Rusiyalı dietoloq Marjana Jutova koreya mətbəxinin məşhur yeməklərindən biri olan tokpokkidən düzgün istifadə qaydaları barədə danışıb.
90deqiqe.Az-ın məlumatına görə, onun sözlərinə görə, son illərdə Asiyada olduğu kimi Avropa və Rusiyada da populyarlıq qazanan bu yemək dadlı olsa da, qida dəyəri baxımından ciddi məhdudiyyətlərə malikdir.
Tokpokkinin tərkibi əsasən düyü unu ilə hazırlanan və yüksək qlikemik indeksə (80-90) malik düyü kolbasaları, kəskin bibər pastası (qocucan/kochujang), soya sousu, sarımsaq və şəkərdən ibarətdir. Əlavə olaraq tərəvəzlər, dəniz məhsulları, toyuq, yumurta, pendir və tofu istifadə oluna bilər.
Potensial faydaları
kəskin ədviyyatlarda olan kapsaisin maddəsi mübadiləni sürətləndirir və yüngül termogen effekt yaradır;
iştahanı artırır və həzm prosesini stimullaşdırır;
kəskin və şirin dad müvəqqəti psixoloji rahatlıq gətirir.
Risklər
Mütəxəssis qeyd edir ki, yüksək miqdarda rafinə olunmuş karbohidrat, şəkər və duz (bir porsiyada 1500-2000 mq-a qədər natrium) tokpokkinin tez-tez istifadəsini təhlükəli edir. Hazır paket məhsullarında isə əlavə olaraq konservantlar və dad gücləndiricilər olur.
Kimlərə olmaz?
Tokpokki aşağıdakı kateqoriyalara aid şəxslər üçün tövsiyə edilmir:
Mədə-bağırsaq xəstəlikləri (qastrit, xora, reflüks, qıcıqlanmış bağırsaq sindromu);
Hipertoniya və ürək-damar xəstəlikləri (duzun çoxluğu səbəbindən);
Şəkərli diabet (yüksək qlikemik indeksə görə);
Uşaqlar, hamilə və süd verən qadınlar;
Piylənmə və ödemə meyilli şəxslər (bir porsiyada 400-600 kkal).
Necə daha sağlam etmək olar?
Dietoloq tövsiyə edir ki, tokpokki yalnız ev şəraitində, az duz və şəkərlə bişirilsin, mütləq tərəvəz və az yağlı protein (toyuq filesi, dəniz məhsulları, tofu) əlavə olunsun. Pendir və yağlı ətlərdən istifadə məhdudlaşdırılmalıdır.
“Tokpokkini nadir hallarda, həftədə bir dəfədən çox olmamaq şərtilə, balanslaşdırılmış menyunun bir hissəsi kimi qəbul etmək olar. Əsas prinsip qadağa deyil, düzgün adaptasiya olmalıdır”, — deyə Jutova bildirib.