RU

Toğrul Həsənov: "16 yaşım olanda gözümə Budda göründü"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



O özünü digər insanların onu gördüyü kimi görür, özünü kənardan izləyir və əşyalara əllə toxunmadan hərəkət etdirə bilir. 16 yaşında gözünə Budda görünən Toğrul Həsənov deyir ki, bəzi insanlar bunu şou üçün istifadə etsə də, bu əslində varlıqlar arasındakı rabitədir.
Oxu.az meditasiya ustası İsumla (Toğrul Həsənov) müsahibəni təqdim edir.
- Toğrul bəy, necə oldu ki, mənəvi aləm sizi özünə cəlb etməyə başladı?
- Üç-dörd yaşımdan güzgüyə baxıb üz-gözümü əyirdim. Hiss edirdim ki, mənim içimdə başqa bir varlıq var. Və mənim əsl "mən"im məhz o varlıqdır. Ancaq insanlar mənim əsl varlığımla yox, mənim bədənimlə ünsiyyətə girirdilər. Böyüklərə bu barədə sual verəndə də onlardan heç bir tutarlı cavab ala bilmirdim.
İllər keçdikdən sonra, 16 yaşında Budda mənim xəyalıma, şüuruma gəldi, gözümə göründü. Mən Buddanı araşdırmağa başladım. O dövrdə heç bilmirdim ki, meditasiya nədir. Sadəcə olaraq, Buddanın fotolarını çap edib otağıma asırdım. Mahiyyətini dərindən dərk etməsəm də meditasiya etməyə başladım. Çoxlu xəyallar qururdum, meditasiya edirdim. Əslində, heç bunlara meditasiya da demək olmazdı. Hərbi xidmətdə olduğum dövrdə də meditasiyalara davam edirdim. Hamıdan bir saat tez durub meditasiya edirdim. Hərbi xidmətdən qayıtdıqdan sonra indi həyatda olmayan bir türklə tanış oldum. Onun sayəsində mistik praktikalarla tanış oldum, dərin biliklər əldə etdim.
- Sizi belə demək mümkünsə, məşhurlaşdıran bir videonuz vardı. Həmin videoda əşyalara əlinizlə toxunmadan onları hərəkət etdirə bilirdiniz...
-Bəli, telekineziya... Bunlar mənim üçün startap idi. Mən bununla özümə göstərdim ki, əşyalara əllə toxunmadan hərəkət etdirə bilərəm. Ancaq bu mənim üçün əhəmiyyətli bir şey deyil. Bəzi adamlar bu işlərlə şou üçün məşğul olurlar. Mənim üçün isə bu, bütövlük deməkdir, varlıqlar arasındakı rabitə deməkdir...
- İnsanları maraqlandıran şeylərdən biri də aydınlanma, nurlanma, nirvanadır. Bəs siz nirvanaya çata bildinizmi?
- Bəli, buddist təlimlərində, zen, sufi təlimlərində aydınlanma anlayışı bir-birindən fərqlənir. Bu insandan insana da dəyişir. Aydınlanma meditasiyanın məqsədidir. Mənim aləmimdə aydınlanma öz bədənini, hisslərini, düşüncələrini kənardan seyr edə bilmək, onlara toxunmadan qala bilməkdir. İstənilən situasiyada ətraf aləmdə nə baş verməsindən asılı olmayaraq öz içində toxunulmaz mərkəzi kəşf eləmək, orada sabit qala bilməkdir.
Spiritual yolda dərinləşmək istəyən meditasiya zamanı kiçik oyanmalar yaşayır. Zen təlimində buna satori deyilir. Nirvanaya çatmaq üçün bir neçə satori halına düşürsən. Bu satorilər müntəzəm xarakter daşıyır və bütün bunlardan sonra sən öz varlığının mərkəzinə düşə bilirsən. Bununla da öz emosiyalarından, düşüncələrindən uzaqlaşırsan, onları seyr edirsən... Bir film qəhrəmanı kimi... Sanki bütün baş verənlər sənin daxili dünyana nüfuz etmir. Sanki sən öz həyatını kənardan, misal üçün ekrandan seyr edirsən...
- Özünə kənardan baxırsan...
- Bəli... Özünü kənardan müşahidə edirsən. Necə ki, başqaları səni kənardan müşahidə edir. Ancaq bir fərq var ki, sən öz bədəninin ağrılarını da hiss edə bilirsən. Gərgin spiritual təcrübədən sonra insan başqa bədənlərin də ağrısını hiss edə bilər. Düzdür, bizim fundamental proqramımız belədir ki, hər kəs öz bədənini hiss edir. Ancaq qeyd etdiyim kimi bunu aşmaq da mümkündür. Bu empatiyadan daha dərin hissdir. Meditasiyalar vasitəsilə bu hala düşmək mümkündür. Ancaq bu halda daim qalmırsan, ondan çıxmaq da mümkündür.
21 yaşım olanda belə bir transformasiya halı keçirtdim. Sonra Almaniyaya köçdüm, iki il orada demək olar ki, tək qaldım. Özümdəki bu halı orada daha da dərinləşdirdim.
- Son dövrlərdə elə Almaniyada, Avropanın bir çox ölkələrində, amma ən çox ABŞ-də meditasiyaya, buddizmə, ümumilikdə Uzaq Şərq təlimlərinə ciddi maraq yaranıb. Bunu necə izah edərdiniz?
- Məncə bunun səbəbi inancla bağlıdır. Yəni, əsl spirituallıq nəyəsə kor-koranə inanmağı təbliğ etmir. Bu, ənənəvi təcrübə ilə bağlıdır. Müasir insanlar da məhz buna görə spirituallığa maraq göstərir. Düzdür, Qərb ölkələrində ateizmə meyil də güclüdür. Ancaq insan ruhani varlıqdır, hər nə qədər inanmaq istəməsə də ruhanilikdən də qopmaq istəmir. Budda heç kimi inanca təşviq etmir. O ancaq meditasiyanı təklif edir ki, özün öz həqiqətini axtar. Spiritual yol da insanların maraqlarına cavab verir.
Digər bir tərəfdən isə müasir dünyada internetin varlığı bir çox şeyi dəyişdirir. Əvvəlki dövrdə insanlar Uzaq Şərq təlimlərinə maraq göstərmək istəsələr də bu mümkün deyildi, çünki bu məlumatları əldə etmək çətin idi...
- Fəlsəfədə ilk dəfə XIX əsrin ortalarında yaşayan alman filosofu Artur Şopenhauer Uzaq Şərq fəlsəfi təlimləri haqqında məlumatlı idi. O zamana qədər isə hətta filosoflar belə daosizm, konfutsiançılıq, buddizm haqqında faktiki olaraq heç nə bilmirdilər...
- Bəli, o dövrdə elə ancaq akademik çevrələr bu haqda bilirdilər. Ancaq informasiyanın qarşısındakı maneələr götürüldükdən sonra spiritual biliklər geniş kütlələr üçün də əlçatan olmağa başladı...
- 2018-ci ildə "Netflix"də Oşo haqqında sənədli bir serial yayımlandı. Adı da "Vəhşi diyarlar" - "Wild Wild Country" idi. Bu serial heç də birmənalı qarşılanmadı. Bütün dünyada Oşonun imici belə bu serialla sarsıldı...
- Bu film neytral kimi görünsə də əslində Oşonun neqativ imicini formalaşdırmağa xidmət edirdi. Kadrların ardıcılığından tutmuş musiqi seçiminə qədər hər şey bu məqsədə xidmət edirdi. Mən bu seriala ilk dəfə baxdıqdan sonra Oşoya qarşı olan sevgim artdı. Çünki, mən dərk etdim ki, Oşo bütün bu qalmaqalların içində necə sakit qalıb, öz ruhi sakitliyini qoruyaraq təlimlər keçib. Axı ona qarşı medianın, ABŞ siyasətçilərinin böyük hücumları var idi. Bütün bunların içində o öz ruhi müvazinətini, daxili harmoniyasını qoruyub-saxlaya bilmişdi. Onu qınayanların heç biri bunu bacara bilməzdi.
Oşo elə bir ustadır ki, o insanların qıcıqlanmasına yol açırdı. Həm də yol açırdı ki, insanları süzgəcdən keçirtsin və öz yanında ən qabiliyyətli adamları saxlasın. Oşo özü də deyirdi ki, mənə nifrət etmək istəyən insanlara da, sevmək istəyənlərə də imkan verirəm. Misal üçün 99 "Rols-Roys" alırdı...
- Hə, bu, çox maraqlı məqamdır. Filmdə də bu məqam bir neçə dəfə vurğulanırdı. Doğrudan da, ruhaniyyətdən danışan Oşonun ərəb şeyxləri kimi 99 lüks maşın almasını necə izah etmək olar?
- Düzdür, burada vəziyyət ərəb şeyxlərindən fərqlidir. Oşo kənara çıxmayıb, maşın onun nəyinə lazım idi? Maşını hara sürəcəkdi? Bu, bir növ reklam idi. Maşınlar hamısı da eyni rəngdə idi. Reklamın bir yolu da antireklam idi. Bu antireklamla da Oşo özünə, öz təliminə maraq oyadırdı. Bəzi insanlar da bu maşınlara qarşı öz neqativ reaksiyalarını ortaya qoyurdular...
- Ancaq bu filmdə seksual orgiyaların təsvir edildiyi gerçək videolar da nümayiş edilirdi. Bəlkə də ABŞ cəmiyyətini ən çox qıcıqlandıran məqam da bu idi...
- Oşo özü tantra ustasıdır. Tantra təlimində də cinsi münasibətlər xüsusi yer tutur. İnsanlar nə qədər inkar etsələr də onların hər biri içlərindəki seksual heyvanla yaşayır. Oşo düşünürdü ki, insanın içindəki seksual heyvandan xilas olmasa daxili harmoniyaya çata bilməz. Ona görə də o daxildəki heyvana azadlıq verilməsini təbliğ edirdi. Filmdəki görüntülər də bu məqsədə xidmət edirdi.
- Müasir dövrdə çoxlu yoqa mərkəzləri fəaliyyət göstərir. Onları necə qiymətləndirirsiniz? İşə ümumiyyətlə biznes kimi baxırlar, yoxsa bu haqda kifayət qədər məlumatları yoxdur?
- İşi biznesə çevirməkdə bir problem yoxdur, biz də bu işə biznes kimi baxırıq. Ancaq məsələ ondadır ki, bu adamların bir çoxunun işin incəliklərindən xəbərləri yoxdur, onları biznesdən başqa heç nə maraqlandırmır. Onlar insanları spirituallıqdan kənarda olan şeylərə yönəldirlər. Misal üçün, insanları arzularının əsiri edirlər, deyirlər ki, kosmosa mesaj göndər, yaxşı olacaq. Bir növ kosmos dilənçiliyi edirlər. Halbuki, insan ona verilən nemətlərə şükür etməli, kainatla harmoniyada olmalıdır. Onlar isə kainatı, Tanrını öz maddi istəkləri üçün məşğul və narahat edirlər.
- Bunlar spiritual düşüncəyə zidd şeylərdir...
- Bəli, məsələ də ondadır. Onlar spiritual ad altında maddi sərvət arxasınca qaçır, ruhaniyyət pərdəsi altında maddiyyatı təbliğ edirlər. Yoqa özü dərin bir aydınlanma yoludur, ancaq onlar bunu gimnastikaya çeviriblər, yoqanın fəlsəfəsini izah etmirlər. Müəllimlərin özlərinin də mənəvi aləmlərdən xəbəri yoxdur, o pillələri çıxmayıblar. Yoqada gimnastika mərhələsi var, ancaq bu sadəcə olaraq bir mərhələdir. O mərhələni adlamaq, keçmək lazımdır.
- Burada yoqa ilə tanrtanı bir birindən fərqləndirmək lazımdır...
- Oşo deyir ki, yoqa bitdiyi yerdə tantra başlayır. Yoqada fiziki hərəkətlər var, tantra isə ruhani prosesdir. Tantrada ustad Şiva 112 metod yaradıb. Hər kəsə uyğun metod var. Bu metodlardan kənarda isə heç bir metod yoxdur. Bu metodlarla işləyən insan ruhani oyanışa nail ola bilər.
- Müasir dövrdə bir çox yoqa növləri də var, biznes yoqası, uçan yoqa və s.
- Bu yoqaların heç bir tarixi ənənəsi yoxdur. Onların bir çoxu pul qazanmaq, insan cəlb etmək üçün son dövrlərdə yaradılıb. Bu yoqaların içi boşdur, puçdur...
- Azərbaycanda yoqaya daha çox qadınlar maraq göstərir, kişilər yox... Bunun səbəbi nədir?
- Qadınlar daha çox emosional varlıqlardır, kişilər isə fiziki. Kişilər daha çox nəticəyə baxır, qadın isə mənəvi zövq ala bilir. Ruhaniyyət məsələsində konkretlik yoxdur, kişilər isə daha çox konkretlik sevirlər. Misal üçün kişi deyir ki, idman zalına gedib, üç ayda bu nəticəni qazanım...
- Bəziləri sufiliklə Uzaq Şərq təlimlərinin bir-birinə yaxınlığını qeyd edirlər...
- Həqiqət birdirsə, həqiqət yolçuları da eyni nəticələri əldə edəcəklər...
- Yaxın Şərqdə dəhşətli hadisələr qeydə alınıb. Ancaq Hindistan, Çin, Yaponiya kimi ölkələrdə bu barədə vəziyyət son dərəcə rəvan və sakitdir...
- Deməzdim ki, onların inkişafı daoizmlə, buddizmlə bağlıdır. Xeyr, onlar kommunizm və digər ideologiyalar ilə bu sistemi yaradıblar. Mən hesab edirəm ki, ruhani təlimlər, ruhaniyyət bütün kütlə üçün deyil. Kütləni ruhaniyyətlə idarə etmək olmaz. Bir çox insanlar məhz qorxu ilə idarə olunmalıdırlar. O insanlar öz ruhani tərəfləri ilə yox, heyvani kökləri, instinktləri ilə yaşayırlar. Bu tipli insanlar ruhani gözəlliyi dərk etmir, anlamırlar. Onlar ancaq qorxduğu halda yaxşı yaşaya bilərlər. Ona görə də belə kütləyə din lazımdı, konstitusiya lazımdı. Ona görə də Çin, Yaponiya olsun onlar ruhani təlimlərlə idarə oluna bilməzlər. Ruhani təlim süzgəcdən keçmiş insanlar üçündür, hamı üçün deyil.
- Eyni sözləri meditasiya haqqında da demək olarmı?
- Meditasiya da potensial olaraq hamı üçün olsa da real olaraq hamı üçün deyil. Çünki, heç də insanların hamısı özünə vaxt ayırmır. Özünü özünə vaxt ayıracaq qədər sevmir, dəyər vermir. İnsanlar ətrafa, başqalarına zaman ayırır, ancaq özünə yox. Özünə vaxt ayırmaq, özünü sevmək deməkdir. Fikir verin, bəzi insanlar tək qalanda darıxır, başqasına ehtiyac duyur. Axı necə ola bilər ki, başqası sənə sənin özündən daha maraqlı olsun?
Bir dəfə taksi sürücüsü ilə söhbət eləyirdim. Dedim ki, əvvəl gözəllik salonunda saç ustası işləyirdim, yaxşı gəlirim var idi. Ancaq mən bütün bunlardan imtina edib ruhaniyyət yoluna qədəm qoydum. Ancaq, o məni başa düşmədi. Deyirdi ki, yaxşı pul varsa, nəyin dalınca getmisən? Nə qədər izah etsəm ki, bəs məni düşündürən suallar var, ideyalar var, həyatın mənası var, başa düşmədi. Deyirdi ki, salonda yaxşı pul varsa, gərək oradan çıxmazdın.
- Deməli, o taksi sürücüsü meditasiya üçün uyğun şəxs deyil...
- Bəli, elədir... O adam üçün maraqlı deyil ki, bu həyat niyə var, o niyə yaranıb, həyatının məqsədi nədir, məramı nədir?!
- Maraqlı söhbətə görə minnətdaram...
- Mən də təşəkkür edirəm.
Qan Turalı
Избранный
12
1
oxu.az

2Источники