RU

Fast food-un müntəzəm istifadəsi beynə zərər verə bilər

Şimali Karolina Universitetinin Tibb Fakültəsinin alimləri müəyyən ediblər ki, fast food beynin fəaliyyətinə qısa müddətdə mənfi təsir göstərir.

E-saglam.az xəbər verir ki, Araşdırmanın nəticələri Neuron jurnalında dərc olunub.

Məlum olub ki, yağlı qidalar yaddaşdan cavabdeh olan beynin hipokampus hissəsindəki xüsusi hüceyrələrin – CCK interneyronlarının fəaliyyətini kəskin dəyişir. Qlükoza qəbulunun pozulması səbəbindən bu hüceyrələr həddindən artıq aktivləşir. Cəmi 4 günlük belə pəhrizdən sonra heyvanlarda yaddaş zəifliyi qeydə alınıb.

Alimlərin sözlərinə görə, bu pəhriz klassik “Qərb qidalanma tərzinə” – hamburger, kartof qızartması və doymuş yağlarla zəngin digər yeməklərə bənzəyir. Ən diqqətçəkən məqam isə pozuntuların artıq çəki və ya diabet əlamətləri yaranmamışdan əvvəl baş verməsidir.

Bununla yanaşı, tədqiqat göstərib ki, proses geri çevrilə bilər: beynin qlükoza balansını bərpa etmək və ya aralıqlı oruc tutmaq neyronların fəaliyyətini normallaşdıraraq yaddaşı yaxşılaşdırır. Müəlliflərin fikrincə, bu üsullar piylənmə və metabolik pozğunluqlarla əlaqəli idrak problemlərinin qarşısının alınmasında mühüm rol oynaya bilər.

Əlavə olaraq, əvvəlki araşdırmalar fast food və şəkərli içkilərin diş ətində iltihabı artırdığını və periodontitis riskini yüksəltdiyini göstərmişdi.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Избранный
10
e-saglam.az

1Источники