Sia Az portalından alınan məlumata görə, ain.az xəbər verir.
"Space TV"də qanunvericiliyin pozulması ilə əlaqədar olaraq kanalın yayımı sentyabrın 16-da saat 08:00-dan 14:00-dək 6 saat müddətinə dayandırılacaq. SİA xəbər verir ki, bu barədə Audiovizual Şura məlumat yayıb.
Məlumata görə, sentyabrın 11-də kanalın efirində yayımlanan "Xəbərin izində" proqramının aparıcısı Səidə Bəkirqızı Ağdamda 16 yaşlı məktəbli qıza qarşı baş vermiş cinsi zorakılıq hadisəsini təqdim edərkən və şərh edərkən "Media haqqında" Azərbaycan Respublikasının Qanununun 14.1.4-cü və 14.1.9-cu maddələrinin tələbləri pozulub.
Şura aparatının monitorinq və təhlil şöbəsi aparıcının çıxışını ayrıseçkiliyi təbliğ və nifrət çıxışı kimi qeydə alıb və hüquqşünaslar tərəfindən pozuntu faktı təsdiqlənib.
Audiovizual Şura qeyd edib ki, aparıcının cinayət hadisəsini şərh edərkən hadisənin baş verdiyi bölgə və əhalisi haqqında xoşagəlməz fikirlər səsləndirməsi, cinayətin təfərrüatlarını emosional şəkildə təqdim etməsi və yaşayış məntəqəsi ilə əlaqələndirməsi qanunvericiliyə və jurnalist etikasına uyğun olmayıb.
Qeyd olunub ki, redaksiya aparıcının səsini məhdudlaşdırsa da, efirə gedən hissədə kifayət qədər pozuntu və nifrət nitqi halları qalıb. Həmçinin, proqramın həmin hissəsinin sosial şəbəkələrdə paylaşılması da jurnalistikanın peşəkarlıq prinsiplərinə uyğun hesab edilməyib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.