RU

Azərbaycanda hava kəskin dəyişdi Əhalinin gözlədiyi cavab gəldi

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Sentyabrın ilk ongünlüyündə havanın kəskin soyuması narahatlıq yaratdı. Azərbaycanın bəzi bölgələrində qeydə alınan güclü qar yağışı və temperaturun enməsi vətəndaşları qayğılandırıb. Bu, qarşıdan gələn sərt qış şəraitində kommunal xidmətlərin fəaliyyətinə dair suallar doğurur. Hazırda ən çox maraq doğuran məsələ odur ki, ölkəmizin kommunal xidmətləri qışın sınaqlarına nə dərəcədə hazırlıqlıdır?

Məsələ ilə bağlı Globalinfo.az aidiyyəti qurumlara sorğu ünvanlayıb.

Sorğumuza cavab olaraq, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti bildirib ki, intensiv yağışlarda kanalizasiya kollektorlarının yuyulması, baxış quyuları və yağış barmaqlıqlarının təmizlənməsi müntəzəm aparılır:

“Rayonlarda qəza briqadaları da operativ şəkildə fəaliyyət göstərir. Lakin kollektorların daşıma qabiliyyəti məhduddur və güclü leysanlarda yüklənmə baş verə bilər. Bakı şəhərinin Baş Planı -2040 çərçivəsində yağış sularının ayrı sistemlə toplanması, yeraltı anbarlarda yığılması və filtrasiya olunaraq suvarma və istehsalda istifadəsi planlaşdırılır”.

“Azəriqaz” İstehsalat Birliyindən isə qeyd olunub ki, hər il olduğu kimi, bu il də “Azəriqaz” İB 1 may tarixindən etibarən payız-qış mövsümünə hazırlıq işlərinə başlayıb:

“Hazırlıq çərçivəsində yeraltı qaz xətləri yerüstü dayaqlara qaldırılıb, korroziyaya uğramış borular yenilənib, xətlərdə kipliyə davamlılıq yoxlanılıb, qaz tənzimləyici şkaflar test edilib, boya və digər texniki işlər görülüb. “Azəriqaz” abonentlərin payız-qış aylarında fasiləsiz və təhlükəsiz qazla təmin olunması üçün hazırlıqları demək olar ki, tamamlayıb”.

Qurumun məlumatına görə, təbii qazın alınmasından şəbəkəyə ötürülməsinə qədər bütün mərhələlər nəzarətdədir və problemlər gözlənilmir.

“Ümid edilir ki, bu mövsümdə də abonentlər mavi yanacaqdan etibarlı şəkildə faydalana biləcəklər”.

“Azəristiliktəchizat” ASC-dən isə bildirilib ki, mövsüm başa çatdıqdan dərhal sonra növbəti mövsümün başlanmasına qədər hazırlıq işləri davam etdirilir:

“Hazırda da yüksək səviyyədə hazırlıqlar gedir. Yeddi qazanxana sökülərək yenisi ilə əvəzlənir. Magistral və məhəllədaxili xətlər hidravlik təzyiqlə yoxlanılır. Cəmiyyətin balansında olan 80 mindən çox avadanlıq payız-qış mövsümünə hazırlıq çərçivəsində saz vəziyyətə gətirilir”.

Zaira Akifqızı

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
56
globalinfo.az

1Источники