kopenhagen” UEFA Çempionlar Liqasının əsas mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqiblərindəndir. Bu komandalar Liqa mərhələsinin 2-ci turunda Bakıda üz-üzə gələcəklər. Görüş oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Oyuna saat 20:45-də start veriləcək.

error: Məzmun qorunur!
Избранный
31
9
arena.az

10Источники