RU

Neft ucuzlaşır, qızıl isə bahalaşır: İqtisadiyyatımızı nə gözləyir?

Ölkəmiz üçün əsas risk neft qiymətlərinin aşağı düşməsidir. Lakin qızıl kimi qeyri-neft məhsulunun qiymətinin artması bu təsiri bir qədər yumşalda bilər. Neft satışından itirdiyimiz gəlirləri qızıl ixracından bərpa edə bilərik.

ABŞ-də açıqlanan son iqtisadi məlumatlar qlobal əmtəə bazarlarına ciddi təsir göstərib. Qızılın qiyməti rekord qıraraq 3 586 dollar/unsiya səviyyəsinə yüksəlib və bununla da tarixi zirvəni yeniləyib. Son üç ildə həm qızıl, həm də gümüş iki dəfədən çox bahalaşıb ki, bu da geosiyasi risklərin, iqtisadi qeyri-müəyyənliklərin və qlobal ticarətdəki problemlərin “təhlükəsiz liman”a olan tələbi artırması ilə bağlıdır. Paralel olaraq, “Brent” markalı neftin qiyməti isə 2,2% azalaraq 66,14 dollara düşüb. ABŞ Prezidenti Donald Trampın Federal Ehtiyat Sisteminə (FED) yönəlik artan təzyiqləri bazarlarda əlavə qeyri-müəyyənlik yaradıb. “Goldman Sachs”ın proqnozlarına görə, güclü mərkəzi bank alışları və investorların aktivlərini qızıla yönəltməsi fonunda qiymətlərin 2025-ci ilin sonuna qədər 3 700 dollara, 2026-cı ilin ortalarında isə 4 000 dollara çatması mümkündür. Rəqəmlərdən göründüyü kimi dünya bazarında qızıl sürətlə bahalaşır, neft ucuzlaşır. Bu, bizi hara aparır? Ölkə iqtisadiyyatına nə vəd edir?

Dalğalanmalar Azərbaycana da təsir edəcək

İqtisadçı Elçin Əkbərovun sözlərinə görə, dünya bazarlarında qızılın qiymətinin artıb, neft qiymətlərinin aşağı düşməsi Azərbaycana da təsirsiz ötüşməyəcək: “Ölkəmiz həm qızılın, həm də neftin ixracatçısıdır. Artıq bu ildən qızıl ixracı qeyri-neft ixrac məhsullarımız arasında liderdir (2025-ci il, yanvar-iyul: 178.8 milyon dollar). Bu baxımdan qızılın qiymətinin artımı gəlirlərin artımı anlamına gəlsə də, həm də qızıl məmulatlarının idxalatçısı olduğumuz üçün bu, eyni zamanda ölkədən valyuta axınının artımı deməkdir”.

İqtisadçının sözlərinə görə, neft qiyməti büdcə gəlirlərinin hesablanması zamanı 70 dollar/barrel nisbəti ilə nəzərə alındığına görə həddən artıq ucuzlaşma büdcə kəsiri ilə nəticələnə bilər: “2025-ci il üzrə dövlət büdcəmizin gəlir proqnozu 38.36 milyard manatdır. Yəni, büdcə gəlirlərinin 37%-dən yuxarı hissəsi ARDNF transferti hesabına formalaşır”.

“İqtisadiyyatımız təzyiq altında qalacaq”

E.Əkbərovun fikrincə, iqtisadiyyatımızı qorumaq üçün müəyyən addımlar atılmalıdır: “Ölkəmizin qeyri-neft ixracı davamlı şəkildə artmaqdadır, bu, sevindirici haldır. Ancaq artım tempi zəif olaraq qalır. Belə ki, 2025-ci ilin ilk yeddi ayında qeyri-neft ixracı cəmi 2.09 milyard dollar təşkil edib və buraya qeyd etdiyimiz qızıl ixracı da daxildir. Neft-qaz ixracı dollar axınını azaltdıqca, manatın məzənnəsinin qorunması üçün Mərkəzi Bank tərəfindən daha çox intervensiyaya ehtiyac duyula bilər”.
İqtisadçı bu durumda iqtisadiyyatımız üçün yarana biləcək risklərdən də bəhs etdi: “Qızılın qiymətinin qalxması ilə paralel neft qiymətinin enməsi Azərbaycan üçün qarışıq siqnaldır. Ölkəmiz üçün əsas risk neft qiymətlərinin aşağı düşməsidir, lakin qızıl kimi qeyri-neft məhsulunun qiymətinin artması bu təsiri bir qədər yumşalda bilər. Ümumilikdə, qlobal iqtisadi yavaşlamanın Azərbaycana ixrac və investisiya kanalları ilə ötürülə biləcək təhlükəsi var. Neft-qaz gəlirlərinin azalması ilə iqtisadiyyatımız müəyyən qədər təzyiq altında qalacaq”.

Избранный
36
publika.az

1Источники