RU

Qurban Qurbanov axtardığını tapdı - Yeni hücumçunu tanıyın!

Bildiyiniz kimi, ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ"ın hücumçu axtarışları bir bəhrə vermədi.

Nəticədə komanda nüfuzlu yarışa Nəriman Axundzadə və Musa Qurbanlı hücum tandemi ilə getməli oldu.

Amma Qurban Qurbanov durumla barışmaq fikri yoxdur.

Yeni hücumçu alınmadı, bəs düşərgədə olanlar?

Zaman-zaman təcrübəli mütəxəssisin bir mövqeyin oyunçusunu başqa zonada sınadığını və müsbət nəticə əldə etdiyini görmüşük.

Məsələn, nə Reynaldo, nə də Juninyo Ağdam klubuna hücumçu kimi gəlməmişdi.

Lakin zamanla forvarda çevrilib, klub tarixində önəmli yer ala bildilər.

Deyəsən, bu dəfə eyni təcrübə ən son transfer Kamilo Duran üzərindən yoxlanır.

Kolumbiyalı karyerası ərzində sağ-sol vinger kimi çıxış edib.

Qurbanov isə ona yeni hücumçu gözü ilə baxır.

Hər halda 23 yaşlı legionerin "Zirə" ilə son matçda hücumun sivir ucunda çıxış etməsi bunu deməyə əsas verir.

Komandaya qol lazım olsa da ehtiyatda olan faktiki yeganə hücumçu Musa Qurbanlını belə meydana buraxmayıb, 90 dəqiqə Durana güvənməyin başqa izahı yoxdur.

Bəs Cənub amerikalı həmin 90 dəqiqədə gələcəyə nə vəd etdi?

Düzdü, fərqlənə bilmədi, ancaq hücumçu instinkti olmasını sezmək çətin deyildi.

Hər hansı real qol fürsəti yaxalamadı, amma özü cərimə meydançasının içində varlığını göstərə bildi.

Tiaqo Silvanın əla oyunu olmasaydı adına qol da yazdırmış olacaqdı.

Nəzərə alaq ki, "qartallar" sıx qapanan, yaxşı müdafiə olunmaq bacarığına sahib kollektivdir.

Belə rəqiblə görüşdə varlığını göstərmək müsbət haldır.

Bir sözlə, ilk fürsətdə Duran müsbət siqnallar verə bildi.

Zamanla hücumun sivir ucunda "Qarabağ"a kömək edə biləcəyini göstərdi.

Kim bilir, bəlkə də bu günün Duranı sabahın Reynaldosu, Juninyosudur.

Təbii ki, bizim yazdıqlarımız ehtimallar, gözləntilərdir. Ən doğrusunu isə zaman göstərəcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Избранный
42
sportinfo.az

1Источники