RU

“Ermənistan Azərbaycanın dediyi ilə oturub-durur” - bu ölkədə rəy belədir...


2020-ci il Vətən müharibəsindən sonra imzalanan 10 noyabr bəyanatı, daha sonra 2021–2023-cü illərdə aparılan danışıqlar faktiki olaraq Azərbaycanın müəyyən etdiyi prinsiplərə əsaslanır. Eyni halı Vaşinqton razılaşmaları barədə də demək mümkündr. Azərbaycanın regional gündəliyində əsas məsələlərdən biri Zəngəzur dəhlizidir. Ermənistanın bu layihə üzrə davranışları da Azərbaycanın yanaşması ilə sıx bağlıdır.

Ermənistan-Azərbaycan sərhədlərinin müəyyənləşdirilməsi də Bakının diqtə etdiyi şərtlərə uyğun aparılır. Ermənistanın xarici siyasəti də Azərbaycanın təsiri altında dəyişir. Məsələn, Avropa İttifaqı, ABŞ və Rusiya ilə danışıqlarda əsas gündəm Bakının irəli sürdüyü məsələlər ətrafında formalaşır. Ermənistan daxilində bir sıra siyasi dairələr Azərbaycanın “diqtəsi” anlayışını mənfi mənada işlədir, bunu kapitulyasiya və asılılıq kimi təqdim edirlər. Digərləri isə bunu reallığın diktəsi hesab edərək, bölgədə davamlı sülh üçün labüd addım kimi qiymətləndirirlər. Ermənistanın son illər apardığı siyasətin bir çox istiqaməti Azərbaycanın diqtəsi və regional üstünlüyü ilə bağlıdır. Bu, həm sülh müqaviləsi prosesində, həm sərhəd məsələlərində, həm də iqtisadi-nəqliyyat layihələrində aydın görünür. Belə vəziyyətdə erməni mediası da maraqlı nüanslara diqqət edir. Belə ki, Ermənistan hökuməti 2026-cı ilin yay çağırışından həyata keçirilməsi planlaşdırılan icbari hərbi xidmət müddətinin iki ildən bir il yarıma endirilməsi layihəsini müzakirəyə çıxarıb. “Qraparak” yazır ki, layihənin əsaslandırılmasında bildirilir ki, son illər müqaviləli hərbi xidmətin genişləndirilməsi, o cümlədən “Vətənin müdafiəçisi” proqramı, peşəkar çavuş, hərbi qulluqçu sisteminin genişləndirilməsi istiqamətində fəal addımlar atılıb, hərbi qulluqçuların attestasiyası, habelə uzunmüddətli xidmətə görə hərbi təqaüd saxlanılmaqla sərhədyanı rayonlarda müqaviləli xidmət təşkil edilib və buna görə də icbari xidmət müddəti azaldıla bilər. Qeyd edilir ki, guya Müdafiəz Nazirliyində bununla bağlı bəzi yüksəkrütbəli zabitlər etiraz edib, çünki bu, iki il ərzində ordunun sayının 4-5 min nəfər azalacağı anlamına gəlir. Hakim komandadan isə izah edilib ki, sülh müqaviləsi imzalanır və “sülh dövründə bizim hesablamalarımız tam özünü doğruldacaq”. Müxalif nəşr bunu “seçki ərəfəsində populist qərar” adlandırmaqla bərabər, həm də Azərbaycan liderinin tələbi ilə əsaslandırmağa çalışıb. İddia edib ki, bu, Ermənistan ordusunun demilitarizasiyası tələbinin yerinə yetirilməsi istiqamətində addımdır. Daha bir maraqlı məsələ konstitusiya ilə bağlıdır. Ermənistan prezidenti Vaaqn Xaçaturyan bildirir: “Ümumiyyətlə, hakimiyyət konstitusiyanı bütün bu hadisələrdən əvvəl dəyişmək istəyirdi. Mən 2018-ci ildən sonra gəlmiş hakimiyyəti nəzərdə tuturam. Elə dərhal ondan sonra bununla bağlı söhbət açıldı və hətta komissiya yaradıldı. İnsanlar işləməyə, müzakirə etməyə başladılar. Bu, sülh müqaviləsi ilə bağlı deyil. Onsuz da biz sadəcə olaraq konstitusiyanı dəyişməli idik, çünki hazırda işlədiyimiz konstitusiya bir şəxsin ideyası əsasında yaradılıb: Baş nazir olmalı olam Baş nazir”. O, söhbətin Ermənistanın üçüncü prezidenti Serj Sarkisyandan getdiyini qeyd edib.

Xaçatryan bildirib ki, Ermənistanın bu konstitusiyasında hakimiyyət strukturlarının balansı pozulub və buna görə də o dəyişdirilməli idi. Ermənistan prezidenti izah edib ki, konstitusiya bu günə qədər sonrakı hadisələrə görə dəyişdirilməyib: “Çünki 2020-ci ildə müharibə idi, sonra isə baş verən hadisələr var idi. Yəni vaxt olmayıb. 2021-ci ildə növbədənkənar seçkilər idi. Bu, İlham Əliyevin tələblərinə aid deyil”. Eyni zamanda, Ermənistan prezidenti vurğulayıb ki, mövcud konstitusiya Azərbaycanla sülh müqaviləsinin imzalanmasına mane olmur. Lakin Ermənistan müxalifəti fərqli düşünür, prosesin Azərbaycanın diqtəsilə reallaşdığını iddia edir. Xatırladılır ki, Ermənistanla Azərbaycan arasında aparılan sülh danışıqlarında da Azərbaycanın irəli sürdüyü 5 əsas prinsip danışıqların təməlini təşkil edir. Bu prinsiplərə bir-birinin ərazi bütövlüyünün tanınması, sərhədlərin delimitasiyası, daxili işlərə qarışmamaq, regional kommunikasiya xətlərinin açılması və humanitar məsələlərin həlli daxildir. Ermənistan rəhbərliyi uzun müddət tərəddüd etsə də, nəticədə Azərbaycanın şərtlərini qəbul edib. Qeyd edildiyi kimi Azərbaycanın regional siyasətində mühüm yer tutan məsələlərdən biri Zəngəzur dəhlizidir. Bu dəhlizin açılması təkcə Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirmir, həm də Türkiyə ilə quru yolunun formalaşmasına imkan yaradır. Ermənistanın iqtisadi və geosiyasi gələcəyi də bu dəhlizin açılmasından asılıdır. Ermənistan hökuməti əvvəllər bu layihəyə qarşı çıxdığı halda, indi Azərbaycanın və beynəlxalq oyunçuların maraqları fonunda kompromisə gedir. Qarabağ məsələsinin qapanması, sülh müqaviləsinin imzalanması prosesi, sərhədlərin müəyyənləşdirilməsi, Zəngəzur dəhlizinin gündəmdə saxlanılması və beynəlxalq müstəvidə Ermənistanın addımlarının Azərbaycanla razılaşdırılması İrəvanın reallıqla barışdığını göstərir. Azərbaycan hərbi qələbəsini diplomatik müstəviyə də uğurla daşıyaraq, Ermənistanı öz haqlı şərtlərini qəbul etməyə məcbur edib. Bu, regionda yeni güc balansının yaranmasına səbəb olub və gələcəkdə Ermənistanın taleyinin müəyyən olunmasında Azərbaycanın rolunu daha da artıracaq.

Samirə SƏFƏROVA

Избранный
33
baki-xeber.com

1Источники